SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin yüksəlməsinin ardından hərbi əməliyyatların dayandırılmasından sonra artıq yaxın həftələrdə real danışıqlara başlanacaq".
 
Bunu "Report"a açıqlamasında rusiyalı politoloq Sergey Markov deyib.

"ATƏT-in Minsk qrupu Ermənistan və ya Azərbaycana, daha çox da Ermənistana təzyiq göstərəcək ki, Dmitri Medvedevin prezident olduğu dönəmdə əldə edilmiş Kazan razılaşması ölkələr tərəflərindən yerinə yetirilsin", - deyə S.Markov bildirib.

Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsi ilə əlaqədar sualı cavablandıran politoloq bu məsələnin kifayət qədər uzun müddətə təxirə salınacağını bildirib: "Üstəlik, bu və ya digər mənada sənədlər Dağlıq Qarabağın beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ərazisi kimi tanındığını göstərir. Bu Kazan formulu da ATƏT-in Minsk qrupu tərəfindən davam etdiriləcək. Daha çox təzyiq Ermənistan rəhbərliyinə olacaq. Ermənistan və Azərbaycan hakimiyyəti isə vətənpərvər ritorikalı çıxışları ilə vətəndaşları hər iki tərəfdən edilmiş güzəştlə əldə edilmiş kompromisin hazırkı məqamda hər iki tərəf üçün faydalı olduğuna inandırmağa çalışacaq. Bu baxımdan daha çox Ermənistan rəhbərliyi çalışmalı olacaq. Bu, hətta Ermənistanın siyasi sistemində bəzi problemlərə də gətirib çıxara bilər".

S.Markov indi vəziyyətin müvəqqəti kompromisin əldə olunmasına çox yaxın olduğunu qeyd edib. O bildirib ki, bu, bir tərəfdən yüz minlərlə azərbaycanlının doğma yurdlarına qayıda bilməsinə, digər tərəfdən isə Ermənistan iqtisadiyyatının azad və təcriddən qurtulmuş şəkildə inkişafına imkan verəcək.
"Yadda saxlamaq lazımdır ki, ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya ABŞ və Fransa ən güclü erməni diasporunun olduğu ölkələrdir. Bu ölkələrdə erməni diasporların böyük təsir qüvvəsi var. Əlbəttə ki, onlar bu ölkələrin mövqelərinə təsir göstərir və elə buna görə də yeni danışıqlar həyata keçirilir. Amma Rusiya Minsk qrupunun həmsədri olan yeganə ölkədir ki, orada güclü erməni diasporuyla yanaşı, güclü Azərbaycan diasporu da var. Buna görə də ABŞ və Fransayla müqayisədə Rusiya daha balanslı mövqe nümayiş etdirir", - deyə rusiyalı politoloq bildirib.

S.Markov Ermənistanın Azərbaycana silah satmamaqla bağlı Rusiya etdiyi çağırışa da münasibət bildirib. Onun sözlərinə görə, Rusiya Azərbaycana silah satmasa, Azərbaycan da sadəcə, silahları digər təchizatçılardan alacaq.

Politoloq Rusiyanın son iki il ərzində Azərbaycana 4 milyard dollar məbləğində silah satdığını, Ermənistana isə 200 milyon dollar məbləğində pulsuz silah verdiyini qabardıb: "Belə təchizatı regionda hərbi qüvvələri artırır və müharibəni mümkün vəziyyətə gətirir. Lakin digər tərəfdən silah tədarükü Rusiyanın Azərbaycan və Ermənistanla strateji tərəfdaşlığını gücləndirir".
 
BAKU.WS