VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna rəsmi olaraq ölkəmizin ərazi bütövlüyünü dəstəkləyərək Azərbaycanın tərəfini tutub.

Bu barədə açıqlamanı Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba verib:

“Bizim ərazi bütövlüyümüzü dəstəklədiyiniz kimi, biz də Azərbaycanın ərazi bütövlüyünü davamlı olaraq dəstəkləyirik. Bu prinsip bizim üçün dəyişməz olaraq qalır”.

Hazırda Ukrayna Ermənistanda olan səfirinin ölkədən çıxarıla biləcəyini istisna etmir. Hər halda, ekspert cəmiyyəti belə bir ssenarini istisna etmir.

Ukraynanın tanınmış hərbi mütəxəssisi, ehtiyatda olan polkovnik və Ukrayna Baş Qərargahının əməliyyat idarəsinin keçmiş əməkdaşı Oleq Jdanov Media.Az-a verdiyi müsahibəsində Ukraynanın yeni Milli Təhlükəsizlik Strategiyasında Azərbaycanın strateji tərəfdaşı kimi göstərildiyini qeyd edib.

“Bu yaxınlarda telefon danışığında Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski bu barədə danışıblar.

İndi Qarabağdakı Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatlar başlayandan sonra siyasətçilərin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir. Başqa cür ola da bilməz, çünki ölkəmizdə də oxşar problemlər var və siyasi mənada vəziyyət dalana dirənib, “Minsk prosesi” adlanan bir bataqlıqda oturmuşuq. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü daima dəstəkləyib və Ukrayna da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək”, - deyə Oleq Jdanov bildirib.

“Bu gün Bakı bir nümunə göstərir. Ölkə əks-hücuma hazır olub və bunu uğurla həyata keçirir. Və hər kəs tərəfindən tanınan beynəlxalq hüquq tamamilə sizin tərəfinizdədir. Hazırkı müharibəni yalnız azadlıq müharibəsi adlandırmaq olar. Nəinki Ukrayna siyasətçiləri, eyni zamanda ictimaiyyətin əksəriyyəti Azərbaycanın tərəfindədir. Beynəlxalq hüquqa, BMT qətnamələrinə və Avropa strukturlarının qərarlarına əsaslanan dövlətin mövqeyi, prezidentin mövqeyi var”, - deyə Oleq Jdanov qeyd edib.

- Azərbaycanda bu müharibə Vətən müharibəsi adlanır...

- ...Və tamamilə doğrudur! Azərbaycan ərazisinin 20 faizi işğal altındadır, Vətən müharibəsi deyilmi? Və bu, ölkənin ərazi bütövlüyünü bərpa etmək adı altında insanları fədakarlığa sövq edir. Hərbi əməliyyatların gedişatına gəlincə, mən qəfil bir dönüşün olacağını görürəm. Erməni tərəfi növbəti atəş və təxribatı nəticəsində Azərbaycan ordusunun belə güclü əks-hücuma keçəcəyini gözləmirdi.

İndi əsas məsələ nəinki hücum sürətini saxlamaq, həm də hər şeydən əvvəl cəbhə xəttini lazımi olanlarla təmin etməkdir. Digər mövzu isə silahlanmadır. Son günlərdə Azərbaycanın pilotsuz təyyarələrdən istifadə etməsini nümunə gətirmişəm. Erməni tərəfinin mövqelərində super müasir sistemlərə rast gəlinməyib.

Köhnə Sovet “Osa” kompleksləri var. Azərbaycan həm aviasiya, həm də quru qoşunlarında texniki təchizatda aydın şəkildə üstünlüyə malikdir. Xüsusilə raket qüvvələrində. Azərbaycanın işğal altındakı ərazisini tam dərinliyi ilə idarə etməsinə imkan verən “Polonez” (çoxsaylı raket sistemi - red.), İsrailin əməliyyat-taktiki kompleksləri və s. var. Bu, çox vacibdir, çünki tədarük yollarını bağlasanız, düşmənin sadəcə mübarizə aparacaq bir şeyi olmayacaq.

- Azərbaycanda təhlükəsizliklə bağlı tədbirlər görülüb, internetin sürəti azaldılıb və bir çox sosial şəbəkələr bloklanıb. Bu, hərbi baxımdan əsaslıdırmı?

- Əlbəttə! Bu, informasiya sızmasının qarşısını almaq üçün əks hücum əməliyyatında vacib amildir.

Oksana Yusifova

BAKU.WS