SİZİN REKLAM BURADA!
055 213 76 73


"Pikap"ların müharibə məqsədləri üçün mülkiyyətçilərdən alınması qanunda nəzərdə tutulub, orası doğru (başqa ölkələrdə də var). Amma polisin gördüyü iş düzgün deyil".

BAKU.WS xəbər verir ki, bunu deputat Erkin Qədirli bildirib. "Bunu belə etməzlər. Öncə gərək Prezident səfərbərlik elan etsin (səfərbərlik yalnız şəxslərə deyil, onların mülkiyyətinə də aid oluna bilir). Prezident bunu etməyib. Odur ki, polis bu kontekstdə qanunu pozur. Polis bunu həmin maşınları qeydiyyata almaq üçün edirsə, onun daha asan və rahat yolu var (başqa ölkələrdə olduğu kimi). "Pikap"ların və bu sayaq avtomobillərin qeydiyyatı alqı-satqı və ya bağışlanma mərhələsində olmalıdır".

Onu sözlərinə görə, bu mərhələdə avtomobil polis qeydiyyatına alındığı kimi, eyni zamanda (vahid elektron sistemdə) hərbi qeydiyyata da alınmalıdır. "Belə olan halda dövlət üçün də rahat olar, mülkiyyətçilər üçün də", - deyə Erkin Qədirli əlavə edib.

Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi "Pikap" tipli avtomobillərin YPX postlarında saxlanılmasının səbəbləri barədə məlumat yayıb.

Xatırladaq ki, DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumatda "Pikap" tipli avtomobillərin YPX postlarında saxlanılması ilə əlaqədar bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 4 aprel tarixli 96 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi nəqliyyat vasitələrinin uçot qaydaları"na əsasən silahlı birləşmələrə və xüsusi birləşmələrə vaxtında, keyfiyyətli və tam həcmdə təqdim edilməsi məqsədilə hərbi nəqliyyat vasitələrinin texniki vəziyyətinin plan üzrə Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi və nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan digər təşkilatlar ilə birlikdə yoxlanılması nəzərdə tutulur.

"Pikap" tipli və texniki imkanları onlara uyğun olan digər xüsusi təyinatlı nəqliyyat vasitələri Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıdakı yüksək keçidli avtomobillərin kateqoriyasına aid olduqlarına görə həmin nəqliyyat vasitələrində yolsuzluq şəraitində istismar sistemlərinin texniki müayinəsi, nəqliyyat vasitələrinin uçot-qeydiyyat göstəricilərinin dəqiqləşdirilməsi və istifadə olunduqları ərazinin (şəhər, qəsəbə, kənd) müəyyən edilməsi məqsədilə stasionar postlarda saxlanılır və bu haqda sahiblərinə məlumat verilir".

BAKU.WS