SİZİN REKLAM BURADA!
055 213 76 73


21 sentyabr 2020-ci il tarixinə olan məlumata görə, dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb.

BAKU.WS xəbər verir ki, COVID-19-a yoluxma ilə əlaqədar Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib.

Mövcud vəziyyət ölkədə təhsil müəssisələrinə gedən şagirdləri koronavirusa yoluxma riski ilə üz-üzə qoyub. Sosial şəbəkədə müzakirələr zamanı bir çox valideyn övladlarını məktəbə göndərməkdən qorxduğunu bəyan edib. Məktəblərdəki yoluxmalar tədris sisteminin yenidən fəaliyyətinin dayandırılmasına səbəb olmalıdırmı? Bu suala cavab tapmaq üçün tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət etdik. 

Doktor BAKU.WS-ə bildirdi ki, istənilən halda təhsili dayandırmaq olmaz: "Təhsil hansısa formatda davam etməlidir. Yaxşı olardı ki, ibtidai sinif şagirdləri təmaslı təhsilə davam etsin. Bu gün yoluxma potensialı ictimai nəqliyyat açıldığı üçün olacaq. Çünki insanlar situasiyanı iqnor edirlər, karantin davranışlarına riayət etmirlər. Sizi əmin edirəm ki, yoluxma olan məktəblərdə karantin davranışlarına riayət olunmur.

Səhər avtobuslara diqqət etsək görərik ki, bəzi sürücülərin ağzında maska burunları açıq olur. Sərnişinlərin isə bir qismi maska taxmır, bəzisi yarımçıq taxır, bəzisi qoluna və dirsəyinə taxır. Əlbəttə ki, bu şəkildə yoluxma potensialdır.

Koronavirus mutasiyaya uğrayaraq gedir və onun klinik gedişi də dəyişir. Elə xəstə olur ki, klinik vəziyyəti yaxşıdır, qızdırması azdır, lakin virus ağ ciyərdə öz işini görüb. Belə hallara çox rast gəlinir.

Məktəblərdə karantin davranışlarına ciddi nəzarət lazımdır. Məktəblərin dezinfeksiyası, müəllim kollektivinin karantin göstərişlərinə əməl etməsi, məsafə saxlamaq, əllərin dezinfeksiyası, maskadan istifadə mütləq olmalıdır. Bu qaydalara riayət olunmayanda yoluxmalar baş verir.

Düşünürəm ki, məktəbləri bağlamaq və sərt karantin tədbirlərinə getməkdənsə, karantin davranışlarına riayət olunmalıdır. İsveçrə təcrübəsi göz önündədir, biz də bundan yararlanmalıyıq".

Orxan Hüseyn
BAKU.WS