VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kütləvi yoluxmaya görə bağlanan Şəkinin "bazar" adlanan ərazisində polis nəzarəti gücləndirilib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ərazidə mütəmadi olaraq xidmət aparılır. Satıcıların əmlakının qorunması, eləcə də təhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirlər həyata keçirilir. Polis naryadları tərəfindən bazar ərazisində müəyyən edilən müddət ərzində günün 24 saatı xidmət aparılacaq, ümumən bazarın, eləcə də satıcılara məxsus bazarın daxilindəki malların tam mühafizəsi təmin ediləcək.

Bu gün səhər saatlarından etibarən “Şəki Bazar” ərazisində dezinfeksiya işlərinə başlanılıb.

Xatırladaq ki, Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq sakinlərin COVİD-19 infeksiyasına yoluxması hallarının qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktik tədbirlərin görülməsinə baxmayaraq, “Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin koronavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində son günlərdə 12 nəfərin qeyd olunan virusa yoluxduğu aşkar edilib. Baş verən bu halın risk mənbəyi olduğu nəzərə alınaraq bazarın ərazisində müvafiq sanitar-epidemioloji tədbirlərin görülməsi məqsədi ilə bazar 18 sentyabr 2020-ci il tarixdən etibarən Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara uyğun olaraq 3 gün müddətində karantinə bağlanıb, yəni bu müddət ərzində bazarın fəaliyyəti bütünlüklə dayandırılıb.

BAKU.WS