SİZİN REKLAM BURADA!
055 213 76 73


Aylar əvvəl sizlərə şəhərin mərkəzində uçulub-tökülən bir məhəllədən süjet hazırlayıb təqdim etmişdik. O zaman bizə rəsmi qurum tərəfindən bildirilmişdi ki, tezliklə ora baxış keçiriləcək.

Baku Tv yenidən çəkiliş qrupu ilə həmin əraziyə baş çəkib və məsələnin nə yerdə qalması ilə bağlı araşdırma aparıb.

Bir neçə ay əvvəl Səbail rayonu 20-ci sahə Yüzbəy Mürsəlov küçəsi, ev 5 ünvanında yaşayan sakinlərin qarşılaşdığı təhlükə ilə bağlı çəkiliş etdik. Hansı ki, yaşadıqları evlərin onların məzarına çevrilə biləcəyinin şahidi olmuşduq. Ötən çəkilişimizdə 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin mühəndisi Vəli Əliyev bizi əmin etmişdi ki, məsələdən xəbərləri olmayıb. Lakin bundan sonra lazımi tədbirlər görüləcək. Çəkiliş qrupu bu gün deyilən və verilən sözlərin nə dərəcədə doğru olduğunu yoxlamaq üçün həmin əraziyə üz tutub.

“Yox, təbii ki. Heç kim gəlib maraqlanmadı. Heç kim narahat deyil. Elə bil ki, hüquqi dövlətdə yaşamırıq, anarxiyada yaşayırıq”, - deyə sakin bildirib. 

Digər sakin də təkrar edib ki, başqa heç kim gəlib maraqlanmır: "Şikayətimizi eşidən yoxdur. Hər gün də evlərimizdə uçma olur. Qır başımıza tökülür”.

Bu deyilənlərdən və ən əsası gördüklərimizdən sonra yada düşən tək şey, məşhur el məsəli oldu: “Köhnə hamam, köhnə tas”.

Bu yerdə bir sual yaranır, dövlət qurumu bizimi aldadır, özünümü? Uzun sözün qısası, hər şeyi dəqiqləşdirmək üçün üz tutduq 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinə. Hansı ki, sözü gedən qəzalı bina bu qurumun balansındadır.

Aydın oldu ki, aidiyyətli qurum nə o zaman, nə də indi məsələnin ciddiliyini hələ də tam dərk etməyib. Ən azından şahid olduqlarımız bunu deməyə əsas verir. Bu insanları bu vəzifəyə gətirən dövlətimiz ümid edirik ki, tezliklə barələrində tədbir görəcək. Əks halda bu və bu kimi laqeyd dövlət qurumları öz məsuliyyətsiz davranışları ilə onlarla vətəndaşımızın faciəsinə vəsilə olacaq.

BAKU.WS
VİDEO