SİZİN REKLAM BURADA!
055 213 76 73


“Bu gün - sentyabr ayının 17-də Milli Məclisin payız sessiyası çərçivəsində İnsan hüquqları komitəsinin ilk iclası oldu. İclasda bir sıra məsələləri qabartdım. Xüsusilə də sosial şəbəkələrin tənzimlənməsi haqqında qanunun qəbul edilməsinin vacibliyini söylədim. Bildirdim ki, bu gün sosial şəbəkələrdə insanların şərəf və ləyaqəti alçaldılır, işgüzar nüfuzuna xələl gətirilir və bu halda heç bir məsuliyyət daşımırlar”.

BAKU.WS xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

“Eyni zamanda, bu kontekstdə söylədim ki, sosial şəbəkələrdə cürbəcür dezinformasiyalar yayılır. Yəni müxtəlif dezinformasiyanı həqiqət kimi yayırlar. Elə bu kontekstdə söylədim ki, mənə daxil olmuş məlumata əsasən, guya Əfv Komissiyasında kimlərisə müdafiə etmək üçün hətta deputatın sürücüsü də müəyyən imkanlara malikdir.

Bu informasiyanı mən söylədim, amma eyni zamanda bunu sosial şəbəkələrdəki dezinformasiya kontekstində söylədim. Bildirdim ki, bu kimi məlumatlar daxil olur. Mən şəxsən buna inanmıram, buna çox böyük şübhə ilə yanaşıram və güman edirəm ki, bu da dezinformasiyadır. Amma istənilən halda belə bir məlumat daxil olub", - deputat bildirib.

E.Nəsirov bu məsələni növbəti dəfə araşdırdığını və hələ ki, bu faktların təsdiqini tapmadığını qeyd edib: "Görünür, bu da müəyyən insanların sosial şəbəkələrdə və digər yerlərdə müxtəlif üsullarla yaydığı dezinformasiyadır. Buna görə də, həmkarlarımdan narahat olublarsa, üzr istəyirəm. Millət vəkilinin vəzifəsi narahatedici məsələləri qabartmaqdır, onu müzakirə predmetinə çevirməkdir”.

BAKU.WS