VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məlumdur ki, koronavirus pandemiyası bütün dünyada tüğyan edir. İqtisadiyyata böyük zərbə vuran bu pandemiya incəsənət sahəsindən də yan keçməyib.
BAKU.WS toylarda iştirak edən yerli məşhurların hazırkı fəaliyyəti ilə bağlı sorğu keçirib. Həmin sorğunu sizə təqdim edirik:

Xalq artisti Səməd Səmədov - “Mən hazırda bağdayam. Yoldaşım da mart ayından mənimlə bağda qalır. Vəziyyətimiz çox pisdir. Heç bir gəlirimiz yoxdur. Ailəm, uşaqlarım yaşım çoxdur deyə efirlərə də buraxmırlar. Amma sağ olsunlar, televiziyalarda köhnə kadrları verirlər. İkinci dalğa gəlir, yenidən hər yer bağlanır. 7 nəvəmin canı üçün nə biznesim var, nə də əlavə gəlirim. Bir neçə il idi, toylara da getmirdim, pul yığmamışdım. Övladlarım da Moskvadadır. Bir sözlə, vəziyyətimiz çox pisdir. Cavan qızlara, oğlanlara ürəyim ağrıyır. O, 200-300 manata işləyən hamı işsiz qaldı”.

Müğənni Kərim Abbasov - Sorğuya cavabı meneceri Yusif Hüseynov verib: “Kərim evdə oturub. Heç bir yerdə işləmir. Yığdıqlarını yeyib, indi də dostdan-tanışdan, qohumdan borca pul alır, qaytaracaq”.

Müğənni Səidə Sultan - “Toy yoxdur, heç nə, oturmuşuq evimizdə... Sənətimiz oxumaqdı, başqa nə işlə məşğul ola bilərik ki?! Anam sağ olsun, idarə edir. Bir də “instagram”da keçirilən “Giveaway”lərdən qazanırıq”.

Xalq artisti Nazpəri Dostalıyeva - “Toy yoxdur, yeni mahnılarımız, layihələrimiz üzərində işləyirəm. Mən İncəsənət Universitetində illərdir ki, işləyirəm. Heç vaxt oradan aldığım maaşa dəyməmişəm. Karta yığılıb, indi də bala-bala xərcləyirəm”.

Əməkdar artist Abbas Bağırov - “Heç bir işlə məşğul olmuram, hazırda məşhurluğuma görə müəyyən şirkətlər var ki, onlarla işləyirəm. Yəni, reklamlardan qazanıram. Heç bir biznesim, əlavə gəlirim yoxdur. Gəlirim o qədər də deyil, amma hələ ki müəyyən sıxıntılarımı idarə edir”.

Müğənni Nura Suri - “Bir müddət öncə işə düzəlmişəm. Tikinti şirkətində ictimaiyyətlə əlaqələr və reklam müdiri vəzifəsində işləyirəm”.

Müğənni Şəbnəm Tovuzlu - “Toy yoxdur, həyat yoldaşım qazanır, mən də yeyirəm. Mağazam var idi, onu da bağlamışam, heç yerdə işləmirəm. Ərim var, şükür Allaha! Elə əvvəllər də o edirdi hər şeyi, indi də o edir. Yeni mahnılar üzərində işləyirəm, klip çəkdirdim, 3 yeni mahnı çıxardım, fotosessiya etdirdim. Axırıncı mahnımı da yoldaşım 6 min dollara aldı”.

Müğənni Nazənin Salayeva - “Toy yoxdur, ailəmlə, uşaqlarımla vaxt keçirirəm. Mən həmişə ailəmə bağlı insan olmuşam. Şükür Allaha, həyat yoldaşım var, ailəmizi dolandırır. Özüm də vaxtında özümə gün ağlamışam. Yığdıqlarımı xərcləyirəm”.

BAKU.WS