VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ölkədə xoşbəxt olmaq əslində o qədər də çətin məsələ deyil. Bircə dəfə "instagram" hesablarına baxmaq bəs edir ki, hər kəsin necə mutlu-məsud yaşadığını görəsən. Hətta 3 uşaq anası da bu qədər problemin arasında ən azından dəniz sahilində ayaqlarını bumeranqla çəkməyi özünə borc bilir.

Kimi də hər gün gəzdiyi restoranlarda qəhvəsi ilə müasir pozlarını verir. Hələ bədən şəkilləndirmə bıçağının altından keçən gözəlçələrin gözümüzə soxduğu məlum yerlərindən danışmıram. Qısası, "instagram"da kasıbı da, varlısı da xoşbəxtdir. Hətta deyərdim ki, "instagram"a baxanda gözümə heç kasıb da dəymir.

Keçmiş məmur Hikmət Babayev təbiri olmasın, hansı kasıb gedib bahalı restoranlarda kokteyl içməyini və ya təbiətin qoynunda, 5 ulduzlu lüks nömrələrdə uzaqlara dalmış, romantik fəlsəfi pozlarda şəkil paylaşar e? Bəs bu qədər xoşbəxt insanın Vətənində hər gün rastlaşdığımız, qaraqabaq, əsəbi, deyingən adamlar hardandır axı? Yoxsa sosial mediadan üzümüzə gülümsəyənlər saxtadır?

Metrolar da təzəcə açılıb. Sıxlıq pik həddədir. DYP əhalini avtobuslardan az istifadə etməyə çağırır. Əslində, onlar da haqlıdır. Avtobuslarda camaat o qədər mehribanlaşır ki, axşam evdə arvadını qucaqlamağa da həvəsi qalmır. Bir də görünür bizim qayğımıza qaldıqları üçün bu təklifi veriblər. Çalışın, piyada gəzin. Sağlamlığa xeyri var.

"Instagram" üçün ürəyim gedir. Orada hamı xoşbəxtdir. Oradakılara baxanda mənə elə gəlir ki, onlar heç ömründə bir dəfə də olsun avtobusa minməyiblər. Elə qızlı-oğlanlı gözlərini o lüks maşınlarda açıblar.

Amma ömrü avtobuslarda keçənlərsə o qədər sıxlaşıb mehribanlaşırlar ki, mövzu növbəyə gələndə heç kəs ara məsafəsini saxlaya bilmir. İnanmırsınızsa, bircə dəfə bulvarda gəmi gəzintisinə olan növbəni müşahidə edin. Mən hələ endirimlərə görə geyim mağazasının qarşısında az qala bir-birinin ətini yeyən, tapdalayan, saçını yolan xanım müştərilərdən danışmıram. Ümumiyyətlə, bizdə növbə mədəniyyəti anlayışı, “kim birincidir”ə hesablanıb sanki. Hamı sıraya düzülüb növbəsini gözləmək əvəzinə birinci olmaqdan ötrü əlləşir. Hərçənd nəticə eynidir. Neyləyək, aşıq eşitdiyini çalar.

"Instagram" üçün hayıl-mayılam. Çünki orada bədbəxt heç kəs yoxdur. Heç orada növbə gözləyən də yoxdur. Orada hamı səyahət biletinin şəklini çəkir.
Ay bacı, həmcinslərini bu ölkədə xəyanət, qısqanclıq adı altında ərləri, qardaşları qətlə yetirir. Onlar başqa planetdə deyil, sənin ölkəndə, yaşadığın şəhərdədirlər, bəlkə də, elə qonşundurlar.

Xanım qız, ən bahalı restoranın tualetində, ətəyini qaldırıb yeni əməliyyatdan çıxmış sinəni də önə çəkib güzgü önündə selfilər edirsən. Bəs gölləri, təbiəti tualetə, zibilxanaya çevirənlərdən necə, xəbərin varmı? Hələ şirin su ehtiyatlarının azalması problemi... Əlbəttə, səni ekologiyanın pozulmasından daha çox, bu gün həmin restoranda pullu qaqaşla tanış olub, sabah onu necə sağmaq sualı daha çox düşündürür. Sənə bu təbiət zəncirindən danışmağım da gülünc olar, bəlkə. Amma necə bir təhlükə ilə üz-üzəyik, xəbərin varmı?

Bircə dəfə də bu problemlərin həllinə diqqət çəksəniz, əziz blogerlər... Yoxsa, doğrudan da, hamı xoşbəxtdir? "Instagram"dakı kimi...

Yeganə Həsənova
BAKU.WS