SİZİN REKLAM BURADA!
055 213 76 73


Sentyabrın 15-dən yeni tədris ili başlayır. Xəbər verildiyi kimi bu tədris ilində birinci və dördüncü siniflər məktəblərə gedəcəklər. Nəzərə alsaq ki, ölkədə koronavirus təhlükəsi hələ də davam edir və yoluxmaların sayı 100 nəfərdən çoxdur, burada uşaqlar da real yoluxma mənbəyi ola bilər.

Qeyd edək ki, Azərbaycanda uşaqların koronavirusa yoluxanların sayı 11 faiz təşkil edir. Yaş qrupları üzrə yoluxma isə belədir – 0-9 yaş – 5%, 10-19 yaş – 6%.

Mütəxəssislər də bizi qarşıda təhlükəli vəziyyətin gözlədiyini bildirirlər.

Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın Baş pediatrı Nəsib Quliyev BAKU.WS-ə bildirib ki, uşaqların kollektiv arasında təmas halları genişlənir.

“Havalar soyuyur, orqanizmi möhkəmləndirilməmiş uşaqlarda xəstəliyə yoluxma ehtimalı artmış olur. Ona görə də özümüzü bu təhlükələrdən qorumaq üçün hazırlığımızı davam etdirməliyik. Hər kəs bilməlidir ki, xəstəlikdən qorunmağın birinci üsulu orqanizmi möhkəmləndirməkdir. Eyni zamanda qoruyucu rejimə də ciddi nəzarət etmək lazımdır”.

Bəzi sosial şəbəkələrdə, o cümlədən də ÜST-də bildirilmişdi ki, 12 yaşa qədər uşaqların maska taxması məsləhət deyil.

N.Quliyev də həmin fikirlərlə razılaşıb.

“Uşaqların temperaturu yoxlanılaraq dərsə buraxılacaq. Əgər bunlarda heç bir problem yoxdursa, onda böyüklər maska taxmaqla uşaqları qorumuş olurlar.

Hər kəs maska istifadə edəndə özündən daha çox qarşısındakını qorumuş olur. Belə qərara gəlinib ki, kiçik uşaqlar maska taxmasınlar.

Çünki onlar gigiyenik qaydaları bilmirlər, maskanı tez çirkləndirirlər. Bunun xeyrindən daha çox zərəri olur”.

Baş pediatr deyir ki, koronavirus təhlükəsi bütün yaş qrupundakı uşaqlar üçün realdır:

“Uşaqların hamısı risklidir. Ölüm halına az rast gəlinsə də, çox ağır fəsadlar ola bilir. Ona görə də bütün yaş qrupunda olan uşaqları qorumalıyıq”.

Ziya SƏCCAD
BAKU.WS