SİZİN REKLAM BURADA!
055 213 76 73


Almaniyanın “Volkswagen” avtomobil istehsalçısı Çinin şərqində yerləşən Xefey şəhərində sürücüsüz nəqliyyat vasitələrinin sınaqlarına başlamaqla bağlı planlarını açıqlayıb. Bu, Almaniya şirkətinin dünyanın ən böyük avtomobil bazarında ilk sürücüsüz avtomobillər testi olacaq.

BAKU.WS “ICTnews”a istinadən xəbər verir ki, Çin əksər avtonom nəqliyyat vasitəsi brendləri üçün populyar sınaq meydançasına çevrilib. Ölkənin müxtəlif şəhərlərində “Toyota” tərəfindən dəstəklənən “Pony.ai”, “Baidu” və “Didi Chuxing”, eləcə də “Nissan” tərəfindən dəstəklənən “WeRide” kimi şirkətlərin avtonom avtomobillərinin testləri keçirilir.

Çində ən böyük xarici avtomobil istehsalçısı olan “Volkswagen” şirkətinin bəyanatına görə, Xefeydə avtonom idarəetmə texnologiyasını dəstəkləyən “Audi e-tron” elektromobillərinin sınaqlarına sentyabrda başlanılacaq. Testlər ictimaiyyət üçün 2021-ci ildən etibarən açıq olacaq.

Mayda “Volkswagen” Çinin “Anhui Jianghuai Automobile Co” (JAC) qrupunun elektromobillərin buraxılışı üzrə dövlət törəmə şirkətinin səhmlərinin 50 faizinin alışına 1 milyard avro investisiya yatıracağını bəyan edib. Bundan başqa, Almaniya şirkəti elektromobillərin istehsalı üzrə Xefeydə yerləşən “JAC” birgə müəssisəsi üzərində tam nəzarəti ələ alaraq orada payını 50 faizdən 70 faizədək artıracaq.

Bundan əlavə, “Volkswagen” Çində “China FAW Group Corp Ltd” və “SAIC Motor Corp Ltd” dövlət şirkətləri ilə birgə müəssisələrə malikdir.

BAKU.WS