SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Müdafiə naziri Serqey Şoyqunun ölkəmizə işgüzar səfər edəcəyi xəbəri yayılar-yayılmaz diqqətlər bu istiqamətə çevrildi. Nəhayət, rus nazirin maraqla gözlənilən səfəri baş tutdu və artıq Şoyqu Bakıdadır.

Rəsmi şəkildə Şoyqunun səfərinin Beynəlxalq Ordu Oyunları çərçivəsində Azərbaycanda keçirilən “Dəniz Kuboku”nun açılış mərasimində iştirakla bağlı olması bildirilsə də, siyasi ekspertlərin fikrincə, bu adi bir səfər kimi qiymətləndirilə bilməz.

Çünki, rəsmi Bakı Rusiyadan öz mövqeyinə aydınlıq gətirməsini istəyir. Bu baxımdan, ikitərəfli münasibətlərindəki yaranmış son vəziyyət yəqin ki, Şoyqu ilə ciddi müzakirə olunacaq.

Ekspertlərin fikrincə, “Dəniz kuboku”na İran və Qazaxıstanın pandemiya səbəbindən qoşulmaması da diqqət çəkir. Çox güman ki, hər iki ölkə hava yolları vasitəsilə Ermənistana silah daşınmasına şərait yaratdıqlarına görə, bu məsələ ilə bağlı yaranacaq suallardan ehtiyat edib və yarışa qatılmamaq qərarına gəlib. Bununla belə Şoyqunun Azərbaycana səfəri nəbz yoxlaması məqsədi daşıyır. Kreml rəsmi Bakının Türkiyə ilə hərbi əməkdaşlığı hansı həddə qədər inkişaf etdirəcəyini yerindəcə öyrənmək istəyir.

Qarşılıqlı səfərlərin bir-birini əvəzlədiyi bir vaxtda sabah xarici işlər naziri Ceyhun Bayramovun Rusiya tərəfinin dəvətilə rəsmi Moskva səfərə yollanması da geniş müzakirə olunmaqdadır. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov “Qarabağ münaqişəsinə dair danışıqların tezliklə bərpasına ümid edirik və Minsk Qrupu üzrə partnyorlarımızla bu məsələ üzərində işləyirik” deməklə həm də Ceyhun Bayramovla görüşdə müzakirə olunacaq mövzulardan birinə eyham vurmuşdu.

Görünən odur ki, Türkiyə Azərbaycan əməkdaşlığının getdikcə geniş vüsət alması Rusiyanı narahat edir. Ona görə də Kreml bu istiqamətdə hərəkətə keçib və Azərbaycan kimi tərəfdaşını itirməməyə çalışır. Qarşılıqlı görüşlərin əsas məqsədlərindən biri məhz aradakı soyuqluğu aradan qaldırmaqdır.

BAKU.WS
VİDEO