SİZİN REKLAM BURADA!
055 213 76 73


Koronavirus pandemiyası dövründə dini mərasimləri hər bir insan öz evində, öz ailəsi çevrəsində keçirsə, daha məqsədəuyğundur. Məhərrəmlik mərasimlərinin keçirilməsində də karantin qaydalarına əməl etməliyik.

BAKU.WS xəbər verir ki, bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.

Ş.Həsənli bildirib ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin fətvası da var:

“Məlum olduğu kimi, koronavirus pandemiyası səbəbindən biz xüsusi karantin rejimində yaşayırıq. Bu karantin rejimi artıq bir neçə aydır ki, tətbiq edilib. Bu gün bütün dünya bu qaydalarla yaşamağa məcburdur, əks halda virus insan tələfatına səbəb ola, həmçinin insanların sağlamlığına ağır zərbə vura bilər.

Bu səbəbdən hətta bu il müsəlmanlar üçün vacib əməllərdən sayılan Həcc ziyarəti də baş tutmadı. Bu baxımdan biz Ramazan ayında olduğu kimi Məhərrəm ayında da karantin qaydalarına əməl etməliyik. Qafqaz Müsəlmanları İdarəsinin Məhərrəm ayı ilə bağlı fətvasında da bildirilir ki, bu il Məhərrəm ayı karantin qaydalarına uyğun şəkildə qeyd olunmalıdır, məscidlərdə kütləvi mərasimlər keçirilməməlidir.

İnsanlar mərasimləri öz evlərində ailəsi ilə birgə keçirməlidirlər. Bu, həm karantin qaydalarına uyğundur, həm də dinimizdə bunu qadağan edən hər hansı bir hökm yoxdur. Bununla bağlı biz insanlara dəfələrlə müraciət etmişik və yenə də müraciət edirik ki, virusun yayılmasının qarşısının alınması üçün bütün bu tələblərə riayət etməlidirlər və bu tələblərin də heç biri bizim dinimizlə ziddiyət təşkil etmir”.

Ş.Həsənli vurğulayıb ki, insanların özlərini və ətrafındakıları qoruması həm də İlahi qaydalara uyğun bir davranışdır:

“Ümid edirik ki, qısa müddətdə bu bəla çəkiləcək, insanlar normal həyatına qayıdacaq. İnsanlar bir qədər səbr etsinlər və bu səbləri ilə də Allah yanında mükafat qazanmış olarlar. İnsanların sağlamlığını təhlükə altına atmaq, əlbəttə ki, günahdır, hətta insan etinasızlıq səbəbindən başqalarının ölümünə səbəb olarsa, onun ölümünə görə məsuliyyət daşıyır”.

BAKU.WS