SİZİN REKLAM BURADA!
055 213 76 73


Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib. Qərara əsasən, bundan sonra ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azaddır. İndiyə qədər bu şərt ümumi gömrük dəyəri 1500 ABŞ dollarından (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dollarından) artıq olmayan mallara aid edilirdi.

BAKU.WS xəbər verir ki, həmçinin, bundan sonra beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 dollarından artıq olmayan mallar gömrük rüsumundan azaddır. 

İndiyə qədər bu şərt ümumi gömrük dəyəri 1500 ABŞ dollarından (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dollarından) artıq olmayan mallara aid edilirdi. Bundan sonra beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 800 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. İndiyə qədər bu məbləğ 1 000 ABŞ dolları idi.

Mövcud qərarların sadə vətəndaşlar və şirkətərə necə təsir edəcəyi geniş müzakirə olunan məsələrdən biridir. Bununla bağlı sosial şəbəkədə müxtəlif fikirlər səsləndirilir. BAKU.WS olaraq iqtisadçı ekspert Rəşad Həsənova müraciət etdik və ondan real situasiyanı dəyərləndirməsini istədik. 

Ekspert bildirdi ki, bu, birmənalı şəkildə vətəndaşların fərdi istehlak məqsədilə malların idxalı və alması imkanlarını məhdudlaşdıran bir qərardır: "Hesab edirəm ki, indiki halda qərarın qəbul ediməsinə ehtiyac yox idi. Qərar böyük ehtimalla böyük formada həm fiskal yükün müəyyən qədər gömrük gəlirləri hesabına kompensasiya edilməsi istiqamətində bazanın genişləndirilməsinə hədəflənib.

Digər tərəfdən ölkədən valyuta çıxışının məhdudlaşdırılmasını müəyyən qədər nəzərdə tutur. Eyni zamanda uçotun dəqiqləşdirilməsi və s. məqamları nəzərdə tutur. Lakin böyük ehtimalla iki əsas məsələ var ki, onları da qeyd etdik.

Vətəndaşların bu imkanlarının məhdudlaşdırılması mövcud imkanlar daxilində daxili bazarlarda hardasa qiymət artımlarını şərtləndirə bilər. Tələbin daxili bazara yönəlməsi ilə məhsul əlçatanlığını müəyyən qədər çətinləşdirəcəkdir. Bu özü də qiymətlərin artımına gətirib çıxara bilər".

Rəşad Həsənov qeyd etdi ki, mövcud qərar xüsusilə sərhəd bölgələrində yaşayan və xırda ticarətlə məşğul olan ailələrin gəlirlərinə ciddi şəkildə neqativ təsir göstərəcək: "Təxminən iki dəfə bu ailələrin gəlirləri azalacaq. Çünki məsələyə sadəcə pandemiya dövründə baxmaq lazım deyil. Hazırda hərəkət məhdudlaşdırılsa da, qadağalar olmadığı vəziyyətdə sərhəd bölgələrindəki ailələrin əhəmiyyətli hissəsinin gəlirləri bu mənbələr hesabına formalaşırdı.

Vətəndaşlar nisbətən lüks kateqoriyalı məhsulları hansısa formada fərdi şəkildə ən azından region ölkələri Türkiyə, Gürcüstan, İran və Rusiyadan mütəmadi olaraq Azərbaycana gətirə bilirdilər. Xaricə gedənlərin böyük əksəriyyəti eyni zmanda səfər zamanı özünün müəyyən qədər tələbatını ödəmək üçün müəyyən elektrik avadanlıqlar və s. gətirirdi ki, bu da onların xərclərinin bir qismini kompensasiya edirdi. Bu, ailə büdcələrinin daha rahat şəkildə idarə edilməsinə şərait yaradırdı. Lakin yeni qərar bu istiqamətdə bütün imkanları məhdudlaşdırır".

Ekspertin fikrincə, mövcud vəziyyətdə şirkətlərin fəaliyyətinə daha rahat şərait yaranacaq: "Ola bilər ki, müəyyən qədər fərdi sifarişlərin azalması, xüsusilə poçt və karqo vasitəsilə azalması baş versin. Daxildə həmin təlabatın artması şirkətlər səviyyəsində karqo ilə daşınan məhsulların dövriyyəsinin artmasını şərtləndirəcək. Bu, daşımada, karqoda ciddi gəlir itkisinin yaranmasına gətirib çıxarmayacaq.

Amma tədarüklə məşğul olan şirkətlər var ki, onlar məhsulların pərakəndə satışını təşkil edirdilər. Həmin şirkətlərin dövriyyəsi nisbətən daha da genişlənəcək. Bu isə onlarn qiymət siyasətinə təsir göstərə bilər. Çünki tələbin artması eyni zamanda daha rahat qiymət siyasəti həyata keçirmək üçün şirkətlərə şərait yaradacaq. Daxili bazarlarda müəyyən qədər qiymət artımı üçün daha əlverişli mühit yaranacaq.

Nəzərə almaq lazımdır ki, Azərbaycan bazarı heç də liberal bazar deyil. İnhisarçılıq burada çox geniş yayılıb. Xüsusilə idxal məshulları sferasında kəskin formada özünü təzahür etdirir".

Orxan Hüseyn
BAKU.WS