SİZİN REKLAM BURADA!
055 213 76 73


Lerikdə 15 yaşlı qızla cinsi əlaqədə olan və onu hamilə buraxan şəxslə bağlı bəzi detallar üzə çıxıb.

Bu barədə zərərçəkənin vəkili Sehran Əkbərov BAKU.WS-ə danışıb.

O bildirib ki, bu işdə təqsirləndirilən məktəb müəllimi, 60 yaşlı Məmmədov Şəfahət 1 il azadlıqdan məhrum edilsə də, bununla qətiyyən razı deyillər:

“Tərəflər arasında münasibətlər 2018-ci ilin yay aylarından başlayıb. Burada əsas cinayət odur ki, 16 yaşına çatmayan bir şəxslə cinsi əlaqə baş verib. Bu məsələdə tərəfin uşaq olmasından istifadə edərək ona qarşı seksual hərəkətlər qeydə alınıb. Yəni 9-cu sinif şagirdinin uşaq olmasından istifadə edərək məktəbin rus dili müəllimi onun namusunu əlindən alıb.

10 may 2003-cü il tarixli bir qızcığaz 1960-cı il təvəllüdlü müəllimi tərəfindən aldadılaraq seksual xarakterli hərəkətlərə məruz qalıb. Bu olay kəndin ərazisində baş verib. Hadisənin üstü qızın hamilə olması üzə çıxdıqdan sonra açılıb. Hazırda qızcığaz hamiləliyin son günlərini yaşayır və uşaq doğulmaq ərəfəsindədir.

Məhkəmə müəllimə bir il həbs versə də, hələlik bu qanuni qüvvəsini almayıb. Bu qərardan apelyasiya şikayəti vermişik. Lerik rayon Məhkəməsinin hakimi ona bir il cəza versə də, biz bununla razı deyilik. Qanunvericilikdə belə bir hallara qarşı 3 ilədək həbs nəzərdə tutulur. Biz zərərçəkmiş tərəf olaraq son həddi – 3 il həbs olunmasını istəyirik.

Öz şagirdinə qarşı bu hərəkətləri edən müəllimin ağır cəzalandırılması ictimai əhəmiyyət kəsb edir. Belə şəxslər ağır cəzalandırılmalıdır ki, ictimaiyyət bundan ibrət götürsün. Gələcəkdə belə halların baş verməsinin qarşısı alınmalıdır. Bu cür addım atan şəxsə qarşı bir il həbs cəzası başqaları üçün də fürsət yarada bilər”.

Qeyd edək ki, 9-cu sinif şagirdinin hamilə qalması ilə bağlı məsələni “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ictimailəşdirib. Onun sosial şəbəkədəki paylaşımından sonra 15 yaşında düşüncəsi zəif olan uşağın məktəb müəllimi olan 60 yaşlı Məmmədov Şəfahət tərəfindən münasibətə girərək hamilə qalması mətbuatda işıqlandırılmağa başlanılıb.

BAKU.WS