VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 5-dən Azərbaycanda karantin rejimində müəyyən yumşalmaların olacağı gözlənilir.

BAKU.WS xəbər verir ki, mümkün yumşalmalara ilkin mərhələdə xırda ticarət obyektlərinin açılması, növbəti mərhələdə isə iri ticarət mərkəzləri və “mall”ların fəaliyyətini bərpa etməsi ehtimal olunur.

Qeyd edək ki, Azərbaycanda ticarət mərkəzləri ilə bağlı qadağaların götürülməsindən sonra sahibkarların bir neçə ay işləməməsi və gəlirlərini kompensasiya etməli olduğunu nəzərə alsaq, onların qiymət artımına getməsi istisna deyil. Mövcud vəziyyətdə sahibkarları birmənalı qınamaq mümkün olmasa da, alıcıların baha məhsullar alması da qəbuledilməzdir.

Yarana biləcək vəziyyətdən çıxış yollarını müəyyənləşdirmək məqsədilə iqtisadçı ekspert Rəşad Həsənova müraciət etdik. O, BAKU.WS-ə bildirdi ki, qiymətlərin müəyyən qədər artması mümkündür: “Qiymətin artması ehtimalları yüksəkdir. Ən azından bu istiqamətdə təzyiqlər vardır. Çünki faktiki olaraq bir sıra istiqamətlər üzrə fəaliyyət məhdudlaşdırılıb. Amma bunun əvəzində son aylarda heç bir kompensasiya ödənilməyibdir.

Bilirsiniz ki, kompensasiyalar xüsusilə iri sahibkarlıq subyektləri üçün əməkhaqqı fonduna dəstək məqsədilə məhz iki aylıq nəzərdə tutulmuşdu. Amma nəzərə almaq lazımdır ki, qiymətin formalaşmasında tək bir faktor prosesə təsir göstərmir.

İndiki halda qiymətin formalaşması üçün tələbin həcmi əhəmiyyətli olacaq. Çünki əhali öz alıcılıq gücünü əhəmiyyətli dərəcədə itirib. Alıcılıq gücünün itirilməsi isə, əksinə, indiki halda qiymətlərin aşağı düşməsi istiqamətində təzyiq formalaşdırır.

Təbii ki, qiymətlərin müəyyən qədər artması mümkündür. Çünki bazar o qədər də şaxələnmiş və liberal deyil. Bir sıra istiqamətlərdə inhisarın olması, bir neçə şirkətin ümumilikdə götürəndə Azərbaycanın təchizat bazarında dominantlığı müəyyən qədər qiymətlərin artırılması üçün əlverişli şərait yaradır”.

İqtisadçı ekspertin fikrincə, burada digər faktor dünya bazarlarında müşahidə edilən məhsullar üzrə qiymət artımlarının Azərbaycana idxal olunma ehtimalıdır:

“Amma indiki şətlər daxilində qiymətlərin sərt şəkildə artması ehtimalı yüksək deyil. Həm postpandemiya dövründə, həm də karantin rejiminin yumşaldılmasından sonrakı yaxın dövrlərdə qiymətlərin kəskin şəkildə artmasının qarşısını almaq və qiymətlərin adekvatlığını təmin etməyin əsas yolu məhz bazarda liberal şəraitin, rəqabətli fəaliyyət mühitinin yaradılmasıdır.

Hökumətin əlində müəyyən alətlər var və bundan istifadə edə bilər. Xüsusilə zəruri tələbat məhsulları üzrə gömrük rüsumları və vergi kimi alətlərdən, eləcə də məhsulların bazarda təklifini tənzimləmək məqsədilə həm yerli istehsalda, həm də idxalda mexanizmlərdən istifadə etməklə təklifi bollaşdıra, son nəticədə qiymətlərin optimallaşmasına müyyən qədər nail ola bilər.

Nəzərə almaq lazımdır ki, pandemiya dövründə Azərbaycan vətəndaşı, biznesi, dövlətin özü belə alıcılıq gücünü əhəmiyyətli dərəcədə itiribdir. Bu şərtlər daxilində qiymətlərin artması son nəticədə ailə büdcələrinin ciddi şəkildə dəyərsizləşməsinə və yoxsullaşmaya doğru aparan bir prosesə gətirib çıxara bilər.

Qeyd etdiyimiz imkanlardan istifadə etməklə hökumət bu istiqamətdə gözlənilən riskləri mümkün qədər minimuma endirməyə çalışmalıdır”.

Orxan Hüseyn
BAKU.WS