SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuz döyüşlərində şəhid olan qəhrəman igidlərimizdən biri də şəhid İlqar Zeynallıdır.

BAKU.WS xəbər verir ki, hərbi həkim kimi vətənimizin müdafiəsində onun da xüsusi payı olub.

Ömrünün 7 ilini döyüş səngərlərində keçirən şəhid gizirimiz bu illər ərzində ön xətdə neçə-neçə hərbçi yoldaşlarının həyatını qurtarıb.

Atası Ayaz Zeynallı deyir ki, oğlunun hərbidə çalışmasını daim istəyib: "Şəhidimizin də ən böyük arzularından biri hərbi sahədə işləmək olub. Həkim kimi bacarıqlarını məhz vətən səngərində yerinə yetirib mərd, qəhrəman şəhidimiz. Rəhmətlik qardaşımın adını daşıyırdı İlqar. O həm də mənə qardaş idi. Məni İlqara bağlayacaq çox səbəblər var idi.

Bütün həyat yolu səngərlərdə oldu. Xidmətə başladığı gündən şəhid olan günədək səngərdə, ön cəhbədə xidmət etdi. Hər bir ata kimi mənim üçün də ağırdır. Amma neyləmək olar. Vətən sağ olsun. İşğal altında olan torpaqlarımızı qorumaq üçün bizim qeyrətli oğullarımız olmalı idi. İlqar da onlardan biri idi”.

İlqar Zeynallı ölümündən bir neçə gün əvvəl, daha dəqiq desək, iyul ayının 9-u 25 yaşını qeyd edib. Sabahı gün yenidən cəbhəyə xidmətə yollanıb. Sonuncu mesajı iyul ayının 13-ü şəhidlik zirvəsinə ucalmamışdan bir neçə saat öncə yazıb. Son mesajında "narahat olmayın, hər şey yaxşıdır", - sözləri yazılmışdı.

“9 iyul ad günü idi. Ailəliklə təbrik etdik. Komandirləri bilib ki, ad günü idi, evə buraxdılar. Sabahı yenidən hərbi xidmətə getdi. Sonuncu dəfə iyulun 10-da gördüm onu. Cəhbəyə yola salanda, açığı, inanmırdıq, İlqara nəsə olar. Çünki bundan öncə aprel döyüşlərində iştirak etmişdi. Sonuncu mesajı isə bu oldu ki, evdəkilərə denən, hər şey qaydasındadır”, - deyə şəhidin atası əlavə edib. 

İndi çox sayda şəkilləri, qəlblərdə yaşayan adı qaldı şəhidimizin. Bu gün Tovuz rayonunun Cəlilli kəndində hər kəs İlqarın adını dərin hörmət və ehtiramla yad edir. Vətən üçün qəhrəman, xalq üçün ölməz olan İlqar Zeynallı.

Allah rəhmət eləsin.

BAKU.WS
QALEREYA