SİZİN REKLAM BURADA!
055 213 76 73


“Cənab Prezident, mən Sizi əmin etmək istərdim ki, bu gün burada səsləndirdiyiniz bütün fikirlər, Xarici İşlər Nazirliyinin fəaliyyətinə dair qeyd etdiyiniz bir sıra nöqsanlar və ölkəmizin strateji maraqlarının təmin edilməsi yönündə əsas istiqamətlər və vəzifələrlə bağlı olaraq sistemli və davamlı fəaliyyətin təmin edilməsi, həmçinin qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlmək üçün əlimdən gələn bütün səyləri əsirgəməyəcəyəm".

BAKU.WS xəbər verir ki, bunu Ceyhun Bayramov iyulun 16-da Xarici İşlər naziri təyin olunması ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən videoformatda qəbul edilərkən deyib.

Yeni nazir bildirib ki, həm Xarici İşlər Nazirliyinin mərkəzi aparatının, eyni zamanda, bütün diplomatik nümayəndələrimizin və səfirliklərimizin birgə işi təmin ediləcək:

"Siz qeyd etdiyiniz kimi, bu sahə mənim üçün yeni olsa da, qısa müddət ərzində bütün bacarığımı və biliklərimi bu işə yönəldərək, vəziyyəti daha dərindən təhlil edəcək, bir sıra təklifləri diqqətinizə təqdim edəcəyik.

Əsas məqsəd ölkəmizin strateji maraqlarının təmin edilməsi, onların qorunmasıdır. Fəaliyyətimizi son illər ərzində ölkəmizin Sizin rəhbərliyinizlə artan beynəlxalq imicinin və nüfuzunun daha da möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın sözünün daha da gur eşidilməsi istiqamətində quracağıq.

Mənə göstərdiyiniz yüksək etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Bütün səylərimi qarşıya qoyulan vəzifələrin icrasına, Sizin qeyd etdiyiniz məsələlərin sistemli şəkildə həllinə yönəldəcəyəm”.

BAKU.WS