SİZİN REKLAM BURADA!
055 213 76 73


Hazırda bütün dünya COVİD-19-la mübarizəni davam etdirməkdədir. Tibb adamları insanları bu bəladan tez bir zamanda xilas etmək üçün xəstəliyə qarşı ən effektiv müalicə üsulunu axtarırlar. Lakin bu virusa yoluxub sağalan insanlar da az deyil. Bəs maraqlıdır, bu virusu keçirən insanların orqanizmində sonradan hər hansı bir fəsadlar qalırmı?

Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramı maraqlı süjet hazırlayıb.

Nahid Məhərrəmov – Terapevt: “Ağciyərin kiçik bir payını zədələyibsə və yaxud da ki, ağciyərin aşağı paylarında kiçik bir qismini zədələyibsə, o zaman o insanlarda gələcəkdə heç bir şəkildə, heç bir narahatlıq olmaya bilir”.

Tibb işçiləri bildirirlər ki, bu, yeni bir virus növü olduğundan bu xəstəliyin qalıcı fəsadları haqqında dəqiq məlumat vermək o qədər asan deyil. Lakin buna yaxın ağciyər xəstəliklərindən nəticə çıxararaq müəyyən fikirlər söyləmək olar. Bu fəsadlar hər bir şəxs üçün fərdi xarakter daşıyır. Ehtimal olunur ki, asma və digər agciyər xəstəliyi daşıyıcılarının yaşadığı oxşar problemlər koronavirusdan sağalmış insanlarda da qala bilər.

Nabil Seyidov – İSİM-in şöbə müdiri: “COVİD-19-la bağlı yox, digər infeksiyalarda, məsələn, kierdes (red: ağciyərin 2 tərəfli infeksiyası) olan xəstələrdə tədqiqatlar göstərir ki, ağciyərlərin uzun müddətli fibrozlaşması, yəni çapıqlanması baş verir və bu çapıqlanma nəticəsində həmin xəstələrdə ağciyərlərin ümumi tənəffüs həcmində azalma baş verir”.

Qalıcı fəsadlardan ən çox təsadüf olunanı təngnəfəslikdir ki, bu da daha çox çəkisi artıq olan insanlarda daha sıx müşahidə edilir.

Nahid Məhərrəmov – Terapevt: “Əgər ağciyərdə böyük bir qisim zədələnibsə və zamanla adam inkubə olunubsa, yəni aparata qoşulubsa, həm də oksigen balonlarından istifadə edibsə, bu adamda yanaşı gedən digər xəstəlik də olubsa, o zaman ola bilər ki, gələcəkdə bu adamlarda qalıcı şəkildə təngnəfəslik, halsızlıq, hərəkət zamanı ürəkdə çırpınma, istilərdə nəfəs darlığı olsun”.

Adil Qeybulla – Həkim: “Ağciyərdəki fibroz sahəsindən asılı olaraq xəstələrdə ağciyər çatmazlığı ola bilər. Elə xəstə var ki, bu, fiziki yük zamanı daha çox ortaya çıxa bilər, elə xəstə var ki, o, adi gəzintidə və yaxud da sakit oturan vaxtı müşahidə edilir. Bu, ağciyər sahəsinin nə qədər zədələnməsindən asılıdır”.

Ekspertlər həmçinin bildirirlər ki, bu cür insanlar uzun müddət ağır işlərdə işləyə bilmir, fiziki aktivlikləri aşağı düşür.

Adil Qeybulla – Həkim: “Böyrəklərin zədələnməsi xroniki böyrək çatmazlığına gətirib çıxara bilər. Təbii ki, immun sisteminin çox güclü reaksiyası və orqanizmin vuruşması koronavirusu uzun keçirən xəstələrdə zəiflik yaradır, orqanizm özünü toparlayana, immun sistem özünü tam normaya salana qədər orqanizmdə bir zəiflik, halsızlıq qalır”.

Nabil Seyidov – İSİM-in şöbə müdiri: “Sepsis və septik şok olan xəstələrdə qısa müddətli olaraq insult hallarına rast gəlinir. Xüsusilə yaşlı əhalidə bununla yanaşı orta və uzun müddətli olaraq qaraciyərin zədələnməsi müşahidə edilir və böyük ehtimalla COVİD-19 xəstələrində də eyni olacaqdır”.

Bütün bunlarla yanaşı nəinki koronavirus səbəbindən, ümumiyyətlə hər hansı bir xəstəlikdən uzun müddət reanimasiyada qalan insanlarda nevrotik pozuntular meydana çıxa bilər. Ona görə də bu insanlar virusdan sağalandan sonra da onların psixoloji reabilitasiyaları davam etməlidir.

BAKU.WS
VİDEO