SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda da koronavirus pandemiyasının qarşısının alınması məqsədilə TƏBİB-lə birlikdə koronavirus infeksiyasının ölkəmizdə yayılması statistikasını əks etdirən və vətəndaşları mütəmadi olaraq məlumatlandıran "e-Təbib” adlı mobil tətbiq hazırlanıb.

BAKU.WS Baku.Tv-yə istinadən xəbər verir ki, əvvəlcə onu qeyd edək ki, bu mobil tətbiqdən istifadə bütün mobil operator istifadəçiləri üçün tam pulsuzdur. Bu proqramı telefona yükləməklə siz ictimai yerlərdə olarkən ətrafınızdakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar olunacaqsınız. Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəniz olubsa, sizə bildiriş göndəriləcək və laboratoriya testinə dəvət ediləcəksiniz.

“Bu proqramı asanlıqla “Play Market” və ya “AppStore” vasitəsilə telefona yükləmək olar. Eyni zamanda tətbiqin köməyi ilə koronavirus əleyhinə qaynar xətlə əlaqə saxlamaq, statistik məlumatlar almaq və müvafiq yardım, həmçinin müxtəlif bildirişlər və xəbərlər də almaq mümkündür”, - deyə layihə rəhbəri Fuad Niftəliyev bildirib.

Mobil tətbiq hazırlandığı zaman Böyük Britaniyanın, Sinqapurun, Stanford Universitetinin, İsrailin təcrübəsindən geniş istifadə edilib. Hətta bir-birinə rəqib olan iki nəhəng “Apple” və “Google” şirkətləri layihəni birgə işləyib və dünya səhiyyəsinə pulsuz təklif ediblər. Artıq bir sıra ölkələrdə pandemiyanin ən pik vaxtında “E-Təbib” mobil tətbiqi kimi tətbiqlər fəaliyyətdədir və öz effektini göstərib.

“Qeydiyyatdan keçdikdən sonra sizə “Bluetooth” sisteminin aktivləşdirilməsi üçün sorğu gələcək. Sistemi aktivləşdirdiyiniz halda siz ictimai yerlərdə insanların çoxluq təşkil etdiyi məkanlarda olarkən ətrafınızdakıların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdarlıq mesajı alacaqsınız. Aktivləşdirmədiyiniz halda isə mobil tətbiq sizə bu barədə bildiriş göndərməyəcək və siz tətbiqə yüklənən koronavirusdan düzgün qorunmağın yolları barədə maarifləndirici məlumatlardan istifadə edə biləcəksiniz”, - layihə rəhbəri Fuad Niftəliyev əlavə edib.

Tətbiq olunan yenilik vətəndaşların da ürəyincədir. Deyirlər, ümid edirik, bu tətbiqdən sonra yoluxma sayı da azalar. Artıq istifadəyə verildikdən bu günə kimi E-Təbib” mobil tətbiqini android platformasından 12 min, ios sistemindən isə 6 minə yaxın insan yükləyib.

Proqram yalnız mobil tətbiq proqramını yükləmiş şəxslər arasında çalışacaq. Eyni zamanda qeydiyyatdan keçən şəxslərin kimlikləri barədə məlumatlar anonim saxlanılır. Yalnız laboratoriya analizi verən zaman TƏBİB tərəfindən vətəndaşın şəxsiyyət vəsiqəsinin FİN kodu götürülür və vətəndaşlara da testin kodu verilir. Həmin kod vasitəsilə şəxs fərdi qaydada mobil tətbiq üzərindən analizlərinin nəticələrinə baxa bilər. Proqram koronavirus daşıyıcısı olan şəxsləri müəyyən etsə də, heç bir şəxsi məlumatları qeyd etmir.

BAKU.WS
VİDEO