SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə və digər ölkələrdə həftə sonları və bir sıra müəyyən günlərdə sərt karantin tədbirlərinin müsbət nəticələr verdiyini nəzərə alsaq, Azərbaycanda da bu qadağaların effektiv olacağı gözlənilir.

BAKU.WS xəbər verir ki, bunu Trend-ə Türkiyədə çalışan tibb elmləri doktoru, professor Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, Türkiyədə mart-aprel aylarında sutka ərzində 2500 və daha çox insan virusa yoluxurdu. Gün ərzində yüzdən çox insan bu virusdan dünyasını dəyişirdi. Amma aparılan tədbirlər nəticəsində Türkiyədə sutka ərzində virusa yoluxanların sayı 900 -1100-ə, vəfat edənlərin sayı 23-25-ə enib.

Həkim hesab edir ki, sərt karantin tədbirləri tətbiq olunmasaydı, Türkiyədə vəziyyət daha da ağırlaşardı:

"Virus hava-damcı yolu ilə yayılır, ona görə də insanlar kütləvi şəkildə nə qədər az toplaşarsa, bir o qədər də yoluxma hallarını azaltmaq olar. Həftə sonlarında əksər iş yerləri işləmədiyi üçün ticarət mərkəzlərinə gedən insanların sayı çoxalır. Bu da yoluxma riskini artırır".

A.Allahverdiyev qeyd edib ki, beş ay keçməsinə baxmayaraq, koronavirus pandemiyası hələ də öz aktuallığını qorumaqdadır:

"Xəstəliyin vaksini və onun müalicəsi üçün spesifik dərman preparatı əldə edilməyib. Digər tərəfdən, güman edilirdi ki, yay aylarında xəstəliyə yoluxma halları azala bilər. Lakin bunun illüziya olduğu, havanın temperaturunun yüksək olmasının xəstəliyin aradan qalxması üçün heç də səbəb olmadığı aydın oldu.

Bundan başqa hesab edilirdi ki, virus mutasiyaya uğrayacaq və qısa müddətdə xəstəlik yox olacaq. Virus mutasiyaya uğrasa da, yoluxmanın azalmasında hər hansı dəyişiklik müşahidə edilməyib. Ona görə də bu durumda Türkiyədə, eləcə də Azərbaycanda epidemiologiyanın qaydalarına uyğun olaraq, karantin tədbirləri həyata keçirilir".

İnfeksionist bildirib ki, karantin tədbirlərinin yalnız bir - insanların təmasını azaltmaq və bununla xəstəliyin yayılmasının qarşısını almaq məqsədi var:

"Artıq İrlandiya və başqa ölkələrdə aparılan tədqiqatlar göstərib ki, gənclər bu xəstəliyin yayılmasında böyük rol oynayırlar. Buna görə də xəstəliklə mübarizədə ən çətin iş infeksiyanın yayılmasında mühüm rol oynayan, virus daşıyıcısı olan gənclərin aşkarlanması və onların xəstəliyi yaymasına mane olmaqdır. Bu səbəbdən Türkiyədə uzun müddət idi ki, yaşı 20-dən az, eləcə də yaşı 65-dən çox olanların çölə çıxması qadağan edilmişdi. İnsanlardan evdə qalması tələbi onların virus daşıyıcılarından uzaq olması üçün edilir. Buna görə də həftə sonlarında, bəzən isə hətta 3-4 gün ərzində Türkiyədə məcburi olaraq evdə oturma tələbi var. Əhali də buna əməl edir. Azərbaycanda da insanların bu tələbləri anlayışla qəbul etməsini və ona əməl etməsini istərdik".

BAKU.WS