SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabunçu rayon xəstəxanasının morqunun həyətində çəkilmiş və sosial şəbəkələrdə yayımlanmış video ajiotaja səbəb olub.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, kadrları qeydə alan vətəndaşın sözlərinə görə, morqun qarşısında qalmış meyitə fikir verən olmayıb.

İddia olunur ki, tibb işçilərinə meyitin içəri aparılmasının lazım olduğunu deyən vətəndaşa xəstənin koronavirusdan vəfat etdiyi bildirilib:

“Video Sabunçu xəstəxanasının morqunun qarşısında çəkilib. 40 dəqiqə gözlədikdən sonra küləyin meyitin üstünü açdığını gördüm. Yaxınlaşıb örtdüm və tibb işçilərinə bildirdim ki, çöldəki meyiti içəri aparsınlar. Üzündə olan xəsarətlərdən avtomobil qəzasında öldüyünü zənn edirəm. Əməkdaşlara məlumat verdiyim zaman mənə bildirdilər ki, xəstə koronavirusdan dünyasını dəyişib. Əgər bu xəstə koronavirusdan ölübsə, onu bu şəkildə küçədə saatlarla saxlamaq olarmı? Əməkdaşlar maska taxmadan meyitə yaxınlaşıb onu içəri apardılar. Sadəcə, biabırçılıqdır”.

Məsələ ilə bağlı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinin rəisi Cavid Əhədov açıqlamasında bildirib ki, videogörüntülər köhnədir və irəli sürülən iddialar həqiqəti əks etdirmir:

“Bu, təxminən ötən il çəkilən videogörüntülərdir. Hadisənin mahiyyəti bu gün yadımda deyil, amma mümkün deyil ki, 40 dəqiqə meyit elə qapıda qalsın. İddia edilən kimi yeni video deyil və şəxsin koronavirusdan ölməsi ilə bağlı deyilənlər da doğru deyil. Çünki müəssisədə tibb işçilərinin qoruyucu vasitələrdən istifadəsinə xüsusi diqqət göstərilir.

Eyni zamanda, pandemiya dövrü ilə əlaqədar ölən şəxslərin qəbul edilmə prosesi mərkəzləşdirilmiş qaydada aparılır. Koronavirusdan dünyasını dəyişən şəxslər yalnız Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon şöbəsinə göndərilir. Bizim şöbəyə koronavirusdan ölən xəstələr qəbul olunmur”.

BAKU.WS
VİDEO