SİZİN REKLAM BURADA!
055 213 76 73


Son günlər neftin qiymətinin dünya birjalarında ucuzlaşması, bununla yanaşı koronavirus epidemiyasının dünya iqtisadiyyatına vurduğu ziyan bütün ölkələrə mənfi təsir edir. Virusun ilk yayıldığı Çində böyük zavodların fəaliyyətini dayandırması neftin ucuzlaşmasına gətirib çıxardı. Daha sonra isə Rusiyanın Səudiyyə Ərəbistanı ilə aralarında yaranan "neft müharibəsi" birjalarda qara qızılın kəskin ucuzlaşmasına səbəb oldu.  

Dünyada gedən bu proseslərin neft və qaz ixracatçısı olan Azərbaycandan yan keçə bilməsi imkansız idi. Neftin qiymətinin qəfil ucuzlaşması ilə ölkədə dollara tələbat dəfələrlə artmağa başladı. Banklarda dollar növbələri yarandı. İnsanlar dolların bahalaşacağı qorxusu ilə əllərindəki manatı dəyişməyə can atır. 

Ancaq hökumət vəziyyəti vaxtında və düzgün qiymətləndirərək təcili iclas keçirdi. Martın 10-da Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə müşavirədə qlobal enerji bazarında vəziyyət və onun iqtisadiyyata təsirinə dair məsələlər müzakirə edilib. 

İclasda rəsmilər Azərbaycan vətəndaşlarına təmkinli olmaları üçün müəyyən mesajlar ötürdü. Bu mesajlar arasında ən diqqət çəkənlər bunlardır: 

"Azərbaycan hökuməti dünya iqtisadiyyatında gedən prosesləri diqqət mərkəzində saxlayaraq baş verə biləcək neqativ iqtisadi tendensiyaların ölkə iqtisadiyyatına mənfi təsirlərinin neytrallaşdırılması üçün preventiv tədbirlər planlarına malikdir.

Belə ki, neftin qiymətinin kəskin ucuzlaşmasının tədiyə balansına təsirlərinin proqnoz ssenariləri hazırlanmışdır. Bu ssenarilərə uyğun olaraq zərurət yarandığı hallarda müvafiq sabitləşdirici tədbirlər paketi həyata keçiriləcəkdir".

Bir digər mesaj isə inflyasiya ilə bağlı idi. Yəni, sadə dillə desək, hökumət əhaliyə deyir ki, Azərbaycan dövləti yaranmış çətin vəziyyətlərin hamısından özünü sığortalayıb və bütün mənfi ssenarilərə hazırdır:

"Valyuta bazarında sabitliyin və manatın məzənnəsinin qorunması məqsədilə zəruri tədbirlər görülməsi üçün bütün imkanlar vardır. Həm monetar, həm də iqtisadi siyasətin digər istiqamətləri üzrə nəzərdə tutulan tədbirlər inflyasiyanın hədəflənən səviyyədə saxlanılmasını təmin edəcəkdir".

Son rəsmi rəqəmlərə də nəzər salsaq, ölkədə inflyasiyanın həcminin çox aşağı olduğunu görə bilərik. Belə ki, 2020-ci ilin yanvar-fevral aylarında Azərbaycandakı inflyasiyanın həcmi açıqlanıb.

Dövlət Statistika Komitəsinin yaydığı məlumatlara görə, sözügedən dövrdə istehlak qiymətləri indeksi 2019-cu ilin analoji dövrünə nisbətən 2,8% təşkil edib. Bu, o deməkdir ki, iki ayda Azərbaycanda inflyasiyanın həcmi 2,8% olub.

Rəqəmlər də ölkədə müsbət inkişaf dinamikası olduğunu deməyə əsas verir. 2020-ci ilin yanvar-fevral aylarında ümumi daxili məhsul 2,8 faiz, qeyri-neft ümumi daxili məhsulu isə 6,7 faiz artıb.

Azərbaycanda inflyasiya tək rəqəmli səviyyədə qalacaqmı?

Unutmayaq ki, bu gün neft bazarında və qlobal iqtisadiyyatda baş verən hadisələrə qarşı ölkənin kifayət həcmdə maliyyə resursları var. Strateji valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 100 faizini ötür və xarici dövlət borcunu altı dəfə üstələyir.

Ölkə iqtisadiyyatının kifayət qədər yüksək maliyyə immuniteti və təhlükəsizlik “yastığı” mövcuddur. Bu göstəricilər onu deməyə əsas verir ki, bu il Azərbaycanda dolların bahalaşması üçün ciddi bir əsas yoxdur.

İnflyasiyanın hədəflənən səviyyədə saxlanılması üçün bütün zəruri addımlar atılır. Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun dediyi kimi, "İnflyasiyanın başlıca faktoru valyuta məzənnəsidir".

AMB sədri əhalini əmin edir ki, bu istiqamətdə işlər görülür və məzənnə faktorunun inflyasiyaya təsiri gözlənilmir.

Sonda qeyd edək ki, dövlət real təhlükələri əvvəldən analiz edib və qabaqlayıcı tədbirləri həyata keçirir. Bununla yanaşı, "B" planı da artıq işə salınır. Yəni dövlət neftin qiymətinin 30-35 dollar civarında olacağı ehtimalına qarşı özünü sığortalayıb. Bununla yanaşı, bütün neqativ ssenarilərə uyğun planlarını hazırlayıb.

Şahin Həbibov
BAKU.WS