SİZİN REKLAM BURADA!
055 213 76 73


Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən son bir neçə ay ərzində Binəqədi qəsəbəsi və ətraf ərazilərdə fərdi yaşayış evlərindən silsilə oğurluqlar edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində Sabunçu rayon sakini əvvəllər məhkum olunmuş Vüsal Salamov tutularaq istintaqa təqdim edilib.

Araşdırma zamanı onun təkcə Binəqədi rayonu ərazisində 11 evdən ümumi dəyəri 50 min manat olan qızıl-zinət əşyaları və 80 min manata yaxın nağd pul oğurladığı məlum olub.

Vüsal Salamovun törətdiyi oğurluq hadisələrinin bir qismi ərazidə quraşdırılan təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktla bağlı saxlanılan şəxs barəsində 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

V.Salmanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu şəxsin paytaxt ərazisində digər analoji cinayətlər törətdiyi istisna olunmur.

Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

BAKU.WS
QALEREYA