VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində aşkarlanan koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı dünya üzrə 913 nəfərə çatıb. Onlardan 897-si və ölüm hallarının hamısı (26) Çində qeydə alınıb.

BAKU.WS-in məlumatına görə, Çin Dövlət Səhiyyə Komissiyası virusa ən çox yoluxma və ölüm hallarının virusun aşkarlandığı Xubey vilayətində (549 nəfər yoluxma, 24 ölüm halı) baş verdiyini bildirib. İndiyədək 35 nəfərin müalicədən sonra vəziyyətinin yaxşılaşdığı və xəstəxananı tərk etdiyi bildirilir.

Çinin materik hissəsindən başqa, Tayvan adasında, Honkonq və Makao xüsusi inzibati bölgələrində, xaricdə isə Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ-da da virusa yoluxma halları təsdiqlənib.

Xubey vilayəti ilə yanaşı, Pekin, Şanxay, Çunçin, Tiencin şəhərlərində, habelə Cıcian, Quandun, Xunan, Ahnuy, Siçuan, Ciansi, Yünnan və Quycou vilayətlərində 1-ci səviyyədə fövqəladə hazırlıq vəziyyəti elan olunub.

Çin ordusunun həkimlər qrupu koronavirusun səbəb olduğu sətəlcəmin yayılmasına qarşı mübarizə tədbirləri üçün hazır vəziyyətə gətirilib. Yayılan məlumatlara görə, artıq hərbi həkim briqadası virusun episentri olan Uxan şəhərinə yola salınıb.

Bundan başqa, Çinin bir neçə şəhərindən həkim briqadaları Uxana ezam olunublar. Şanxaydan 405, Quandun vilayətindən isə 205 tibb işçisinin Uxanda sətəlcəmlə mübarizəyə cəlb olunması qərara alınıb.

BAKU.WS