SİZİN REKLAM BURADA!
055 213 76 73


Dövlət Gömrük Komitəsi gömrük-sərhəd keçid məntəqələrində sərnişinlərin və nəqliyyat vasitələrinin sürətli keçidini təmin etmək məqsədilə "Elektron növbə" layihəsinin tətbiqinə başlayıb.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən BAKU.WS-ə bildirilib ki, artıq şəxsi minik avtomobili ilə xaricə səyahət edənlər gömrük-sərhəd keçid məntəqələrinin qarşısında növbə gözləmədən keçə bilərlər. "Elektron növbə" layihəsi daha rahat və sürətli keçid imkanı yaradır. Layihəyə əsasən 3 növ xidmət təklif olunur:

- "Elektron növbə" (e-növbə);

- "Sürətli keçid" (Fast track);

- "CİP xidmətləri".

Bunun üçün yalnız bir-iki dəqiqə vaxt sərf etməklə internetə çıxışı olan istənilən məkandan və ya mobil telefon vasitəsilə Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsindəki "Elektron xidmətlər" bölməsindən "onlayn növbə" alt bölməsinə daxil olaraq "e-növbə" xidmətini seçmək lazımdır. Bu zaman açılan "Sürücü haqqında məlumat" pəncərəsindəki ilk qrafaya səyahətçinin pasport nömrəsi qeyd olunur və digər qrafalardakı məlumatlar avtomatlaşdırılmış qaydada sistem tərəfindən təmin edilir.

Mobil telefon nömrəsi daxil edildikdən və təsdiq haqqında SMS alındıqdan sonra "Nəqliyyat vasitəsi haqqında məlumat" bölməsinin 2-ci qrafasında avtomobilin dövlət qeydiyyat nişanı qeyd olunur. Avtomobil haqqındakı digər məlumatlar müvafiq olaraq sistem tərəfindən təmin edildikdən sonra "Digər məlumatlar" bölməsində istifadə ediləcək gömrük-sərhəd keçid məntəqəsinin adı, tarix və saat qeyd edilərək təsdiq düyməsinə basılır. Qeydiyyat uğurla başa çatdıqda istifadəçinin mobil telefonuna qeydiyyat kodu (BAR CODE) göndərilir.

"E-növbə" istifadəçisi aldığı qeydiyyat koduna əsasən ölkədə mövcud olan elektron ödəniş sistem və xidmətlərindən istifadə etməklə ödəniş edir və onun mobil telefonuna təsdiq mesajı göndərilir. Seçilən vaxtda gömrük-sərhəd keçid məntəqəsinin ərazisinə yaxın yerdə gözləmək lazımdır. Mobil telefona "qapıya gedin" SMS-i daxil olduqdan sonra buraxılış məntəqəsinə yaxınlaşmaq kifayətdir. Məntəqənin giriş qapısında quraşdırılmış elektron tabloda avtomobilin nömrəsi əks olunduqda, canlı növbəyə durmadan növbədənkənar gömrük ərazisinə daxil olmaq lazımdır.

"Gömrük nəzarəti xətti"ndə növbəyə duraraq mobil telefona göndərilən qeydiyyat kodunu gömrük xidməti üzrə "bir pəncərə"yə təqdim etmək lazımdır. Pasport qeydiyyatı başa çatdıqdan sonra sərhəd keçidi təmin olunacaq.

"E-növbə" xidmətindən istifadə edən şəxslər seçdikləri vaxtdan gec gəldikləri halda isə onların qeydiyyatı ləğv olunur və canlı növbəyə durmaqla sərhəd keçidi təmin edilir.

BAKU.WS
VİDEO