SİZİN REKLAM BURADA!
055 213 76 73


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayev BAKU.WS-ə müsahibə verib. E.Babayev müsahibəsi zamanı maraqlı məqamlara toxunub.

Həmin müsahibəni təqdim edirik:

- Yaşayış binalarında baş verən yanğın hadisələri zamanı çox vaxt sakinlər yanğınsöndürənləri ittiham edirlər. Bildirirlər ki, hündürmərtəbəli binalarda yanğının söndürülməsi zamanı bəzən yanğınsöndürənlər evə ziyan vurur. Hansısa dəyərli əşyaları götürürlər və s. kimi ittihamlar səsləndirilir. Bu barədə nə deyə bilərsiz?

- Bilirsiniz ki, yanğınların söndürülməsi zamanı əsasən sudan istifadə edilir.

Təbii ki, mənzildə də yanğın baş verərkən alovu ram etmək üçün yanğınsöndürənlər sudan istifadə edirlər.

Bu zaman yanğından mühafizə edilən əşyalar şübhəsiz ki, islanır, xarab olur. Məgər bunun ayrı yolu varmı?

O ki, qaldı yanğınsöndürənlərin evdən qiymətli əşyalar götürməsinə, səmimi deyirəm, mən bunu Sizdən eşidirəm. İndiyədək belə bir faktın qeydə alındığı olmayıb.

Bildiyiniz kimi, hər yanğından sonra onun təhqiqatı aparılır və təhqiqat zamanı ən xırda detallar araşdırılır.

Yanğının nədən baş verdiyi, kimin günahkar olduğu və sairə amillər müəyyən edilir.  Ona görə də yanğınların söndürülməsində əsil fədakarlıq göstərən, həyatını riskə atan, bəzən xəsarət alan, bəzən də həlak olan qəhrəman yanğınsöndürənlər haqqında bu cür şaiyələr yolverilməzdir.

Bu yanğındır. Yanğın zamanı qiymətli əşya da, insan da yanaraq məhv ola bilər və olur da. Sonradan bu, kiminsə yanaraq məhv olan qiymətli əşyanı yanğınsöndürənin götürməsi anlamına gəlməməlidir.

- Əslində bütün binalarda yanğınsöndürmə şitləri, yanğınsöndürmə sistemləri işləməlidir. Hazırda Bakıda yanğınsöndürmə sistemləri olmayan binaların sayı, problemlərin qarşısının alınması barədə nə deyə bilərsiniz.

- İstər yaşayış binaları, istərsə də digər obyektlər olsun – layihə sənədləri hazırlanarkən burada yanğın təhlükəsizliyinin tələbləri mütləq nəzərə alınır.

Bina istismara qəbul olunan zaman bütün bunlar Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yoxlanılır.

Əgər binada həmin tələblərə əməl olunmayıbsa, deməli obyekt yanğın təhlükəsizliyi tələblərinə cavab vermir.

Aydındır ki, müraciətə cavab da mənfi olur. Əgər bina istifadəyə verilibsə, deməli, burada avtomatik yanğından mühafizə sistemləri, daxili yanğın su kranları, su hovuzu, nasosxana və digər yanğın təhlükəsizliyi tələbləri normalara cavab verir.

Ancaq doğru deyirsiniz, elə binalar var ki, fəaliyyət göstərir, amma orada bu tələblər pozulur.

Həmin binalar istismara qəbul olunmayıb, Dövlət Yanğın Nəzarəti Xidməti ilə bu binalar razılaşdırılmadan istismar olunur.

Problemin həlli ilə bağlı Dövlət Yanğın Nəzarəti Xidməti vaxtaşırı aidiyyəti orqanlara xəbərdarlıq məktubları göndərir.

- Belə faktlar olur ki, yanğın yerinə yanğınsöndürənlər gəlirlər. Lakin maşınlarda su olmur, yaxud yanğınsöndürən heyəti prosesə tam hazır olmur.

- Yanğınsöndürən maşınların yanğın yerinə susuz gəlməsi absurddur və belə bir halın baş verməsi mümkün deyil. Çünki bütün hissələrdə maşınlar daim su ilə dolu, yanğınsöndürənlər isə hazır vəziyyətdə  olurlar.

Həyacan siqnalı verilən kimi onlar saniyələr sonra hadisə yerinə çıxırlar. Lakin məsələ burasındadır ki, bir yanğınsöndürən maşının su tutumu 2-9 tondur və su alovu söndürmək üçün yüksək təzyiqlə istifadə edildiyindən təxminən 5-10 dəqiqə sonra bitir.

Ona görə də, yanğın təhlükəsizliyinin tələblərinə görə xarici yanğınların söndürülməsi üçün hər obyektin yanında da olmasa, 150-200 metr radiusunda yanğın su hovuzu və yahidrant olmalıdır ki, yanğınsöndürən maşınlar oradan su götürə bilsin.

Məlumat üçün bildirim ki, yanğın yerinə gedən maşınların heç də hamısında su olmur. Həmin maşınların təyinatı ayrıdır.

Onlar nərdivanla yanğınsöndürənləri hündürmərtəbəli binalara qaldırmaq, yaxud xilas olmaq üçün eyvana çıxan insanları təxliyə etməkdən üçündür.

Həmin xüsusi texnikada əlbəttə, su olmamalıdır.

Təkrar edirəm, yanğınsöndürən avtomobilin susuz hadisə yerinə getməsi, yaxud yanğınsöndürənlərin yanğına hazır olmaması mümkünsüzdür.

Mən xidmət etdiyim dövrdə hələ belə faktla qarşılaşmamışam.

- Bakıda binaların həyətində maşınlar park edilir və yanğınsöndürənlərin işinə çətinlik yaradırlar. Bu barədə nə tövsiyə edirsiz?

- Bəli, bu bir həqiqətdir ki, son illər Azərbaycan iqtisadi cəhətdən çox inkişaf edib, əhalinin rifah halı yaxşılaşıb.

Bu da özünü hər sahədə göstərir, şəhərlərimizin, kəndlərimizin siması dəyişir, xüsusən Bakıda hündürmərtəbəli binaların sayı günbəgün artır.

Demək olar ki, hər ailənin minik avtomobiliı var. Yeni tikilən hündürmərtəbəli binaların alt mərtəbələrində avtodayanacaqlar inşa olunmasına baxmayaraq, maşınlar binaların həyətində saxlanılır.

Dövlət Yanğın Nəzarəti Xidməti bununla bağlı vaxtaşırı monitorinqlər keçirir, xəbərdarlıqlıqlar edir, kütləvi informasiya vasitələrindən istifadə edərək əhalini maarifləndirir.

Binaların həyətində avtomobillərin pərakəndə şəkildə, yolların hərəkət hissəsini məhdudlaşdıraraq, yanğın su hovuzlarının və hidrantların yaxnlığında park edilməsi yolverilməzdir.

Bu, yanğın hadisəsi baş verdikdə yanğınsöndürən avtomobillərin hərəkətinə, manevr etməsinə, xilasetmə əməliyyatlarının aparılmasına və yanğının qısa müddətdə söndürülməsinə ciddi şəkildə mane olur.

Təəssüf ki, bu sahədə də hələ də problemlərimiz qalır.

Bu istiqamətdə vətəndaşların, xüsusən də avtomobil sahiblərinin maarifləndirilməsi məqsədilə Nazirlik tərəfindən “Yaşayış binalarında yanğının söndürülməsinə maneə törədilməməlidir!” adlı sosial video-çarx hazırlanmış və respublikada fəaliyyət göstərən televiziyalarda yayınlanması təmin edilib.

Yanğın təhlükəsizliyi qaydaları barədə vətəndaşların maarifləndirilməsi kompaniya xarakterli deyil, daimi olaraq aparılır.

- Son vaxtlar avtomobillərdə yanğın hadisələri tez-tez qeydə alınır. Bunun səbəbi nədir? Avtomobil sahiblərinə nə tövsiyə edirsiz?

- Avtomobillərdə yanğın hadisəsi müxtəlif texniki səbəblərdən baş verir. Bu ən çox elektrik avadanlıqları və naqillərindəki, yanacaq sistemlərindəki nasazlıqla və ya yol nəqliyyat hadisəsi zamanı baş verir.

Avtomobil sahiblərinə tövsiyəmiz budur ki, ilk növbədə avtomobillərini daim saz vəziyyətdə olmasına diqqət yetirsinlər.

İdarə etdikləri nəqliyyat vasitələrində baş verə biləcək yanğın hadisəsinin miqyası və həcmi böyümədən və sahibinə daha böyük maddi ziyan vurmadan söndürülməsini təşkil etmələri üçün saz vəziyyətdə odsöndürənin olmasına diqqət yetirsinlər.
BAKU.WS