SİZİN REKLAM BURADA!
055 213 76 73


"Keçən il "Arsenal"la matçda da "bayraqlı" bir azarkeş var idi. Buna görə matç dayanmadı. Amma belə bir təxribat da oldu".

BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Dani Kintana "Marca"ya açıqlamasında Lüksemburqda "Düdelanj" üzərində 4:1 hesablı qələbə qazandıqları Avropa Liqasının II tur matçında baş verən təxribatla bağlı danışarkən deyib.

32 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, bu vəziyyətin bir neçə komanda yoldaşına təsir etməsi normaldır. İspaniyalı oyunçu deyib ki, buna çox da əhəmiyyət verməməlidirlər: "Fikrimcə, belə təxribata getməməliyik. Baş məşqçimiz də bizə bunu deyir. Amma başa düşürəm ki, bəziləri üçün bu, çətindir. Elə azarkeşlər var ki, məsələ onlara çox yaxındır. Ailə üzvlərini itirənlər və evlərini tərk etməli olanlar var. Unutmaq olmaz ki, "Qarabağ" işğal altında olan şəhəri təmsil edir. Düşünürəm ki, bu mövzuya nə qədər az diqqət göstərsək, təxribat bir o qədər az olacaq".

Kintana belə halların yenə reallaşa biləcəyini sözlərinə əlavə edib: "İndi Kiprdə bir matçımız var. Bu hadisə bizi xəbərdar etdi ki, orada da bənzər şey baş verə bilər. Çünki orada da çoxlu sayda erməni mühacir var. Bu kimi halların davam etməsi utandırıcıdır".

Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” oyunu erməni təxribatı ilə əlaqədar dayandırılıb. Matçın 30-cu dəqiqəsində Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin rəqib qapısına vurduğu 2-ci qoldan sonra dron vasitəsilə stadionun üzərinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bundan sonra şotlandiyalı referi Con Biton Ağdam komandasının futbolçularının tələbi ilə matçı saxlayıb. Ardınca Lüksemburqun idman naziri Dan Kerş Azərbaycan çempionunun soyunub-geyinmə otağına gələrək üzr istəyib. Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını, təxribatçıların tapılaraq cəzalandırılacağını deyib. D.Kerş üzrxahlığını stadionun diktor otağında da elan etdikdən sonra oyun davam etdirilib.

AFFA rəhbərliyi də baş vermiş erməni təxribatına reaksiya verib. Milli assosiasiya bəyanat yayaraq baş verənləri pisləyib.
BAKU.WS