SİZİN REKLAM BURADA!
055 213 76 73


Şagirdlərin elektron yerdəyişmə prosesi valideynin elektron sorğu yerləşdirməsi, sorğunun məktəb tərəfindən təsdiq olunması və valideyn tərəfindən çıxma əmrinin məktəbdən götürülərək yeni məktəbə təqdim olunması mərhələlərindən ibarətdir. 

Təhsil Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, elektron yerdəyişmə üçün Azərbaycan Respublikasının vətəndaşları üçün sistemdə qeydiyyat şəxsiyyət vəsiqəsinin FİN kodu, xarici ölkənin vətəndaşları üçün isə miqrasiya sənədinin seriya nömrəsi əsasında aparılır. Qeydiyyat mobil telefona göndərilən SMS vasitəsilə təsdiq olunur. Uşaqla bağlı məlumatların sistemə əlavə edilməsi üçün şəxsiyyət vəsiqəsinin FİN kodu və ya UTİS ( Ümumi Təhsil İnformasiya Sistemində şagirdə məxsus unikal kod) kodu tələb olunur. 

Sistemdən istifadə üçün əvvəlcə www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır. Vətəndaş şəxsiyyət vəsiqəsinin FİN kodunu (xarici ölkənin vətəndaşları miqrasiya sənədinin seriya nömrəsini ) daxil etdikdən sonra əldə olunmuş məlumatları təsdiq edir, daha sonra istifadə etdiyi mobil nömrəni qeyd edir. Mobil nömrəyə daxil olan SMS-də göstərilmiş təsdiq kodunu müvafiq açılan pəncərədə daxil edir və qeydiyyat tamamlanır. Qeydiyyat tamamlandıqdan sonra valideyn FİN və ya UTİS kodu ilə uşağın məlumatlarını əldə edir. 

Sistem tərəfindən ilkin yoxlamalarda tədris dili uyğunsuzluğu olduğu halda valideyn tərəfindən həmin siniflərə seçim mümkün deyildir. Xarici dil uyğunsuzluğu olduğu təqdirdə sorğu şəhər və ya rayon təhsil şöbələri tərəfindən təsdiq, yaxud inkar edilə bilər. 

Şagirdlərin elektron yerdəyişməsi sistemi komplektasiya (siniflərin komplektləşdirilməsi) dövrləri istisna olmaqla ilboyu fəaliyyət göstərəcək. Qeyd olunan siniflərlə bağlı yerdəyişmə elektron sorğuların sistem üzərindən müvafiq təhsili idarəetmə orqanı tərəfindən təsdiq edildiyi halda mümkün olacaq.

Valideyn əvvəlcə yerdəyişmə icra etmək istədiyi məktəbə yaxınlaşaraq övladının təhsil bazasına daxil edilməsi üçün müraciət etməlidir. Məktəb həmin uşağı təhsil bazasına daxil etdikdən sonra valideynə övladının UTİS kodunu təqdim edir. Daha sonra valideyn adi qaydada şagirdlərin elektron yerdəyişməsi sistemində qeydiyyatdan keçərək sorğu yerləşdirir. 

Liseylərin və məktəb-liseylərin lisey siniflərinə yerdəyişmə sistemdə həmin siniflər üzrə qeyd olunan tarixdən etibarən həyata keçiriləcək.  
Qeyd edək ki,  2019-2020-ci ilin tədris ilində liseylərin və məktəb-liseylərin lisey siniflərinə qəbul imtahanlarında artıq iştirak etmiş və qəbul olmuş şagirdlərin yerdəyişməsi valideynin iştirakı olmadan müvafiq təhsili idarəetmə orqanı tərəfindən tənzimlənəcək. 

Valideynin sistemə daxil etdiyi müraciəti bir və yaxud iki gün ərzində cavablandırılacaq. Valideyn FİN kodunu daxil edərək səhifəsinə gələn məlumatla tanış ola bilər. 
BAKU.WS