VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddətdir ABŞ və Çin arasında davam edən ticarət müharibəsi Çinin “Huawei” mobil şirkətinə təsirsiz ötüşmədi.\

BAKU.WS xəbər verir ki, ABŞ-ın Ticarət Nazirliyi şirkətin adını “qara siyahı”ya salıb. Bunun əsas səbəbi kimi, “Huawei”nin 5G texnologiyasının tətbiqində ABŞ-ın təhlükəsizliyinə təhlükə yaratdığı göstərilib.

Bu qərarın ardınca "Google" şirkəti "Huawei"in istehsal etdiyi mobil qurğularda "Android" əməliyyat sistemlərinin yenilənmələrini dayandıracağını bəyan edib. Bu isə “Huawei” cihazlarında “Play Store”, “YouTube” və “Gmail” kimi tətbiqlərin istifadə olunmayacağı deməkdir. Bunun cavabında da Çin tərəfi özünün "Hongmeng" əməliyyat sistemini yaradacağını açıqlayıb.

Qeyd edək ki, “Huawei”yə verilən lisenziya isə 19 avqustda bitəcək. Hələlik qeyd edilən proqramlar problemsiz işləsə də, 19 avqustdan sonra “Android” yenilənməsindən sonra həmin tətbiqlərin “Huawei”də fəaliyyəti dayandırılacaq.

İddialara görə, “Huawei”nin 5G texnologiyasını tətbiqi uranın zənginləşdirilməsindən daha təhlükəlidir. Belə ki, bu vasitə ilə şirkət istədiyi vaxt istədiyi vəzifəli şəxsin telefonlarını dinləyə, sistemlərinə nüfuz edə bilər.

Bəzi mütəxəsisslər bildirir ki, ABŞ-ın bu qərarı Çində “Android” bazarına ciddi təsir edə bilməyəcək. Çünki “Google” şirkətinin əsas gəliri “Android”dən deyil, axtarış sistemindəndir. “Google” axtarış sisteminin Çin bazarındakı hazırkı payı 0,30 faizdir. Bazarın lideri 71 faizlə “Baidu”dur.
Daha bir məqamı qeyd edək ki, 2018-ci ilin statistikasına əsasən ən çox smartfon satan şirkətlərin siyahısında “Huawei” 3-cü pilləni tutub. İlk pilləni “Samsung”, ikinci pilləni isə “Apple” tutub.

Şirkətin banisi Jen Çjenfey bildirib ki, ABŞ-ın qərarı "Huawei" üçün əhəmiyyət kəsb etmir:

“Digər şirkətlər yaxın 2-3 ildə 5G texnologiyasında "Huawei"yə çata bilməyəcəklər. Qadağalarla mübarizə aparmağa hazırıq”.
“Huawei” kimi Çin şirkətləri smartfonlarını “Android”lə təmin etsələr də, öz yerli məhsullarını yükləyərək satırlar. Bu isə əsas gəlirin Çində saxlanılmasına səbəb olur. Şirkətin hazırda yeganə riski, üzərində çalışdığı yeni əməliyyat sisteminin digər ölkələrdə nə dərəcədə effektiv çalışacağı ilə bağlıdır.

Məlumat üçün bildirək ki, ABŞ-Çin müharibəsinin gərginləşməsinə səbəb keçən il “Huawei” rəhbərinin qızının Kanadada həbs edilməsi olmuşdu. Bundan sonra qarşılıqlı olaraq hər iki ölkə sanksiyalar tətbiq etmişdi.

Fərid Ədalət
BAKU.WS