SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Məclisin deputatı, Odlar Yurdu universitetinin prorektoru Ceyhun Osmanlı dünyada qlobal təhsil şirkətlərinin birindən təklif alıb.

BAKU.WS xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat verib:

Osmanlı sözügedən şirkətin adını açıqlamasa da sevincini dostları ilə bölüşüb:

"Əziz dostlar! Mənim üçün önəmli olan bir xəbəri Sizinlə paylaşmaq istəyirəm!

Bir neçə ildir ki, təhsil sektorunda fəaliyyət göstərirəm və qeyd edim ki, işimi çox sevirəm! Məhz təhsil sahəsində peşəkar fəaliyyət, cəmiyyətə bu sahədə xidmət etmək özünü insanlara faydalı hiss etməyin ən gözəl yollarından biridir. Bu gün təhsil artıq qlobal sistemin bir hissəsidir. Daha çox xidmət etmək üçün daha çox öyrənmək lazımdır.

Təxminən 3 ay bundan öncə dünyada qlobal təhsil şirkətlərinin birindən təklif aldım. Bu dövr ərzində bir çox müsahibələrdə iştirak etdim və sevinclə qeyd etməliyəm ki, bu müsahibələr müsbət dəyərləndirildi.

Qeyd edim ki, bu qrupda dünyanın 20-dən çox nüfuzlu universiteti təmsil edilib və mən həm Azərbaycanda, həm də Şərqi Avropanın başqa ölkələrinin universitetləri ilə əlaqələrin yaranmasına və biznesin inkişafına kömək edəcəm. Qeyd edim ki, bu qrupda olan universitetlərin bir çoxu dünyanın ilk 100 universitetləri arasındadır. Tədricən bu barədə əlavə məlumatlar açıqlayacam.

Yeni işim çərçivəsində həm Azərbaycanda, həm də Avropada birdən çox universitet və ümumtəhsil məktəblərində birgə layihələrin icrası ilə məşğul olmaq nəzərdə tutulmuşdur. Bunlarla yanaşı təhsil eksperti kimi bu günə qədər başladığım başqa layihələri də reallaşdırmağa davam edəcəyəm. Fürsətdən istifadə edərək sevimli rektorum Prof.Əhməd Vəliyevə və digər komanda üzvlərimizə mənə hər zaman nümayiş etdirdikləri sevgi və qayğıya görə sonsuz minnətdarlığımı bildirirəm.

Hər zaman olduğu kimi harada olmağımdan asılı olmayaraq dövlətçiliyimiz və milli maraqlarımız mənim üçün ön planda olacaqdır".

Qeyd edək ki, Ceyhun Osmanlı iqtisadiyyat üzrə fəlsəfə doktorudur. Deputat olduğu dövrdə Avropa Parlamenti, Avronest, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə sıx əməkdaşlıq edib.  Həmçinin, “İrəli” İctimai Birliyinin həmtəsisçisi və sədri olub.

Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Parlament Şəbəkəsinin idarə heyətinin üzvü olub. Sabiq deputatın eyni zamanda Avropa Şurası Gənclər və İdman Direktorluğunda gənclər üzrə ekspert kimi iş təcrübəsi də var.

"Al Jazeera", "European Business Review", "EU Today", "EU Reporter",  "Euractiv"  kimi beynəlxalq media strukturlarda məqalələri dərc edilir.
Ailəlidir, 3 oğlan övladı var.

Zülfiyyə Qurbanova
BAKU.WS