SİZİN REKLAM BURADA!
055 213 76 73


Son günlər ABŞ və İran arasındakı siyasi gərginlik pik nöqtəyə çatıb.

BAKU.WS xəbər verir ki, ABŞ-ın İrana qarşı neft sanksiyalarını artırdıqdan sonra İran nüvə sövdələşməsi üzrə öhdəliklərini qismən dayandırıb.
Rəsmi Tehran özünü sanksiyalardan qorumaq üçün Avropada 50 gün ərzində həll yolu gözlədiyini elan edib. Əgər müvafiq çıxış yolu tapılmazsa, nüvə sazişindən çıxacağı və uranı zənginləşdirməyə başlayacağı barədə xəbərdarlıq da verib.

ABŞ-ın İranla mümkün müharibə üçün 120 minlik qüvvənin Yaxın Şərqə yeridilməsi planının ortaya çıxmasından sonra isə gərginlik daha da yüksəlib.

“Alovu” daha da körükləyən bu gün senator Tom Kottonun açıqlaması olub. O qeyd edib ki, Amerikanın İranla müharibədə qalib gəlməsinə cəmi iki zərbə endirmək kifayət edər. Senator zərbənin hansı silahla endiriləcəyini isə bildirməyib.

Siyasi şərhçi Kənan Rövşənoğlu BAKU.WS-ə açıqlamasında İranın İraq və Əfqanıstan olmadığını və ABŞ-ın bunu nəzərə alacağını bildirib.
O qeyd edib ki, İran ideoloji dövlətdir, üstəlik dərin dövlətçilik tarixi ilə yanaşı, hazırkı İslam Respublikasının mövcud olduğu 40 illik dövrdə əməliyyat və döyüş təcrübəsi var:

“Belə bir ölkəni hava zərbələri və ya hansısa iki nöqtəyə zərbə ilə məğlub etmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, İraq kimi dövlət sisteminin süqut etdiyi ölkədə müharibə uzun zaman aldı. Bu mənada İranla müharibə asan olmayacaq, bunu amerikalı generallar daha yaxşı bilir. Bu səbəbdən də generallar, sahə komandanları daha təmkinlidir. Ancaq siyasətçilər fərqli aspektdən və geosiyasi və digər maraqlar prizmasından yanaşdıqları üçün daha çılğın bəyanatlar verə bilirlər”.

Ekspert senatorun “iki zərbə kifayət edər” fikrində məqsədin İranda daxildən çaxnaşma yaratmaq niyyətinin ola biləcəyini söyləyib:

“Amerikalı strateqlər düşünür ki, İranı iqtisadi embarqolar vasitəsilə zəiflətmək. eyni zamanda etnik separatizm bölgələrini hərəkətə gətirməklə İranda daxildən üsyan başlatmaq olar. Söhbət şərq sərhədlərindəki Sistan-Bəlucistan əyaləti, qərbdə isə Xuzistanda ərəblər, şimal-qərbdə isə kürdlərin ayaqlandırılmasından gedir. Daha bir silahlı qrup isə sol silahlı terror qrupu “Xalqın Mücahidləri” təşkilatıdır. Bu qruplar və təşkilatlar İranda daxildən zəiflətmək üçün vasitədir.

Senator ola bilsin ki, İranın mühüm nöqtələrinin vurulması və paralel olaraq daxildə silahlı üsyanların başlamasını nəzərdə tutur. Ancaq düşünürəm ki, indiki halda bu, o qədər də asan deyil. Çünki hakimiyyət hələ çox möhkəm və monolit görünür. Üstəlik bütün imperiya xalqlarında olduğu kimi İranda da xarici müdaxilə bir qayda olaraq daxildə birliyi möhkəmləndirir. Bu səbəbdən də indi Vaşinqton daha çox İranı sanksiyalarla içəridən bölüb zəiflətməyə çalışır.

K.Rövşənoğlu müharibənin qonşu ölkələrə gözlənilən təsirlərini isə belə şərh edib:

“Bizə gəldikdə isə düşünürəm ki, ən çox zərbə alacaq qonşu ölkə Azərbaycan ola bilər. Birincisi, ölkəmizə böyük sayda qaçqın axınının olacağını gözləmək mümkündür. Bu da ölkəmiz üçün ağır nəticələrə gətirib çıxara bilər. İkincisi isə əgər söhbət klassik müharibədən gedirsə, bunun Azərbaycana da təsiri gözləniləndir”.

Regionumuzda hər hansı müharibə siyasi nəticələrindən başqa, Azərbaycana iqtisadi təsirləri də gözləniləndir. Burada söhbət həm ticarət əlaqələrindən, həm də qaçqınlara xərclənəcək külli miqdarda vəsaitdən gedir.

ABŞ-İran qarşıdurmasının region üçün iqtisadi fəsadları barədə danışan “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov bildirib ki, əgər ABŞ İrana hücum edərsə, bu bütün region, xüsusilə Cənubi Qafqaz və Xəzəryanı ölkələrdə böyük fəlakətə səbəb olar:
“80 milyon nəfərin yaşadığı İranda hər hansı münaqişə baş verərsə, ordakı insanların bir qismi başqa ölkələrə köç etmək məcburiyyətində qalacaqlar.

Bizim İranda milyonlarla soydaşımız olduğu üçün ən çox təsirlənən ölkənin də Azərbaycanın olacağını söyləmək mümkündür. İndiki vəziyyətdə isə Azərbaycan bunu qarşılamaq iqtidarında deyil. 25 ildir 1 milyon qaçqının problemini hələ həll edə bilməmişik”.
F.Yusifov sözlərinə əlavə edib ki, İrandan gələ biləcək qaçqınları qarşılamağa nəinki Azərbaycan, heç Rusiya kimi böyük ölkə də hazır deyil. Buna görə də ər hansı müharibənin baş verməsi arzuolunan deyil.

Fərid Ədalət
BAKU.WS