VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda azyaşlı və yeniyetmələrə tütün məmulatlarının satışı, xüsusilə kafe və restoranlarda qəlyan xidmətinin göstərilməsinin qarşısını hələ də almaq mümkün olmayıb.

BAKU.WS xəbər verir ki, bununla bağlı müxtəlif qanunlar qəbul edilsə də, qabaqlayıcı sosial layihələr icra olunsa da, problem dərinləşməyə davam edir.

Bu sahədəki ən böyük boşluqlar sırasında cərimə mexanizmlərinin tam işləməməsini, ictimai qınaq və bu faktları ifşa etmək üçün “Qaynar Xətt”in mövcud olmamasını göstərə bilərik.

Bu məsələ ətrafında uzun illərdir təşəbbüslər göstərən, dəfələrlə Milli Məclisdə təkliflərlə çıxış edən deputat Musa Quliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun icrasını təmin etməli olan qurumlar vaxtaşırı reydlər keçirməli və qaydaların harada pozulması ilə bağlı məlumatlı olmalıdırlar.

M.Quliyev aparılan tədbirlərə baxmayaraq kafe və restoranlarda azyaşlı və yeniyetmələrə qəlyan xidməti göstərildiyini, mağazalarda uşaqlara siqaret satıldığını bildirib:

“Bu, böyük cinayətdir. Bu hallara ictimaiyyət arasında da güclü qınaq olmalıdır. Media orqanları də həmin faktların ictimailəşməsində fəal iştirak etməlidir.

Kafelərdə, restoranlarda siqaret və qəlyan çəkilməsi faktlarına qarşı mübarizə yollarından biri də “Qaynar Xətt” yaradılmasıdır. Vətəndaşlar bu faktlarla qarşılaşsalar, həmin “Qaynar Xətt”ə göndərə bilərlər. Mən Mili Məclisin növbəti iclasında bu məsələni qaldırmağa çalışacağam”.
Millət vəkili hesab edir ki, tütün çəkməklə bağlı mübarizə kompleks şəkildə aparılmalıdır:

“Sadəcə cərimə sanksiyaları tətbiq etməklə mübarizə aparmaq olmaz. Yaxşı nümunələr təbliğ olunmalı və maarifləndirmə işləri gücləndirilməlidir.
Görülən işlərlə bağlı qısa müddətdə müsbət irəliləyiş görmək çətindir. Əsas hədəf siqaret çəkən insanlar deyil, yeniyetmə və gənclərdir. Nəticəni də bir neçə il sonra görə biləcəyik”.


İctimai mövqe

Belə bir xidmət yaradılsa effektiv olarmı? İnsanlar cəsarətlənib həmin kafe və restoranları ifşa edərmi?

Bu suallara cavab tapmaq üçün ictimaiyyət arasında sorğu keçirdik. Sorğuda iştirak edənlərin böyük əksəriyyəti “Qaynar Xətt” yaradılarsa çox faydalı olacağını və özləri də bu faktları gördükdə məlumat verəcəklərini bildirdilər.

“Uşaqların yaxşılığı üçün nə lazımdırsa, onu da edərəm”, “Belə “Qaynar Xətt” yaradılarsa çox faydalı olar”, “Nəinki uşaqlara, böyüklərə də ziyandır. Əlimdən gəlsə onları da şikayət edərəm” kimi fikirlər səsləndirənlər oldu.

Bu məqamda qeyd edək ki, ictimai qınaq bir çox hallarda müsbət təsirini göstərir. Kafe və restoranlar ifşa edilərsə, burada cərimə mexanizmasını icra etmək mümkün olacaq. Cərimədən dərs çıxarmayanlar isə cəmiyyətin qınağına tuş gələcək və nəticədə, işini bu istiqamətdə davam etdirə bilməyəcək.

Bundan başqa, belə bir xidmət hüquq-mühafizə orqanlarının da fəaliyyətinə dəstək göstərmiş olacaq. Nəzərə alsaq ki, ölkədə minlərlə obyekt var və bunlara sadəcə polislərin nəzarət etməsi çətindir. Buna görə də, vətəndaşların bu faydalı işdə iştirakı gələcəyimizə daha sağlam gəncliyin ötürülməsinə səbəb ola bilər.

Tütün məmulatlarının, xüsusilə qəlyanın uşaq və yeniyetmələrə təsiri

Qəlyan həvəsi yeniyetmələrdə zaman keçdikcə asılılığa səbəb olur. Bu da bəzən onların gələcəyinin məhvinə gətirib çıxarır.
Tərkibi nikotinlə dolu olan qəlyan yuxarı tənəffüs, ağciyər xəstəliklərinin artmasına səbəb olur. İnsanlar qəlyanı siqaret çəkməklə müqayisədə ziyansız hesab etsələr də, reallıq belə deyil. Mütəmadi qəlyan çəkən insanlarda xərçəng xəstəliyinin yaranması qaçılmazdır.

Mütəxəssislərin sözlərinə görə, qəlyan siqaretdən zərərsiz görünsə də, əslində 1 qəlyan 50 siqaretə bərabərdir. Qəlyan çəkənlər hesab edirlər ki, qəlyan dumanı sudan keçdiyi üçün zərərli maddələr suda qalır. Əslində isə nikotin su ilə isladılır, sıxılır, sonra qəlyana əlavə olunur. İnsan orqanizmində düşən kömür hissələri yanaraq dəm qazı ifraz edir. Qəlyan çəkən zaman yaranan baş gicəllənməsi və ürək bulantısı da bundan irəli gəlir.

Qəlyan çəkmək tənəffüs sisteminin zədələndiyinə görə, ağ ciyərin funksional pozğunluğuna gətirib çıxarır. Eyni zamanda nikotin və nikotinə oxşar toksiki tərkibi qan dövranına daxil olaraq qaraciyərin toksiki zədələnməsinə səbəb olur. Bu siqaretdən daha çox təhlükəlidir.
Hər halda sağlamlığını düşünən hər kəs belə vərdişlərdən uzaq durmalıdırlar.


Qanunvericilik

Xatırladaq ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna görə, aşağıdakı yerlərdə tütün məmulatlarının (siqaret), qəlyanın və elektron siqaretlərin çəkilməsi qadağan edilir:
-  təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;
- səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində;
- idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində;
- restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində;
- ticarət obyektlərində;
- məişət obyektlərində;
- sosial xidmət müəssisələrində;
- yerləşdirmə vasitələrində;
- teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində;
- uşaq meydançalarında;
- yerüstü qapalı və yeraltı piyada keçidlərində;
- müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində;
- metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda;
- hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında, su nəqliyyatı vasitələrində;
-  hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində;
- liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində;
- taksafonlarda;
- yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində;
- mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində.
İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsinə əsasən, qadağan olunmuş yerlərdə siqaret çəkən şəxslər 30 manat məbləğində cərimə edilir.
Müəssisə, idarə və təşkilatlarda siqaret çəkmə üçün xüsusi yerlərin ayrılmadığı və görünən yerlərdə üzərində “Siqaret çəkmək qadağandır” yazısı olan lövhə olmadığı halda vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər isə 1,000 manat cərimə olunacaqlar.


Qeyd edək ki, 2017-ci il dekabrın 29-da ictimai yerlərdə tütün məmulatları çəkilməsini qadağan edən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qüvvəyə minib. Qanunda bütün növ qəlyanlar və elektron siqaretlər də tütün məmulatlarına bərabər tutulur. Qanunu pozanları 30 manatdan 1000 manata qədər cərimə nəzərdə tutulur.

İnzibati Xətalar Məcəlləsində qanunun icrası ilə bağlı mexanizm də müəyyənləşdirilib. Fiziki şəxslərin nəzarəti və cərimə tətbiq edilməsi polis orqanlarına, hüquqi şəxslərin nəzarəti və cərimə tətbiq edilməsi isə Fövqəladə Hallar Nazirliyinə həvalə edilib.

Fərid Ədalət
BAKU.WS