SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatının açılış mərasiminin məşqləri keçirilib.

Bədii gimnastika sevərləri möhtəşəm bir açılış mərasimi gözləyir.

Azərbaycan milli komandasının gimnastları və xoreoqrafları tərəfindən hazırlanan maraqlı sujet xətti, akrobatika və gimnastika çıxışları, mürəkkəb və rəngli kostyumları heyranedicidir.

Böyük monitorda nümayiş etdirilən videoqrafika tamaşaçılara sujet xəttinə daha da hakim olmağa yardım edir.

Sujet xətti paralel dünyalardan iki qardaşın - Su adamın və Alov adamın hekayəsindən bəhs edir. Oyun oynayan qardaşlardan Su adam digərini məğlub edir və 8 medal qazanır. Əsəbiləşən Alov adam qardaşını insanların dünyasını sürükləyir. Bu maraqlı hekayə nə ilə bitəcək? Bunu mayın 16-da Milli Gimnastika Arenasına gələn tamaşaçılar öyrənə biləcəklər.

Qeyd edək ki, sujet xətti Azərbaycan bədii gimnastika komandasının baş məşqçisi Mariana Vasilevaya məxsusdur.

Bədii gimnastika üzrə 35-ci Avropa Çempionatının daha bir maraqlı məqamı Luici adlı meymun - maskotdur.

Trend-ə verdiyi müsahibədə Luicinin yaradıcısı Berri Anderson yenidən Milli Gimnastika Arenasında olmasından çox xoşbəxt olduğunu söyləyib. B.Anderson interaktiv çıxışları ilə Bakı tamaşaçılarını sevindirəcək.

Qeyd edək ki, 16-19 may tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatı keçiriləcək.

4 gün davam edəcək bu çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.

Yarışların ilk gününə gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlanılacaq. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Qeyd edək ki, çempionatda 35 ölkədən gimnastların iştirakı gözlənilir.
BAKU.WS
QALEREYA