SİZİN REKLAM BURADA!
055 213 76 73


“Ermənistan tərəfindən davam etdirilən Azərbaycan ərazilərinin işğalı bütün bölgəmizin daha yüksək əməkdaşlıq səviyyəsinə keçməsinə maneələr törədir. Bizə bölgənin tam potensialını açdırmalıyıq”.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Şərq Tərəfdaşlığı Xarici İşlər nazirlərinin görüşündə bildirib.
O deyib ki, Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir:

“Aİ xarici ticarət dövriyyəmizdə təxminən 42 faizlik paya malik olmaqla, Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Həmçinin, Aİ Azərbaycanda ən böyük investordur. Biz Aİ ilə yeni ikitərəfli müqavilə ilə bağlı keyfiyyətə yönümlü danışıqlar vasitəsilə ikitərəfli münasibətlərdə uğur əldə etməkdə maraqlıyıq. Mən davam edən danışıqların müsbət ruhunu yüksək qiymətləndirirəm”.

Nazir vurğulayıb ki, öz coğrafiyası və strategiyasına görə Asiya ilə Avropa arasında təbii körpü olan Azərbaycan həmişə regional və trans-regional bağlılıq təşəbbüslərinin fəal iştirakçısı və onların gerçəkləşdirilməsinə töhfə verən başlıca oyunçulardan olub:

“Bu səbəbdən, Azərbaycan üçün uzlaşma imkanları həm Aİ ilə ikitərəfli gündəlikdə, həm də ŞT çərçivəsindəki çoxtərəfli müstəvidə mühüm yer tutmaqdadır. Nəqliyyat sahəsində Trans-Avropa Şəbəkəsinin indikativ xəritələrinin Azərbaycana və sonra Asiyaya qədər genişləndirilməsi regional ticarət dəhlizlərinin birlikdə təşviq edilməsi üçün möhkəm zəmin yarada bilər.

Əslində, liman və dəmir yolları administrasiyaları, habelə Gürcüstan, Ukrayna, Polşa, Rumıniya, Avstriya, Almaniyadan olan bəzi özəl logistika şirkətləri artıq Azərbaycanla birlikdə bu regional ticarət dəhlizlərində təmsil olunublar. Bu siyahı artmaqda davam edir. Avropada bir çoxları bu strateji ticarət sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Azərbaycan təqdim etdiyi fürsətləri və infrastrukturu qonşularla, eləcə də Asiya və Avropa ölkələri ilə bölüşür. Burada Şərq-Qərb, Şimal-Cənub və müəyyən sinergiya effekti də mümkündür”.

E.Məmmədyarov sözlərinə əlavə edib ki, Azərbaycan özünü regionda, eləcə də Aİ ilə münasibətlərində etibarlı tərəfdaş kimi doğruldub:

“Təəssüflər olsun ki, Aİ-nin və Azərbaycanın qonşuluğunda bəzi məsələlər hələ də, təkmilləşdirilməlidir. Bir sıra regional perspektivlər, o cümlədən bağlılıq, ticarət layihələri və bəzi digər təşəbbüslər həll olunmamış münaqişələrin girovu olaraq qalmaqdadır. Əgər biz birlikdə ŞT vasitəsilə irəliləyiriksə, onda Aİ-nin qonşuluq siyasətinin məqsədlərinə nail olmaq üçün münaqişələrin nizamlanması və işğalın aradan qaldırılması məsələləri öz həllini tapmalıdır.

Avropa Parlamenti tərəfindən 2013-cü ilin oktyabrında qəbul edilmiş qətnamədə bəyan edildiyi kimi, Aİ-nin bir tərəfdaşı digər tərəfdaşının ərazisini işğal edə bilməz. Beləliklə, burada təkcə BMT Təhlükəsizlik Şurası, BMT Nizamnaməsi və ya ATƏT sənədləri deyil – Aİ-nin qanunverici qurumu hər şeyi öz adı ilə adlandırmışdır. İnanırıq ki, ŞT-nin gələcəyi və uğuru məhz bölgədə təhlükəsizlik və sabitliyin qoruna biləcəyindən asılıdır.

Buna görə, Aİ və onun üzvləri daxil olmaqla, ŞT-də iştirak edən bütün tərəflər ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərini tam şəkildə dəstəkləməli və onlara əməl etməlidir. Bu mövqeyə bütün səviyyələrdə və bütün formatlarda qəbul olunan bütün sənədlərdə riayət olunmalı və məhz belə yanaşma əsas meyar kimi götürülməlidir”.
BAKU.WS