VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı şəhərindəki parkinqlərdən qanunsuz olaraq pul yığan şəxslərin sayı kütləvi şəkildə artıb. Həmin şəxslər sürücülərdən zorla pul alırlar.

Belə hallardan biri də ötən gün bizim əməkdaşların başına gəlib. Belə ki, BAKU.WS-in baş redaktoru Azad Əliyev avtomobilini park edərkən, özünü Üzeyir Nəsirov kimi təqdim edən şəxs əraziyə gəldi.

Həmin şəxs “İskəndər Asa Parkinq” MMC-nin əməkdaşı olduğunu desə də, heç bir sənəd təqdim etməyib, Kövkəb Səfərəliyeva küçəsində avtomobil saxlamağa görə 1 manat tələb edib.

Pulun əsasında çek tələb etdikdə isə həmin şəxs çek verməkdən imtina edib. Özünü Üzeyir Nəsirov kimi təqdim edən şəxs bildirib ki, onun fəaliyyəti tam qanunidir və bu işinə görə gündəlik plan verir.

“Mən dövlətə vergi verirəm. Gündəlik də 50 manat haqq ödəyirəm”, - deyə Üzeyir Nəsirov bildirib.


Deyilən ərazidə sakinlərdən öyrəndik ki, həmin şəxs uzun müddətdir maşın sahiblərindən pul alır.

Bəs həmin şəxsin fəaliyyətinə kim nəzarət edir. Bunu öyrənmək üçün ilk öncə Bakı şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Bakı meriyasının mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov BAKU.WS-ə açıqlamasında bildirdi ki, hazırda bu məsələdə boşluq var.

“Ötən ilin aprel ayından struktur dəyişikliyilə əlaqədar dayanacaqlarla bağlı bütün səlahiyyətlər Bakı şəhər İcra Hakimiyyətindən alınıb və Bakı Nəqliyyat Agentliyinə verilib. Onlar da bəzi yerlərdə qəbul ediblər, bəzi yerlər qalıb havada.

Buna görə də, bəzi şəxslər bundan istifadə edirlər. Məhz buna görə də, bəzi problemlər yaranıb”, - deyə İsrafil Kərimov bildirib.

Məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyilə əlaqə saxladıq. Qurum rəsmisi Mais Ağayev BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu barədə dəfələrlə müraciətlər olunub və problem hələ də həllini tapmayıb.

“Biz bununla bağlı bir neçə dəfə açıqlama vermişik, bir daha da təkrar edirik. Bu şəxslərin fəaliyyəti BNA ilə əlaqəli deyil və tam qanunsuzdur. Məsələ ilə bağlı BNA prokurorluq orqanlarına da müraciət edib. Parklanma yerləri ilə bağlı qiymətlər hələ təsdiq edilməyib. Bununla bağlı Nazirlər Kabinetinə müraciət olunub”, - deyə Mais Ağayev bildirib.


Daxili İşlər Nazirliyinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov BAKU.WS-ə bildirdi ki, əgər bu barədə müraciət daxil olursa, məsələ mütləq araşdırılır.

“Əgər vətəndaşların dayanma-durma ilə bağlı müraciətlərin işlənməsindən söhbət gedirsə, sözsüz ki, 1 manat alan şəxs barədə qanunvericilikdə nəzərdə tutulan tədbirlər görmək üçün hadisə yeri barədə məlumat alınıb həmin ərazi barədə polis idarələrinə məlumat verilir.


Əgər kimsə qanuni parklanma yerində dələduzluq edirsə, alınan məbləğin böyük-kiçikliyindən asılı olmayaraq, bununla bağlı aidiyyatlı yerli polis şöbələrinə məlumat verilir.

Təbii ki, BNA tərəfindən belə faktların qarşısının alınması üçün müraciət edilibsə, təbii ki, müraciətdə göstərilən ərazi üzrə rayon polis şöbələrinə məlumat verilir. Müraciət əsasında tədbir görülür. Dayanma-durma yerlərinə nəzarəti BNA edir. Kimsə dələduzluq edirsə, bizə deyirlərsə, mütləq tədbir görüləcək”, - deyə Vaqif əsədov bildirib.

Məsələ ilə bağlı Vergilər Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov BAKU.WS-ə bildirdi ki, adıçəkilən şirkət eyni adlı holdinqin tərkibindədir.

Sonda bu nəticəyə gəldik ki, şəhərdə parklanmaya görə hazırkı şəkildə pul yığılması qanunsuzdur. Lakin hələ də, şəhərdə başı papaqlı, qara geyimli insanlar sürücülərə hücum edir, qoçuluq edərək, insanları talayırlar. Bu iyrənclik uzun müddətdir davam edir və bu "soyğunçu"lara dur deyən yoxdur!" Ümid edirik tez bir zamanda müvafiq qurumlar bu özbaşınalığa dur deyəcəklər! 

Cavid Babayev
BAKU.WS