SİZİN REKLAM BURADA!
055 213 76 73



Dövlət orqanlarının mətbuat xidmətlərinin yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki, dövlət qurumlarının fəaliyyəti ilə yanaşı, həm də KİV əməkdaşlarının işinə yarayar.

Azərbaycanda dövlət qurumlarının mətbuat xidmətlərinin hamısı media ilə eyni səviyyədə çalışmır. Dəfələrlə bu barədə jurnalistlər arasında sorğu keçirilib və sorğunun nəticələrinə uyğun olaraq jurnalistlərlə mütəmadi çalışan mətbuat xidmətlərinin əməkdaşları sorğuda sıralanıb.

Bəs qurum sözçüləri jurnalist və mətbuatımızın fəaliyyətindən razıdırlarmı?

Bu suala cavab tapmaq üçün BAKU.WS saytı ilə sıx əməkdaşlıq edən mətbuat xidmətlərinin rəhbərlərinə və əməkdaşlarına müraciət etdik. Sorğumuzda iştirak etməkdən imtina edən qurum sözçüləri də tapıldı. Lakin əksəriyyəti suallarımıza cavab verdi.

Onları təqdim edirik:

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova:


“Səhiyyə hər bir insanın, vətəndaşın ünsiyyətdə olduğu, gündəlik həyatda ən tez-tez müraciət etdiyi, belə desək, ən publik, çoxşahəli bir sahədir. Və bu sahə istər- istəməz bütün ölkə mətbuatının diqqət mərkəzindədir. Hər kəslə işləməyə məcburuq çünki bu bizim işimizdir.

Sualını formalaşdırıb, oxucu ucun maraq kəsb edəcək hər bir sualı cavabandırıram, ən azından səy göstərirəm. Özümün də bəhrələndiyim, hər gün oxuduğum saytlar var ki, onlardan biri də elə Baku.ws-dir

Bundan başqa, konkret ad çəkməyə lüzum yoxdur. Kimlərlə çalışdığımı özləri məndən də yaxşı bilir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova:


“KİV nümayəndələri ilə ünsiyyətdə olmaq təmsil etdiyimiz qurum üçün çox önəmlidir və Nazirlikdə media ilə əlaqələrə xüsusi əhəmiyyət verilir. Ölkədə fəaliyyət göstərən bütün televiziya, radio, xəbər agentlikləri, saytlar və qəzetlərlə sıx əməkdaşlıq edirik.

Əməkdaşlıq etdiyimiz jurnalistlərin peşəkarlığı bizi qane edir və KİV nümayəndələri ilə formalaşmış münasibətlərdən, media təmsilçilərinin səmimi rəftarından, səmimiyyətlə deyirəm ki, məmnunuq. Nazirlik adından hər birinə təşəkkür edirəm”.

Energetika nazirinin müşaviri Zəminə Əliyeva:


“Biz bütün media orqanları ilə işləyirik.

Enerji məsələləri ilə maraqlanan KİV-lə isə əlaqələrimiz daha sıx olur. istər yerli, istərsə də xarici media orqanlarının Azərbaycandakı təmsilçiləri həmişə enerji sektorunda baş verən hadisələri, yenilikləri operativ və peşəkar şəkildə təqdim edirlər

Ona görə də biz onların hər birinin fəaliyyətini yüksək qiymətləndiririk”.

Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru Kənan Zeynalov bildirib ki, əsasən “Mətbuat.az”, “Qafqazinfo”, “Trend.az” saytları ilə mütəmadi işləyir.


“BAKU.WS saytından Ziya Babayev, Trend Agentliyinin əməkdaşı Samir Gülalıyev, keçmiş APA agentlyiinin əməkdaşı Hafiz Heydərov, Səlcuq Elçin, “Qafqazinfo” saytından Murad Əhməd, Günel Əbilova ilə sıx əməkdaşlıq edirik.

Adlarını çəkdiyim insanlar intizamlı, səriştəli və informasiyanı dəqiqləşdirib yazmağı sevən jurnalistlərdir. Onlar peşəkarlığı ilə seçilirlər”.

Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Çingiz Əli-zadə bildirib ki, bir çox jurnalistlə əlaqə saxlayır.

“Çalışdığım jurnalistlərin əksəriyyətinin fəaliyyətindən razıyam. Lakin daha çox BAKU.WS saytından Ziya Babayev, keçmiş APA agentlyiinin əməkdaşı Hafiz Heydərov, Trend Agentliyinin əməkdaşı Samir Gülalıyev, “Mətbuat.az” saytından Tural İsmayılov, Xəyalə Məmmədovanın işlərindən çox razıyam”.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzinin Media bölməsinin rəhbəri Şahin Məmmədov:


“Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzi olaraq bütün KİV-lə sıx əlaqədə işləməyə çalışırıq. Bunun üçün çoxsaylı kommunikasiya vasitələrindən və alətlərdən istifadə edilir.

Vergilər Nazirliyin rəsmi saytı ilə yanaşı facebook, tvitter, instaqram kimi sosial şəbəkələrdə səhifələrimizdən istifadə etməklə məlumat axınını sürətləndirməyə və operativliyini artırmağa çalışırıq.

Media üçün brifinqlər, mətbuat konfransları təşkil edir, KİV nümayəndələrinin tədbirlərdə iştirakı təmin edilir.

2019-cu ildən medianın, iqtisadi sahədə çalışan ekspertlərin və ümumiyyətlə vergi ilə maraqlanan hər kəsin məlumatlılıq səviyyəsini artırmaq üçün vergiler.az informasiya portalı yaradılıb.

Bu vergi sahəsində məlumatların operativ və geniş yayılmasına yardım edir. Mediada çıxış edən iqtisadi ekspertləri də aparılan islahatlar və dəyişikliklər barədə zəruri məlumatla təmin edirik. Əsas məqsədimiz vergilərlə bağlı məlumatlara əlçatanlığın asanlaşdırılmasıdır.

KİV-ə gəldikdə, qeyd etməliyik ki, təkcə media orqanları ilə deyil, həm də bu sahədə çalışan müxbirlərlə ünsiyyətin gündəlik saxlanması vacibdir. Aparıcı saytlarda iqtisadi sahədə yaxşı bilikli və məlumatlı müxbirlər çalışır.

Onlar bu gün iqtisadi xəbərlərin əsas yaradıcısı və yayıcılardır. İqtisadi sahədə çalışan müxbirlərin sayı çox deyil, buna görə də onların tam məlumatlandırılması, sahə üzrə əsas biliklərə sahibləndirilməsi, sorğularının cavablandırılması istiqamətində çalışırıq”.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli:


“Jurnalistlərin və mətbuu orqanların fəaliyyətini yaxşı qiymətləndirirəm. Biz “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi olaraq bütün mətbu orqanları ilə işləyirik. Onlar arasında heç bir fərq qoymuruq. Hamısı bizim əzizlərimizdir və dostlarımızdır.

İş prosesində müəyyən çətinlik və anlaşılmazlıqlar olur. Lakin qısa müddətdə yaranmış problemlərə aydınlıq gətiririk. Anlaşılmazlıqlar aradan qaldırılır”.

"Azərsu" ASC mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı:


“Çalışmışıq ki, həmişə mətbuata açıq olaq və onların suallarına cavab verək. Mətbuatda qaldırılan problemlərin həllini köməklik edək. Hansısa problemlərə operativ yanaşmağa çalışırıq. Bu səbəbdən də, mətbuatımızın fəaliyyətini yaxşı qiymətləndirirəm.

Bu gün mətbuatımızın əksəriyyətində “Azərsu” ilə əməkdaşlıq edən jurnalistlər var. Qurumla bağlı xəbərlər və araşdırma yazılarla bağlı birgə işləyirik. Mətbuatımız ildən ilə bu sahədə irəliləyiş əldə edir.

Əvvəllər hansısa mətbu orqandan eyni quruma müxtəlif əməkdaşlar zəng vururdular. Bir gün siyasətdən yazan, sabahı mədəniyyətdən yazan zəng vururdu. Burada sual veriləndə, yazı hazırlananda çatışmazlıq olurdu.

Biz də öz növbəmizdə çalışırıq TV, radio, qəzet, jurnal və saytların suallarına cavab verməyə çalışırıq. Bu baxımdan Azərbaycanda onlarla KİV nümayəndəsi var ki, birbaşa “Azərsu” ilə işləyirlər.

Son dövrlər KİV və öz işimizi məhsuldar qiymətləndirirəm”.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Rüfət Quliyev:


“Azərbaycan Polisinin, o cümlədən Dövlət Yol Polisinin respublikamızda ictimai–siyasi sabitliyin, əmin-amanlığın, yol hərəkəti iştirakçılarının həyat və sağlamlaqlarının qorunub saxlanılmasında oynadığı rolu, qazandığı uğurları obyektiv işiqlandıran, ölkəmizin rifahı naminə bizimlə çiyin-çiyinə çalışan hər bir KİV nümayindəsi, ictimai fəal bizim üçün əziz və dəyərlidir.

Peşə etikasını, jurnalistikanın ali dəyərlərini fəaliyyətində rəhbər tutan hər bir jurnalist vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rol oynayır.

Bir daha qeyd edirəm ki, sağlam əqidəli, ürəyi vətən sevgisi ilə dolu olan hər bir qələm əhli ilə vətənimizin tərəqqisi naminə birgə addımlamağa həmişə hazırıq”.

Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri polis mayoru Elşad Hacıyev:


“İnformasiya vasitələrilə əməkdaşlıqda maraqlıyıq.

Bu əməkdaşlıq işgüzar səviyyədə qurulmasında bizim üzərimizə düşən nə aslıdırsa, onların icrasına çalışırıq. Xüsusən polis-vətəndaş münasibətlərinin formalaşmasında, tənzimlənməsində, bu münasibətlərin dərinləşməsində və bu işdə bizə kömək edən, bu məsələləri təşviq edən mətbuat orqanları ilə işin səmərəli qurulməsı bizim üçün əhəmiyyətlidir.

Həmişə bu məsələləri diqqətdə saxlayırıq”.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov:


“Ümumən kütləvi informasiya vasitələrinin fəaliyyətindən narazı deyiləm.

Hətta əksərən sərlövhəsi ilə mətni uyğun gəlməyən, sərlövhəsi daha çox sensasiyaya meyilli olan, yaxud yalnız nöqsan və qüsur axtarmağa meyilli olanlarla, tam ciddi informasiya istehsalı ilə məşğul olan mətbuat arasında fərq qoymuruq və bu, rəhbərliyin qarşıma qoyduğu vəzifədir.

Mətbu orqanın fəaliyyətinə əsl qiyməti müəyyən zaman çərçivəsində insanlarımız, cəmiyyətmiz özü verir. Bu daha çox cəmiyyətin öz inkişaf templərinə bağlı məsələdir. Mətbuat həm də cəmiyyətimizin aynasıdır. Mənim istəyimlə olsaydı, daha çox ixtisaslaşma tərəfdarıyam.

"Bakı Metropoliteni" QSC-nin konkret iş qurduğu və yaxud üstünlük verdiyi mətbu orqanı yoxdur.

Fərq qoymamağımımız nümunəsi məlumatların ötürülməsidir. Məlumatı ayrıseçkilik qoymadan elektron qaydada bütün mətbuata, hətta istəyən sərnişinlərə də eyni vaxtda göndərirəm.

Artıq həmin məlumatdan necə istifadə olunması həmin mətbu orqanın öz işidir və buna qarışmırıq da. Yalnız təhrifə yol verilməməsi bizim üçün əhəmiyyətlidir. Bu səbəbdən bəzən məlumatı tam ətraflı formada təqdim edirik.

Bir sahədən bir neçə məlumat olanda, onu da ayrı-ayrılıqda deyil, eyni məlumat daxilində paylaşırıq. Həmin məlumatın bir və bir neçə xəbər formatında verilməsi də, mətbu orqanların öz işidir.

Məlumatlar yayıldıqdan sonra öz rəsmi internet səhifəmizdə və sosial şəbəkələrdə yayımlayırıq. Bu mənada mətubatın öncüllüyünü qəbul edirik.

Qalan hallarda isə istər jurnalisti, istər ictimaiyyəti maraqlandıran məsələlərə fərdi qaydada yanaşırıq. Təbii ki, bəzən araşdırma tələb edən məsələlərlə bağlı şifahi deyil, rəsmi yazılı müraciət formasında olmasını da xahiş edirik.

Səbəb isə metropolitenin çox mürəkkəb infrastruktura malik sahə olması və bəzən sualların cavabının müxətlif sahələrdən məlumatlar və ya araşdırma tələb etməsidir.

Bundan savayı, iki məsələyə xüsusi fikir veririk: metropolitenin strateji obyekt olması və təhlükəsizliyin təmin edilməsi. Doğrudur, bu tələblər böyük əksəoiyyətlə, foto və videoçəkilişlərə aid olur.

Çoxdan tanısaq da bir-birimizi hətta səni özünə də ümumi olan məlumatları fədi qaydada vermək fikrim yoxdur. Öncüllük yalnız sənin müraciət etdiyin mövzularda ola bilər.

Buna da köhnə və ədalətli tanış kimi obyektiv qəbul etdiyini bilirəm. Çünki mənim vürəcəyim xəbər deyil. Sizin ümumi fəaliyyətiniz reytinqiniz, populyarlığınızı müəyyən edir”.

Təhsil Nazirliyinin mətbuat xidmətiin rəhbəri Cəsarət Valehov:


“Düşünürəm ki, bizim xeyli sayda peşəkar jurnalistlərimiz var. Onlar çaparaq informasiya hazırlamağa qaçmırlar. Xəbərin mahiyyətini tutmadan, sadəcə anını gözləyirlər ki, informasiya ildırım sürətilə yayılmalıdır.

Elə media qurumlarımız var ki, çalışırlar hadisənin bütün təfsilatını götür-qoy edirlər və ondan sonra xəbərin yayımı ilə bağlı qərar verirlər.

Başa düşürəm ki, burada operativlik və vaxtın itirilməməsi önəmli haldır. Dünyada da bu çox vacib faktdır. Bir çox hallarda çaparaq hazırlanan xəbərlərin verilməsi peşəkarlıq sayılır.

Şübhəsiz ki, mən bütün mediamızdakı jurnalistləri dəyərləndirə bilmərəm. Sadəcə mən bizimlə işləyən jurnalistlər var ki, onların hamısından razıyıq. Onlarla işləməkdən zövq alırıq.

“Trend”, keçmiş APA-nın əməkdaşları, “Qafqazinfo”, BAKU.WS saytı bu prinsiplərə cavab verir. İstəyirəm sizin saytı bir az tənqid edim. BAKU.WS saytında informasiyaların tələsik verilməsinə meyil var.

Ümumiyyətlə adını çəkmədiyim kifayət qədər həmkarlarımız var ki, peşələrinin öhdəsində gəlirlər. Onlar Azərtac komandasından olan jurnalistlərdir. “Azvision”, “modern.az” və s. İstər adını çəkdiyim və çəkmədiyim mediada çalışan həmkarlarımıza uğurlar arzulayıram.

Hadisənin araşdırılması və onun rənginə uyğun informasiya verilməsi daha vacibdir”.

İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyev:


“İqtisadiyyat Nazirliyi olaraq kütləvi informasiya vasitələri ilə əməkdaşlığa böyük önəm veririk, bu sahədə fəaliyyətimizi media qurumları ilə sıx əlaqə və yaxından əməkdaşlıq şəraitində qurmuşuq.

Nazirliyin fəaliyyəti nəticəsində yaranan məlumatların ictimaiyyətə çatdırılmasında körpü rolunu oynayan kütləvi informasiya vasitələri ilə əlaqələrımizi daha da genişləndirməyə çalışırıq.

Kütləvi informasiya vasitələri də öz növbəsində, məlumatlarımızı dolğun, obyektiv və operativ şəkildə işıqlandırır. Bu baxımdan, hansısa media qurumunu fərqləndirmək istəməzdim. Ümumilikdə, KİV-lə əməkdaşlığımız sıx və qarşılıqlıdır”.

Bakı Beynəlxalq Avtovağzalına mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova:


“İlk öncə bütün jurnalist dostlarımıza işlərində uğurlar arzulayıram.

Bu peşə olduqca çətindir və məsuliyyət tələb edir. Yazdığınız məlumatlarla geniş auditoriyaya təsir gücünə maliksiniz, əziz dostlar. Qələminiz iti, yolunuz açıq, sözünüz kəsərli olsun!"

Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərzəliyeva:


“İşimizlə bağlı demək olar ki, mütəmadi əksər KİV-ləri izləyirəm. Həm TV və qəzetlər, həm də online mediada çalışan jurnalistlər ilə sıx əməkdaşlıq edirik. Doğrudur, ölkədə kifayət qədər KİV var.

İzlədiyimiz, əməkdaşlıq etdiyimiz jurnalistlərin, media qurumlarının siyahısı olduqca genişdir. Təbii ki, rəsmi media orqanlarını ilk növbədə izləyirik. Eyni zamanda müstəqil KİV-lərlə əməkdaşlıq da bizim üçün çox önəmlidir.

Ona görə də fərq qoymaq, ayırmaq istəməzdim.

Sadəcə bir məsələni qeyd etmək istərdim ki, ölkədə fəaliyyət göstərən KİV-lər əhalinin qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi və məlumatlandırılmasında böyük rol oynayır.

Odur ki, bu sahədən yazan jurnalistlərdən xüsusi sahə olduğunu nəzərə alıb daha diqqətli olmağı, mövzunu dərindən araşdırmağı xahiş edirəm. Biz də həmişə həmkarlarımızın suallarını cavablandırmağa hazırıq”.


Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev:


“Şəhər nəqliyyatında tətbiq edilən yeniliklər həyata keçirilən dəyişikliklərin uğurlu olması, hədəflənən nəticlərin əldə olunması baxımında əhalinin düzgün və operativ məlumatlandırılması vacib məsələdir.

Bu səbəbdən də Bakı Nəqliyyat Agentliyi hər zaman məlumatlandırma və maarifləndirməyə böyük önəm verir. Bu işdə təbii bizim ən böyük dəstəkçimiz KİV-dir.

Bunun üçün hər bir media işçisinə təşəkkür borcumuz var. 3 ildən bir az artıq zamandır Mətbuat katibi olaraq xidmət edirəm. Ümumilikdə jurnalist dostlarımıla işləmək ayrıca bir zövqdür.

Amma konkret olaraq deyim ki, modern, trend,azertaj, baku.ws,avtosfer, report, qafqazinfo, unikal, virtual, azvision kimi ciddi online media qurumları işləmək daha rahat və xoşdur.

Adı sadaladığım bu media qurumları hər zaman məsələlərə konstruktiv və peşəkar yanaşmaları ilə fərqləniblər.

İnformasiya Agentliklərindən danışarkən bu gün fəaliyyət göstərməsə də apa.az-ın da adını da xüsusi qeyd etmək istərdim. İnşallah onun yoxluğunu "ona" unutduracaq”.

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsin rəisi Natiq Axundov:


“Ümumilikdə hamısı ilə sıx əməkdaşlıq edirik, daxil olan sualları, sorğuları vaxtında, qanunvericiliyə uyğun şəkildə cavablandırmağa çalışırıq. Medianın gömrk sahəsini mümkün qədər daha dərindən öyrənməsini istərdik ki, bu həm dəqiq və əhatəli reportajların hazırlanmasına şərait yaradar”.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova:


“Görülən işi, vətəndaşa-sərnişinə-sürücüyə-müfəttişə, bir sözlə yolun bütün iştirakçılarına vermək istədiyimiz mesajı obyektiv çatdıran dostlara təşəkkür edirəm ilk növbədə. Konkret ad çəkmək çox çətindir".

Ziya SƏCCAD
BAKU.WS