SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS-in budəfəki müsahibi tanınmış oftalmoloq-cərrah Emil Yusifovdur. 

- Azərbaycan səhiyyəsinin, xüsusi ilə də oftalmologiyanın bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycanda səhiyyə gündən-günə daha yaxşı vəziyyətə gəlir. Gündən-günə göstərdiyimiz xidmətlərin sayı çoxalır və biz daha da professionallaşırıq. Təbii ki, 90-cı, 2000-ci illərin əvvəllərini indiki vəziyyətimizlə qarşılaşdırsaq, çox ciddi fərq var. Çox qabağa getmişik. Oftalmologiya da belə bir sıçrayış oldu. Son 10 ildə Azərbaycanda daha öncə olmayan şeylər oldu və xidmətin keyfiyyəti əvvəlkindən heç bir şəkildə qarşılaşdırılmadı. İndi Azərbaycanda dünya səviyyəsinə çıxan oftalmologiya var. Düzdür, bəzi ağsaqlıqlar da var. Ağsadığımız nöqtələrdən ən önəmlisi buynuz qişa transplantasiyası ilə bağlıdır. Milli Məclisdə hələ də bununla bağlı qərar qəbul edib istifadəyə verə bilmirlər. Orqan transplantasiyası ilə bağlı qanuna dəyişikliklər olmalı idi. Bunu praktik vəziyyətə gətirə bilmirik. 

- Oftalmologiya sahəsində xəstələrin xaricə axının azalmasını da müsbət hal kimi saymaq olar...

- Əvvəllər xaricə ciddi axın var idi. Oftalmologiyada isə artıq xaricə axın, demək olar ki, dayanıb. Xaricə axını tam olaraq dayandırmaq mümkün deyil. Bu, tibbdə sərbəst bazardı. Xəstə hər hansısa bir ölkəyə getməyi üstün tuta bilər. Hətta Amerikadan da bura xəstələr gəlir. Mənim Amerika və Rusiyadan əməliyyat etdiyim bir sürü xəstə olub. Söhbət total axından gedirsə, o axının qarşısı alınıb. Əvvəl Gürcüstana, İrana axın var idi. O axın artıq dayanıb. Ölkəmizdəki tibbin səviyyəsi o ölkələrdəkindən heç də aşağı deyil, hətta qat-qat daha üstündür.



- Son illər uşaqlarda göz problemlərinin artmasının səbəbi nədir?

- Əvvəllər əhalinin bir qismi kənddə yaşayırdı, indi isə şəhərdə yaşayır. Biz daha bağlı mühitdəyik. Önümüzdə həmişə binalar var. Görməmiz üfüq nöqtəsinə odaqlanmır. Biz baxanda bina görürük. Uşaqların eynəkdən çox istifadə etmələri dolayı yolla bununla bağlıdır. Təbii ki, kompüter, telefon, planşet.  

- Fəaliyyətiniz boyu etdiyiniz ən unudulmaz əməliyyatınız hansı olub? 

- Yadda qalan, yəqin ki, Türkiyədə etdiyim ilk katarakta əməliyyatıdır. Onu etdiyim zaman çox "mutlu" idim. Çox sevinmişdim. Təhsilimin başlanğıcında ilk əməliyyat etdiyim xəstədən çox böyük zövq almışdım. O əməliyyatı etmək hədəfim idi. Bir də ilk torlu qişa əməliyyatını etdiyim zaman çox sevinmişdim.


- Gözlərimizi qorumaq üçün daha çox hansı qidalara üstünlük verməliyik? 

- Çox meyvə-tərəvəz yemək lazımdır. Təbii ki, balıq çox xeyirlidir. Balığın içində doymamış yağlar, omega 6 yağları var. Bunlar həm bəzi xəstəliklərin qarşısını alır, həm də sağlam yaşlanmaya kömək edir. Turuncu və yaşıl meyvə-tərəvəzə üstünlük vermək lazımdır.

- Hələlik oxucularımıza deyəcəkləriniz...

- Həkimə vaxtı-vaxtında müraciət etmək lazımdır. Bu, önəmli məsələdir. Həkimə müraciət etdiyiniz zaman mütləq onu araşdırın. Tibbi dələduzlardan uzaq olun.

Videomüsahibədə dr. Emil Yusifov sosial şəbəkə istifadəçilərinin katarakta, toyuq korluğu, linza seçimi və s. problemlərlə bağlı suallarını da cavablandırıb.  

Dr. Emil Yusifovla əlaqə:

Mob.: (+994) 77 331 10 08
https://www.instagram.com/dremilyusifov/ 
https://www.facebook.com/eyusifov

Azad ƏLİYEV
BAKU.WS