VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Üzərindən həbs götürülməyən və 9 ildir istifadəsiz qalan kompleks dağılıb-tökülür, həyətini kol-kos basıb; uşaq məktəbi fəaliyyətdədir, pulla girənlərin isə pulu batdı...

Bir vaxtlar bu universitetin qarşısı “qaynayırdı”. Tələbə izdihamı, onları daşıyan marşrutlar, ətrafdakı dönərxanalar, kafelər, internet klubları, şirniyyat dükanları fasilə vermirdi, gecə-gündüz işləyirdi.

Bura şəhərin aktiv məkanlarından birinə çevrilmişdi. Elə ki, həmin ali məktəb - Azərbaycan Beynəlxalq Universitetinin lisenziyasına xitam verildi, buranın bazarı hərtərəfli öldü.

İndi Bakının 7-ci mikrorayon istiqamətinə, yəni ABU-nun yanına cəmi bir marşrut xətti işləyir. Bu da ətrafda yaşayanların işini çətinləşdirib. 2010-cu ildə fəaliyyəti dayandırılmış ABU-nun nəhəng bina kompleksi 9 ildir istifadəsiz qalıb.


Hətta Xarici Dairəvi küçənin adı dəyişib, qazax yazıçısı Abay Kunanbayevin adı verilib, yazıçının barelyefi universitetin girişinə vurulub.

Neçə ildir ki, ABU-nun həyətinin bir hissəsi metro deposudur, idman sahəsi “Bakı Metropoliteni” QSC tərəfindən alınıb, yerdə qalan geniş həyəti isə otlar, kol-kos basıb, bina bomboş qalıb.

Universitetin Fransaya qaçmış və barəsində İnterpol vasitəsilə axtarış elan edilən rektoru Elşad Abdullayev bu mülkü özəlləşdiribmiş. Prokurorluq isə həmin əmlakın üzərinə həbs qoyub və bu günə qədər götürülməyib.

Əvvəllər söz-söhbət gəzirdi ki, universitetlərdən biri bu binaya köçürüləcək. Nə də olmasa hər bir avadanlıq, şərait var, istifadəyə yararlıdır. Amma E.Abdullayevin obyektinin üzərindəki həbs nə satışına, nə istifadəsinə imkan verir.

Ona görə ərazidən səhər saatlarında çəkiliş apararkən gördük ki, içəri dağılıb-tökülüb, darvazalar qıfıllanıb, giriş mümkün deyil. ABU uşaq məktəbinin binası isə “ERA” tam orta ümumtəhsil məktəbinə verilib.

Bildirək ki, 2010-cu ildə ABU-nun lisenziyası ləğv edilən kimi rektoru Fransaya qaçaraq, oradan keçmiş deputat Gülər Əhmədovanın, iş adamı Arzu Kazımovun həbsinə səbəb olan videolar yaydı.


Bununla yanaşı, E.Abdullayevin özünün də vətənə qayıdışı mümkün olmadı, özü barəsində də cinayət işi davam edir. Ölkəyə dönəcəyi halda istintaqa cəlb olunacaq.

Eks-rektorun qeyri-qanuni tələbə qəbulu, habelə müxtəlif bəhanələrlə tələbələrdən yığdığı külli miqdarda vəsaitlər, şəxsi kabinetindən götürülmüş qeyd vərəqələri ilə bağlı ittihamlar var.

Qanunsuz qəbul olunan yüzlərlə məzunun pulu batdı, diplomsuz qaldı. İndi isə bu böyük təhsil binası 9 ilə yaxındır ki, istifadəsizdir. Halbuki ABU-nun binasından təhsil təyinatlı istifadə etmək olardı.

Bildirək ki, ABU ölkədə rüşvətə bulaşmış təhsil ocaqlarından biri idi. Burada istisna tələbələr semestr imtahanlarından pulsuz qiymət alırdılar.

Bu işi dekanlar və metodistlər həyata keçirirdi, açıq şəkildə pul alırdılar, tələbəni imtahandan kəsirdilər, dövlət imtahanına məzunlar buraxılmırdı, buraxılana isə pul almamış diplom verilmirdi.


O dövrdə semestr imtahanı 150-200 manata, diplom işi isə 1000-1500 manat civarında həllini tapırdı. Dərsə gecikənlərin “qayıb pulu” da ayrıydı.

Burada elə fakültənin elə kursu yoxuydu ki, paralel qanunsuz tələbə qəbulu olmasın. Həmin tələbələrdən 3000-5000 manat alaraq ABU-ya qəbul edirdilər.

E.Abdullayev universitetin bağlanmasına az qalmış müxtəlif çabalar göstərdi, amma bütün bu səylərin heç biri onun qanunsuz əməllərini ört-basdır etməyə köməklik göstərmədi. Nəticədə testdən kənar qəbul edilmiş yüzlərlə məzun diplomsuz qaldılar və bu günə qədər də onların işinə baxılmır. Artıq məsələ bağlanıb.

Azərbaycan Beynəlxalq Universiteti 1997-ci il oktyabrın 17-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb, 1998-ci ildə Təhsil Nazirliyinin 04.12.1997-ci il tarixli 48-11-4058/16 nömrəli qərarı ilə ilk dəfə lisenziya verilib. Universitet 1999-cu ildə 6 il müddətinə, 2005-ci ildə isə 5 il müddətinə yenidən lisenziya alıb.


2010-cu il iyul ayının 8-də Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş lisenziyanın müddəti bitdiyi üçün bu məsələyə yenidən baxılması, eləcə də bu ali məktəbdə tədris prosesinin təşkili vəziyyətinin araşdırılması məqsədilə ekspert qrupu yaradılıb.

Ekspert qrupu ali məktəbin maddi-texniki bazası ilə tanış olmaqla, universitet rəhbərliyinin və Təhsil Nazirliyinin müvafiq şöbələrinin təqdim etdiyi sənədləri təhlil etməklə araşdırma aparıb.

Araşdırma zamanı məlum olub ki, 2005-ci illə müqayisədə Azərbaycan Beynəlxalq Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində müəyyən işlər görülsə də, tədris prosesinin təşkilində normativ sənədlərin tələblərinə riayət olunmayıb, hətta daha ciddi pozuntulara yol verilib.

“Yeni Müsavat”