VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Mən dəyirmi pəncərədən (illüminatordan) baxıram və ağlasığmaz dərəcədə dəhşətli mənzərədən sözün əsl mənasında diksinirəm. Gün düşməyən yerlərində hələ də bozarmış qarın olduğu dağın ətəyində, saralmış otların üstündə cansız insanlar uzanıb. Yaxın üfüqə qədər uzanan bu nəhəng meydan qadınların, kişilərin, qocaların, südəmər körpələrdən tutmuş yeniyetmələrə qədər bütün yaşlardan olan oğlan və qızların meyitləri ilə doludur”.

BAKU.WS
 xəbər verir ki, rusiyalı jurnalist Yuri Romanov Xocalı faciəsinin törədildiyi yerə səfərini özünün "Mən müharibəni çəkirəm" kitabında belə xatırlayır.

Rusiyalı jurnalist Dmitriy Plotnikov Lenta.ru saytında "Azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar" adlı məqaləsində Xocalı qətliamından bəhs edilir. Jurnalist məqaləsində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı tarixi faktlara söykənərək təsdiqləyir. 

Məqaləni ixtisarla təqdim edirik:

Erməni qüvvələri artıq 1991-ci ilin payızından Xocalını blokadaya almağa başlamışdılar. 1992-ci ilin yanvarında Xocalı artıq fəlakət ərəfəsində idi. Şəhərə elektrik enerjisi, su, istilik verilmirdi. Telefon rabitəsi işləmirdi. Şəhərə sonuncu vertolyot fevralın 13-də uçdu, ondan sonra pilotlar həyatlarını riskə atıb Xocalıya uçmaq istəmədilər.

Xocalıya hücum
Hücum anında Xocalıda iki mindən 4 minədək sakin yaşayırdı. Qarnizonda isə cəmi bir neçə yüz insan vardı. Həm də hərbi kadrlar - Azərbaycanın Milli Ordusunun əsgərləri və OMON döyüşçüləri azlıq təşkil edirdi, əsasən milislər idi. Xocalı aeroportunun müdafiəsinə Əlif Hacıyev rəhbərlik edirdi.

Xocalıya hücumu həyata keçirən 366-cı polkda əsasən erməni əsgərlər və ermənipərəst əsgər və zabitlər idi. Məhz kimin hücum əmri verdiyi hələ də naməlum qalıb.

Şəhərə 25 fevral gecə saat 23.00-dən etibarən artilleriyadan atəşə tutmağa başladılar. Fasiləsiz olaraq Xocalı toplardan və müxtəlif artilleriyadan atəşə tutulurdu.

Gecə saat birdən etibarən erməni əsgərləri dağıdılmış şəhərə girməyə başladılar. Şəhərdə sonuncu müqavimət nöqtələri səhər saat 7-də susdurulub.

                           Xocalı raket zərbələrindən sonra... Mart 1992-ci il

Şəhəri tərk edənləri qorumaq üçün Əlif Hacıyev bir qrup OMON-çu ayırmışdı. Jurnalist ehtimal edir ki, ola bilsin Xocalı istiqamətindən gələn sakinlərlə birlikdə olan OMON-çularla Əsgəran istiqamətindən onları qarşılayan erməni dəstələri arasında doğrudan da atışma olub. Sağ qalan azərbaycanlı qaçqınlar deyirlər ki, onlar doğrudan da atışmanın şahidi oldular, amma birinci ermənilər atmağa başlamışdı. Fevralın 26-sı səhər saatlarında çəkilmiş fotolarda öldürülənlərin arasında həqiqətən bir neçə hərbi geyimli azərbaycanlıya rast gəlinir, amma ölənlərin böyük əksəriyyəti mülki insanlar idi.

                           Xocalı qətliamdan sonra - Mart 1992-ci il

Müəllif Xocalının rus sakini Sergey Bondarevin dediklərini sitat gətirir: “Birdən Əsgəran tərəfdən atmağa başladılar. Zəncir halında irəliləyən insanlar bir-birinin ardınca yıxılmağa başladı. Qadınların və uşaqların arasında mən arvadımı gördüm. Qışqırdım ki, yerə yıxılın. Bu, mənim heç vaxt unutmayacağım dəhşətli mənzərə idi: iri cüssəli, dişinə qədər silahlanmış ermənilər qalın qarın içində qaçıb canlarını qurtarmağa çalışan müdafiəsiz qadınlara və uşaqlara atəş açırdı”.

“İki qrup-görünür iki ailə idi, yan-yana uzanmışdı. Qadınların əlləri uşaqları qorumaq üçün onlara tərəf uzanmışdı. Onlardan bəzilərinin, o cümlədən körpə qız uşağının başında dəhşətli yaralar vardı: faktiki olaraq ancaq sifəti qalmışdı. Sağ qalanlar danışırdılar ki, onları yaxın məsafədən, yerdə uzanmış vəziyyətdə güllələyirdilər”-britaniyalı jurnalistlər isə o vaxt qətliamı belə təsvir edirdi.

Rusiyalı jurnalist qeyd edir ki, Xocalının azı 56 sakininin meyitləri təhqir olunmuşdu. “Le Monde” qəzetinin jurnalistləri şahid olmuşdular ki, öldürülənlər arasında gözləri çıxarılanlar, başının dərisi soyulanlar, başı kəsilmiş bədənlər, qarnı yarılmış hamilə qadınlar vardı. Xocalını tərk edənlərin bir qismi güllələrdən xilas ola bilsələr də dağlardan keçib Ağdama tərəf gedərkən soyuqdan donub ölmüşdülər.

                           1992-ci il 26 fevral gecəsi Xocalıda qətlə yetirilən uşaqlar

Xocalıda qalanların da taleyi faciəli olmuşdu. “İzvestiya” qəzetinin müxbiri danışırdı ki, Ağdama əsir ermənilərlə dəyişdirmək üçün gətirilən cəsədləri görəndə hansı hissləri keçirib: “Heç qorxunc gecə yuxusunda da belə şeylər görmək mümkün deyil: çıxarılmış gözlər, kəsilmiş qulaqlar, dərisi soyulmuş başlar, kəsilmiş başlar. Bir neçə cəsədi zirehli transportyorlara bağlayıb xeyli sürümüşdülər. Vəhşiliyin həddi-hüdudu yox idi”.

Müəllif Xocalı qətliamında iştirak edənlərdən birinin-Serj Sərkisyanın sonradan verdiyi müsahibədən də sitat gətirir. “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat eləmək olar, onlar hesab edirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu stereotipi sındırdıq. Baş verənlər bax bundan ibarətdir”-Sərkisyan britaniyalı jurnalist Tomas de Valla söhbətində demişdi...

Plotnikov yazır ki, faciədən illər keçsə də nə Azərbaycan, nə dünyanın müxtəlif ölkələrində azərbaycanlılar onu yaddan çıxarmır. ”Xocalıya ədalət” kampaniyası keçirilir və bu hadisələrin rəsmən soyqırım kimi tanınması üçün beynəlxalq kampaniya aparılır.

Hazırladı Zülfiyyə Qurbanova
BAKU.WS