SİZİN REKLAM BURADA!
055 213 76 73



Dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən şəxslər növbəti dəfə hakim önünə çıxarılıb.

BAKU.WS
 minval.info-ya istinadən xəbər verir ki, onlar xarici ölkə vətəndaşları Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev (barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib), Cəmil Mehtiyev, Əlamət Quliyev, “Zeytun” apteklərdən birinin sahibi Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov (barəsində polis nəzarətinə verilmə qətimlan tədbiri seçilib) və Fərman Məmmədlidir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamını müdafiə edən iki prokuror ittiham aktını elan ediblər.

Elan olunmuş ittihamla təqsirləndirilənlərdən Fikrət Qədiməliyev, Elnur Məmmədov, Fərman Məmmədli, Vasif Xıdırov, Cəmil Mehtiyev özlərini təqsirli bilməyiblər.

Anar Məmmədov və Ateş Atanur özlərini qismən təqsirli biliblər. Təqsirləndirilən Əlamət Quliyev isə özünü təqsirli bildiyini deyib. Məhkəmə təqsirləndirilən şəxslərə sərbəst ifadə verməyi təklif edib. Təqsirləndirilən şəxslərin əksəriyyəti indiki mərhələdə ifadə verməkdən imtina ediblər.

Daha sonra Anar Məmmədov ifadə vermək istəyib. Sərbəst ifadəsində A.Məmmədov deyib ki, təqsirləndirilənlərdən Türkiyə vətəndaşı Ateş Atanuru tanıyır:

“Ateş Atanuru oğlumu məktəbə qoyanda tanıdım. Direktorun tanışı idi. Tanışlığımız oradan yaranıb. Sonradan bildim ki, Ateş Atanur Bakıya dərman gətirir və birinci əl onda olur. Mən də ondan alıb satırdım. Alınan malın qeydiyyatı mənlik deyildi. Axırıncı dəfə də DTX əməkdaşları bizi saxladı. İlk dəfə idi ki, dərmanı evə qəbul edirdim. Elə həyətdə bizi tutdular. Həmin gün dərman çox idi. Çünki 6 ay idi ki, mal gəlmirdi”.

Suallara cavab verən Anar Məmmədov özünün də aptek açdığını və satışla məşğul olduğunu bildirib: “Mən “Zeytun” şirkəti ilə müqavilə bağlayıb aptek açmışdım. Dərmanları əsasən “Zeytun” və “Avromed” şirkətlərindən alırdım. Vergi ödəyir, rəsmi qaydada işləyirdim”.

Anar Məmmədov dərmanları niyə Ateş Atanurdan almasının səbəbini belə izah edib: “Birinci əl idi və ucuz olduğu üçün ondan alırdım. Amma niyə ucuz olduğunu bilmirdim”.

Prokuror A.Məmmədova sual verərək soruşub ki, Ateş Atanurdan aldığı dərmanlar Səhiyyə Nazirliyində qeydiyyatdan keçmişdimi?

A.Məmmədov bundan xəbərsiz olduğunu qeyd edib: “Digər firmalardan aldığım dərmanlarla eyni qaydada gəlirdi. Fərqi yox idi. Qeydiyyatdan keçib-keçməməsini bilmirdim. Heç maraqlanmadım”.

Daha sonra Anar Məmmədovun vəkili müdafiə etdiyi şəxsə suallar verib. A.Məmmədov suallara cavabında təqsirləndirilənlərdən yalnız Ateş Atanuru tanıdığını, digər şəxslərlə əlaqəsinin olmadığını deyib.

Məhkəmədə keçmiş gömrük işçisi Elnur Məmmədov da ifadə verib. O, daha əvvəl Dövlət Yol Polisində inspektor vəzisində çalışıb. Gömrükdə isə leytenant rütbəsi ilə xidmət edib.

Özünü təqsirli bilməyən E.Məmmədov qeyd edib ki, gömrükdə işlədiyi müddətdə heç bir dərmanın qeydiyyata alınması, sənədləşməsi işinə baxmayıb: “Mən sadəcə malların gömrükdən çıxışına baxmışam. Skanlaşdırma şöbəsində işləyirdim və gələn malları möhürlərə uyğun buraxırdıq. Gömrükdən çıxarılan malların sənədlərində iki möhür olurdu. Gömrükdən buraxılış möhürü də var idisə, biz malın çıxışına icazə verirdik”.

Prokurorun suallarına cavab verən E.Məmmədov qeyd edib ki, mal gətirdiyi müddətdə gömrükdə heç bir problem yaşamayan şirkətlərə müəyyən güzəştlər edilib: “Bu güzəştlər sadəcə həmin şirkətlərin malının çıxarılmasında tezləşdirmə edilməsi idi”.

E.Məmmədov növbəti suallara cavabında qeyd edib ki, gətirilən mallarla onlara təqdim edilən malların qaimə fakturası eyni olub.

Malları monitordan keçirərkən səhlənkarlığa yol verdiyini etiraf edən E.Məmmədov söyləyib ki, bütün yüklərə bir-bir baxmayıblar: “Özümü qismən təqsirli bilmişəm ona görə ki, monitordan keçən malları tam yoxlamırdıq. Bir neçəsinə baxırdıq və sonra keçirirdik. Bu da qeyri-qanuni deyildi. Seçmə üsulu idi və problemsiz şirkətlərə tətbiq edilirdi”.

Prokurorun “Gömrük hospitalına gətirilən dərmanlara güzəşt edilirdimi” sualına isə E.Məmmədov belə cavab verib: “Sadəcə gömrüklə problemi olmayan şirkətlərə güzəşt edilirdi. Gömrük Hospitalı da bizim çalışdığımız müəssisəyə daxil idi və daxili inam var idi”.

Suallara cavabında E.Məmmədov nə keçmiş rəisi Sadiq Abdıyevdən, nə də başqa şəxsdən göstəriş almadığını, heç kimi də tanımadığını deyib: “Mən işə yeni başlamışdım. Hələ işin gedişatını da tam öyrənməmişdim. Burada olanlardan Cəmil Mehtiyevi də gömrükdən mal aparan şəxs kimi tanımışam”.

Xatırladaq ki, Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, 30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı belə qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunub.

BAKU.WS