SİZİN REKLAM BURADA!
055 213 76 73



Tədbirlərin birinə qatılan Xalq artisti Brilliant Dadaşova jurnalistlərin suallarını cavablandırıb.


BAKU.WS həmin sorğu-sualı təqdim edir:

- Özünüzü filmdə aktisa kimi sınamaq istərdinizmi?

- Xeyr. O haqda heç düşünməmişəm. İllər əvvəl çox sevdiyim rejissor Vaqif Mustafayevin filmində rəhmətlik Yaşar Nuri ilə kiçik bir səhnəyə çəkilmişdim. Balaca epizodik obraz idi. O vaxt universitetdə təhsil alırdım, tələbə idim. Bir dəfə də təklif almışdım, amma ssenarini bəyənməmişdim. Aktrisalığı o qədər də bacarmıram. Rus Dram Teatrında 2 gün ard-arda "O şirin, ulduzlu həyat" tamaşasında oynamışdım. Teatr başqadır. Tərəf müqabillərin peşəkar artistlərdirsə, onlarla daha da çətin olur. Mənimki musiqidir.

- Bəyənmədiyiniz ssenari nə haqda idi?

- Xasiyyətimə zidd olan şeylər idi. Mənim də öz çərçivələrim var. Deyərsiniz ki, çox konservativ düşünürəm, amma mənim çərçivələrimə uyğun deyildi. Bir az özünü idarə edə bilməyən, kənardan görməyən, əyyaşlıqla məşğul olan qadın obrazı idi. Bu, mənlik deyil.

- Ümumiyyətlə, necə filmləri sevirsiniz?

- Bilirsiniz ki, əmim Məlik Dadaşov olub. Dünyada tanına biləcək aktyor idi. Həyat və yaradıcılığı sovetlər dönəminə təsadüf etdiyinə görə alınmadı. Bildiyimə görə, ona xaricdən təkliflər də gəlmişdi. Sovet höküməti heç vaxt buna icazə verməzdi. Nə ona, nə də başqasına. Özüm heç vaxt film sevən insan olmamışam. Azərbaycan filmlərinin epizodlarını bilirəm. Filmlərin o qədər də həvəskarı olmamışam.


- Yerli filmlərimizi bəyənirsinizmi?

- Bəzilərini hə, bəzilərini isə yox.

- Ötən ilin sonlarında türkiyəli təşkilatçı Kamal Aslanla böyük bir layihəyə imza atdınız. Türkiyədə konsert verəcəkdiniz...

- Əlbəttə, hazırlıqlar gedir. Ona görə də bir neçə gün bundan əvvəl Türkiyədə idim. Bu səbəbdən də müğənni Zamiq Hüseynovun konsertində iştirak edə bilmədim. Böyük bir orkestrlə studiyada mahnı yazdırırdım. Həmin orkestrlə xalq mahnılarımızı ifa etmişəm. Hazırlıq işləri gedir. Əvvəlcədən danışmağı xoşlamıram.

- Müasir mahnılarımızda hind, fars və s. ritmlərin istifadə olunmasına münasibətiniz necədir?

- Estradamız heç yaxşı vəziyyətdə deyil. Bəzən isə muğama qulaq asırsan və deyirsən ki, bunların oxuduğu muğamdırsa, onda Hacıbaba Hüseynov, Ağaxan Abdullayev nə oxuyurdu.

- Oriyental rəqs etməyiniz tənqid olunmuşdu. Deyirlər ki, Brilliant xanım o yaşda deyil ki, qısa ətəkdə rəqs etsin...

- Tənqid ediləsi o qədər şey var ki... Kaş ki, oriyental rəqs edə bilərdim. Özümü çox xoşbəxt hiss edərdim. Birincisi, faydalıdır. İkincisi isə, bu, böyük istedad tələb edir. Sizin xətrinizə müəllim yanına gedib həmin rəqsi öyrənəcəyəm. Asan deyil. Bizim ailəmizdə, nəslimizdə oynamaq ayıb sayılmayıb. Kənd təfəkküründən uzaq insanlar olmuşuq. Bizdə başqa şeylər - ikiüzlülük, ev yıxmaq, əyyaşlıq, tərbiyəsizlik etmək ayıb sayılır. Rəqs etmək bizim üçün bir mədəniyyətdir. Yadıma gəlir ki, bir nazirimiz demişdi ki, azərbaycanlı "papyon" (kəpənək qalstuk-red.) taxmaz. Nənəmin babasının şəkilləri var. Onları bir gün üzə çıxaracağam. Nənəmin babasının boğazında "papyon" olub. Biz elə millətik ki, bizdə həmişə mədəniyyət də olub, tərbiyə də. İndi hansısa qüvvələr onu aşağı salmaq istəyir. O da onların öz vicdanına qalsın.

Hüseyn Məmmədsalahov

BAKU.WS