SİZİN REKLAM BURADA!
055 213 76 73



Fevralın 21-də Bakı Konqres Mərkəzində "ADDIM" Gənclər Təşkilatının 6 yaşı qeyd edilib və "İki yad adam" filminin təqdimatı keçirilib.


BAKU.WS xəbər verir ki, tədbirdə "İki yad adam" filminin kollektivi - Əməkdar artist Gülşad Baxşıyeva, aktyorlar Faiq Mirzəyev, Riad Abdul, ssenari müəllifi Nicat Dadaşov, eləcə də tanınmış simalar - Xalq artistləri Brilliant Dadaşova, Nisə Qasımova, Əməkdar artistlər Hüsniyyə Mürvətova, Tünzalə Ağayeva, Nərgiz Cəlilova, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, modelyer Gülnarə Xəlilova, eləcə də Gənclər və İdman nazirinin müavinləri Fərhad Hacıyev, İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Babayev, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev və başqaları iştirak ediblər.


Əvvəlcə "ADDIM" Gənclər Təşkilatının 6 il ərzində gördüyü işlərin hesabatını özündə əks etdirən videoçarx nümayiş etdirilib. Daha sonra “Caspian Media Group” şirkəti tərəfindən görkəmli yazıçı Mir Cəlal Paşayevin “Kəmtərovlar ailəsi” hekayəsinin motivləri əsasında çəkilmiş “İki yad adam” filmi geniş tamaşaçı kütləsinə təqdim edilib.


"İki yad adam" filminin layihə müəllifi və prodüseri, “ADDIM” Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə bildirib ki, bu gün gənc yaradıcı insanların üzərinə böyük ədibin irsini geniş kütləyə tanıtmaq məsuliyyəti düşür. Filmin əsasında duran “Kəmtərovlar ailəsi” hekayəsi 60 il bundan öncə yazılsa da, bu gün də öz aktuallığını qoruyub saxlayır və məhz buna görə ölkəmizin hüdudlarından kənarda da sevilir, festivallarda mükafatlara layiq görülüb.

Əməkdar artist Gülşad Baxşıyeva film haqqında fikirlərini bölüşərkən qeyd edib ki, müasir həyatla səsləşən hekayədə və onun ekran əsərində əsas qayə insanları şan-şöhrət, var-dövlət dalınca qaçmaqdansa, öz ülvi hisslərini yaşamağa, axıb gedən həyatda öz gəncliklərinin və bir-birlərinin qədrini bilməyə çağırmaqdır.

Aktyor Riad Abdulov isə bildirib ki, yaratdığı obraz bu günümüzdə də çox aktualdır. Onun sözlərinə görə, ekran əsərində bir neçə fərqli iş yerlərində, fərqli iş saatlarında çalışan və aylarla görüşə bilməyən ərlə-arvadın maraqlı ünsiyyətindən bəhs olunur.

Hüseyn Məmmədsalahov
BAKU.WS