SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən günlərdə Nazirlər Kabinetinin (NK) "Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında" silsilə qərarları ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Bu qərarlardan anlaşılır ki, meşədəki meyvələrin, yarpaqların və s. toplanması qadağandır.

BAKU.WS
  xəbər verir ki, məsələni hüquqşünas Ələsgər Əhmədoğlu sözügedən qərarları şərh edərkən müəyyən məhdudlaşdırılma və qadağaların ayrıca qoruq meşələrində, milli parklarda və xüsusi mühafizə edilən ərazilərdə mümkün olduğunu bildirdi:

" Qərarda bu istisnaları görmürük və bəhs edilən meşə meyvələrinin, yarpaqlarının toplanması birbaşa meşəyə dəyən zərər hesab edilir və hər hansı fərdi istifadə üçün fiziki şəxslərin meşədən istifadəsini istisna kimi göstərmir. Xüsusi qoruqlardan, parklardan yox, bütün meşə təsərrüfatından bəhs edir. Odur ki, qərar Konstitusiyaya və "Meşə Məcəlləsi"nə ziddir".

Hüquqşünas Azərbaycanda hüquq sistemində tez-tez ziddiyətli məqamlarla rastlaşıldığını vurğulayıb:

"Bu hallar xüsusilə sosial mediada aktiv müzakirə edilir və haqlı olaraq təəccübə, heyrətə səbəb olur. Qərarı qəbul edənlər ölkə qanunvericiliyini yaxşı incələməyiblər. Çünki, istənilən qərara dayanaq qanun olmalıdır. Nazirlər Kabinetinin dünən yenidən əl gəzdirdiyi qərar 1993-cü ilin dekabrında qəbul edilib. O zaman bu günkü Konstitusiya mövcud deyildi".

1995-ci ildən etibarən istənilən NK-nın qərarları Konstitusiyaya ziddirsə, tətbiq edilə bilməz

Ə.Əhmədoğlunun sözlərinə görə, 1995-ci ildən etibarən istənilən NK-nın qərarları Konstitusiyaya ziddirsə, tətbiq edilə bilməz: "Çünki, 1993-cü ildə qəbul olunan qərarlar 1995-ci il Konstitusiyasına ziddirsə, tətbiq edilməyəcəkdi. Bu qərarın yenilənməsi onun Konstitusiyaya uyğun yenilənməsini tələb edirdi.

Məsələnin mahiyyəti belədir: 1. Konstitusiynın 71-ci maddəsinin 9-cü bəndində deyilir ki, "IX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz." Yəni qısacası, meşədə fərdlərin öz istifadəsi üçün meyvə toplamasını Qanun qadağan etməlidir".

"Olmaz", "qadağandır", "cəriməsi var" yazılırsa, açıq hansısa Qanunun adına və müvafiq maddəsinə istnad edilməlidir

Ekspertin deyir ki, NK qərar qəbul edərkən əgər "olmaz", "qadağandır", "cəriməsi var" yazırsa, açıq hansısa Qanunun adına və müvafiq maddəsinə istnad etməlidir: "Konstitusiyanın 71-ci maddəsinin 10-cu bəndi də məhz NK kimi qərarlar qəbul edənlərə xatırlatma edir: "X. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilər". Yəni, siz səlahiyyətlərinizi Allahdan almırsınız, Konstitusiyadan alırsınız. Orada yazılmayıbsa, bütün meşələrdə giləmeyvə, meyvə, yarpaq toplamaq qadağandır, o zaman qadağa və cərimə qoya bilməzsiz".

Ə.Əhmədoğlu həmçinin əlavə edib ki, məsələnin 2-ci tərəfi Qanunla nə nəzərdə tutulduğudur: "30 dekabr 1997-ci ildə qəbul edilən "Meşə Məcəlləsi"nin 53-cü maddəsi deyir:

Maddə 53. Fiziki şəxslərin meşələrdə olması Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmadıqda, fiziki şəxslər haqqı ödənilmədən meşələrdə olmaq, şəxsi istifadələri üçün yabanı meyvə, giləmeyvə, göbələk, gərzəklilər və digər meşə sərvətləri, dərman bitkiləri, texniki xammal yığmaq, mədəni-sağlamlaşdırma, turizm və idman tədbirlərində iştirak etmək hüququna malikdirlər".

"Azərbaycan Respublikasının "Qırmızı kitab"ına düşmüş bitki və göbələk növlərinin, habelə təbii narkotik tərkibli bitki və digər xammalın yığılması, tədarükü qadağandır

Ələsgər Əhmədoğlu bildirir ki, Azərbaycan Respublikasının "Qırmızı kitab"ına düşmüş bitki və göbələk növlərinin, habelə təbii narkotik tərkibli bitki və digər xammalın yığılması, tədarükü qadağandır. Fiziki şəxslər meşədə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, ağacların və kolların zədələnməsinə, sındırılmasına, kəsilməsinə, meşə əkinlərinin korlanmasına, meşələrin zibillənməsinə, qarışqa və quş yuvalarının dağılmasına yol verməməyə, habelə Azərbaycan Respublikası qanunvericiliyinin digər tələblərinə riayət etməyə borcludurlar. Fiziki şəxslərin ov etmək məqsədilə meşələrdə olması bu Məcəllə və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Fiziki şəxslərin meşədə olması və meşə sərvətləri yığması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yanğın təhlükəsizliyi, meşə toxumçuluğu, yabanı meyvə və digər meşə sərvətləri tədarükü ilə əlaqədar olaraq qoruq meşələrində milli parklarda və xüsusi mühafizə edilən ərazilərdə isə onlar üçün müəyyən edilmiş xüsusi qaydaya müvafiq olaraq məhdudlaşdırıla və qadağan edilə bilər. Deməli, Məcəllə nəyi qadağan edir: Qırmızı kitaba düşənləri, narkotik tərkibli bitkiləri, bitkilərin və ağacların zədələnməsini.

Zülfiyyə Qurbanova
BAKU.WS