SİZİN REKLAM BURADA!
055 213 76 73



Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı başa çatandan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ukraynada yaşayan soydaşlarımız Sabir və Umud Şirinov qardaşları ilə görüşüblər.

Dövlətimizin başçısı həyatları təhlükəyə məruz qalan insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə onları “İgidliyə görə” medalı ilə təltif edib.

Trend-ə müsahibədə Şirinov qardaşları Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüş barədə təəssüratlarını bölüşüblər.

Əslən Zərdab rayonundan olan, 15 ildir ki, Ukraynanın Nikolayev şəhərində kiçik bizneslə məşğul olan Şirinov qardaşları deyib: “Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya verdikləri yüksək qiymətə - “İgidliyə görə” medalına, diqqət və qayğıya görə təşəkkürümüzü bildiririk. Etiraf edək ki, Ukraynada bizə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyimizi deyəndə bu, bizim üçün gözlənilməz oldu. Biz hətta görüş zamanı da həyəcanlanırdıq. Biz hələ də baş verənlərə inana bilmirik. Biz azərbaycanlı olduğumuz üçün fəxr edirik və Ukraynada ölkəmizi layiqincə təmsil etməyə çalışırıq”.

Umudun sözlərinə görə, onlar bu gün Bakıya gəliblər, böyük hörmət və diqqətlə qarşılanıblar. Azərbaycan və Ukrayna KİV-lərində, eləcə də sosial şəbəkələrdə azərbaycanlı qardaşların qəhrəmanlıqları barədə çoxlu xəbərlər, statuslar və şərhlər var:

“Biz özümüzü qəhrəman hesab etmirik, sadəcə insanlıq borcumuzu yerinə yetirdik. Həmin an insanları ölümdən xilas etmək lazım idi, bir neçə dəqiqəlik imkan var idi. İki dəqiqə də gec olsaydı, avtomobil içindəki ailə ilə birgə alışıb yanacaqdı. O an biz özümüz, ailələrimiz barədə fikirləşmirdik. Təhlükə içində olan ailəni xilas etmək lazım idi və biz bunu etməyə çalışdıq”.

Sabir deyib ki, Azərbaycanın şanlı tarixində xatırlanan və hörmət bəslənən çox sayda qəhrəmanlar var:

“Görüş zamanı Azərbaycan Prezidenti bizdən hadisə barədə soruşdu. Biz danışdıq, cənab Prezident isə bildirdi ki, bu, qəhrəmanlıq addımıdır. Biz başqasının bədbəxtliyinə biganə qala bilməzdik, çünki biz azərbaycanlıyıq, bizə valideynlərimiz bu cür tərbiyə verib. Nikolayevdə də azərbaycanlılar böyük ailə kimi yaşayır, biz orada təxminən 14 min nəfərik, bir-birimizə kömək etməyə və ölkəmizi layiqincə təmsil etməyə çalışırıq. Biz Ukraynada özümüzü evdəki kimi hiss edirik”.

Böyük qardaş Umud Trend-ə daha sonra belə bir əhvalat danışdı: “Evdə bu hadisə haqqında biləndə, hamı narahat olmuşdu. Anam isə dedi: “Oğlum, heç olmasa biriniz bu hərəkəti edərdiniz, biriniz da gözləyərdiniz” (gülür). Maraqlıdır, o, kimi nəzərdə tuturdu – məni, yoxsa Sabiri (gülür)? Anam əlbəttə ki, bizi itirməkdən qorxurdu. Hamı bizdən soruşur ki, biz həyatımızı riskə ataraq, bu hərəkəti necə etdik? Amma uşaq ağlayan anda, biz necə dayana bilərdik? Necə kömək etməyə bilərdik? Hər insan bu dünyadan gedəcək, hamıya müəyyən müddət verilib - əsas odur ki, hansı əməlləri edirsən. Etiraf edim ki, mən qıraqdan biganəliklə baxmaqdansa, ölməyə hazır idim, və bu yüksək sözlər deyil, bu, azərbaycanlının sözüdür”.

Xatırladaq ki, hadisə yanvarın 19-u baş verib. Umud və Sabir Şirinov qardaşları işlədikləri "İngül” kafe-hotelindən geri qayıdan zaman TIR-dan qoşqunun ayrıldığını görüb və maşını saxlayıblar.

Hadisə yerinə yaxınlaşanda yük maşınından 40-50 metr aralıda, yol kənarında minik avtomobilinin çevrildiyini, salonunda uşağın ağladığını görüblər.

"Böyük qardaş (Ümid) sürücüyə, nə dayanıb baxırsınız, kömək edin, yanan maşından uşağı və sərnişinləri niyə çıxarmırsınız?”, - deyə müraciət etdikdə, ətrafdakılar artıq gec olduğunu və özlərini riskə atmaq fikrində olmadıqlarını deyib.

Şirinov qardaşları isə sayıqlığı itirməyiblər. Onlar hər saniyənin qiymətli olduğunu anlayıblar. Öz həyatlarını təhlükəyə ataraq, yanan cipdən uşağı çıxarmağa başlayıblar.

Onlar avtomobilin əvvəl yan şüşəsini sındırıb, ancaq bu, heç bir nəticə verməyib. Sabir baqajı sındırıb, oradan avtomobilə daxil olmağı təklif edib. Beləcə, onlar yanan maşından uşağı, sonra isə anasını çıxarıblar. Qabaq oturacaqların arasında isə ata çıxılmaz vəziyyətdə qalıb. Bu arada, alov tədricən yanacaq çəninə doğru irəliləyib. Hamı çığırıb: "Qaçın! İndi partlayacaq”. Şirinov qardaşları, açıq-aşkar təhlükəyə baxmayaraq, baqajdan daxil olaraq, oturacağı sındırıblar və huşsuz vəziyyətdə olan atanı çıxarıblar. Təxminən bir dəqiqədən sonra qaz balonu partlayıb.

Ukrayna KİV-i Şirinov qardaşlarının ailəni xəstəxanaya yerləşdirdikdən sonra, uşağın bütün xəstəxana xərclərini qarşıladıqlarını yazır.

Qeyd edək ki, daha əvvəl Şirinov qardaşları Ukraynanın dövlət mükafatı Müqəddəs Nikolay Xaçı ilə təltif olunub. Bu mükafat Ukraynanın ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəçilərinə və insanların həyatını xilas edənlərə təqdim olunur.

Şirinov qardaşları Nikolayev vilayətində Ukrayna Azərbaycanlılar Konqresinin üzvüdür.

BAKU.WS