SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 9.75%-dən 9.25%-ə endirilməsi haqda qərar qəbul edib.

BAKU.WS xəbər verir ki, faiz dəhlizinin yuxarı həddi 11.25%, aşağı həddi isə 7.25% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib. Qərar 1 fevral 2019-cu ildən qüvvəyə minir.

İdarə Heyətinin pul siyasətinə dair son toplantısından keçən dövr ərzində inflyasiya gözlənilən meyil üzrə dəyişmiş, aşağı birrəqəmli səviyyədə qalmışdır.

İnflyasiyanın yüksəlməsi riskləri nisbətən səngiməkdədir. Qəbul edilmiş makroiqtisadi sabitlik çərçivəsi, xarici sektor göstəricilərinin yaxşılaşması, valyuta bazarında tarazlı vəziyyətin davam etməsi, inflyasiyanın faktiki səviyyəsinin və qiymət artımı gözləntilərinin aşağı olaraq qalması, fiskal qaydaların qəbul edilməsi monetar şəraitin normallaşdırılmasının davam edilməsinə imkan verir. Eyni zamanda bir sıra daxili və xarici inflyasiya amilləri, riskləri nəzərə alınmaqla pul siyasətinin antiinflyasyon xarakteri saxlanılır.

İnflyasiya prosesləri.

Son 2 ayda qiymətlərin dinamikasına təsir göstərən amillər başlıca olaraq mövsümi və birdəfəlik xarakter daşıyır. Monetar şərait inflyasiyaya məhdudlaşdırıcı təsir göstərməkdə davam edir. Nəticədə dekabrda aylıq inflyasiya cəmi 0.8% təşkil etmişdir. Dekabrda istehlak səbətinə daxil olan məhsulların 31%-nin qiyməti dəyişməmiş, 15%-nin qiyməti azalmışdır. Bahalaşan məhsulların əsas hissəsinin qiymət artımı 2%-dən aşağı olmuşdur.

2018-ci ilin yekunu üzrə isə orta illik inflyasiya 2.3% olmuşdur ki, bu da ötən illə (12.9%) müqayisədə 10.6 faiz bəndi azdır. Beynəlxaq praktikada başlıca inflyasiya göstəricisi kimi istifadə olunan qiymət indeksinin 12 aylıq dəyişimi 1.5% olmuşdur ki, bu da əvvəlki illə (7.9%) müqayisədə 6.4 faiz bəndi azdır. Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsullarının qiymət dəyişimi nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2018-ci ildə 1.8% təşkil etmişdir.

İnflyasiya gözləntiləri və proqnozlar.

İdarə Heyətinin pul siyasətinə dair son toplantısından keçən dövr ərzində biznes sektorunun inflyasiya gözləntiləri ticarət sektorunda azalmış, xidmət, qeyri-neft emal sənayesi və tikintidə cüzi artmışdır. Ev təsərrüfatlarının inflyasiya gözləntiləri isə minimal səviyyədə sabit qalmışdır. Ümumilikdə iqtisadi subyektlərin inflyasiya gözləntiləri faktiki inflyasiya ətrafında sabitləşməkdədir.

Xarici şərait.

2018-ci ilin sonuncu rübündəki azalmanın ardınca neftin dünya qiyməti 2019-cu ilin yanvar ayında artıma meyil etmiş və bir barrelə görə 60 ABŞ dolları səviyyəsinə qayıtmışdır. Neftin qiyməti dekabrın sonundakı dib nöqtəsi ilə müqayisədə 20%-dən çox artmışdır.
Bu dövrdə ticarət tərəfdaşı olan ölkələrin maliyyə bazarlarında və dünya əmtəə qiymətlərinin dinamikasında daxili inflyasiyaya və gözləntilərə əhəmiyyətli təsir göstərəcək proseslər müşahidə edilməmişdir.

Cari ilin yanvar ayında ölkənin strateji valyuta ehtiyatlarının 3% artaraq 46 mlrd. ABŞ dollarını üstələməsi tədiyə balansının profisitli olaraq qaldığını təsdiq edir.

İqtisadi aktivlik.

İqtisadi artım tempinin 2018-ci ilin 4-cü rübündə, xüsusən də dekabr ayında yüksəlməsi müşahidə edilmişdir. 2018-ci ilin sonuna iqtisadi artım 1.4% təşkil etmişdir. İqtisadi artım qeyri-neft sektorunda 1.8% olmuşdur ki, bu da əsasən ticari sektordan qaynaqlanmışdır. Qeyri-neft sənayesində 9.1%, kənd təsərrüfatında 4.6% artım müşahidə olunmuşdur.

Mərkəzi Bank tərəfindən həyata keçirilən real sektorun monitorinqi əsasında hesablanan biznes inam indeksi iqtisadiyyatın bütün sahələri üzrə artım nümayiş etdirir. Ev təsərrüfatı üzrə sorğuların nəticələrinə əsasən istehlakçı inamı indeksi də pozitiv zonadadır və artmaqda davam edir.
İnflyasiya riskləri. İnflyasiyanın risk balansında sabitləşdirici amillərin rolu artmaqdadır.

Artıq tətbiqinə başlanmış makroiqtisadi çərçivə inflyasiyanın hədəf daxilində saxlanılmasını dəstəkləyir. Cari ilə və ortamüddətli dövrə milli iqtisadiyyatın sabitlik parametrləri Mərkəzi Bankın pul-kredit siyasətinin əsas istiqamətləri haqqında son bəyanatında və 2019-cu ilə dövlət büdcəsində öz əksini tapmışdır. Profisitli tədiyə balansı və manatın məzənnəsinin dayanıqlığı, eləcə də faktiki aşağı qiymət artımının yaratdığı gözləntilər inflyasiyaya stabilləşdirici təsir göstərir.

“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2018-ci il tarixli Fərmanında makroiqtisadi sabitliyin dayanıqlığının gücləndirilməsi üçün əlavə tədbirlərin müəyyən edilməsi və reallaşdırılması haqqında Azərbaycan hökumətinə göstərişlər verilmişdir. Bununla bağlı müvafiq tədbirlər planının layihəsi hazırlanmışdır.

Bir sıra xarici və daxili risk amilləri də öz potensialını saxlayır. Xarici amillərə qlobal iqtisadi artımın zəifləməsi fonunda dünya neft bazarında qiymətlərin volatillik potensialı və ticarət tərəfdaşı olan ölkələrin maliyyə bazarlarında məzənnə dəyişkənliyi ilə bağlı qeyri-müəyyənliklər aiddir. Daxili amillərə isə vergi islahatlarının və kredit aktivliyinin məcmu tələbə təsirlərinin miqyası və davamlılığı aiddir.

Monetar şərait.

Mərkəzi Bank tərəfindən monetar şəraitin normallaşdırılması istiqamətində qərarlar inflyasiyanı hədəf çərçivəsində saxlamaqla iqtisadi artımın potensial səviyyədə davam etməsinin dəstəklənməsi arasında balansın saxlanılmasına xidmət edir. İdarə Heyətinin pul siyasətinə dair son toplantısından keçən dövr ərzində monetar şərait bir neçə amildən təsirlənmişdir. Manatla pul bazası hökumət hesabları qalığının dəyişimindən asılı olaraq dəyişmişdir. Real sektorun kreditlərə olan tələbinin artması bankların likvidliyə olan tələbini yüksəldir ki, bu da depozitlər üzrə faiz dərəcələrinə artırıcı təsir göstərir. Fiziki şəxslərin manatla müddətli əmanətlərinin yüksək sürətlə (2018-ci ildə 23.6%) artmaqda davam etməsi milli valyutada yığımların cəlbedici olduğunu göstərir.

Mərkəzi Bank bundan sonra da faiz dəhlizinin parametrlərinə dair qərarlarını inflyasiyanın faktiki və proqnoz səviyyəsi, habelə risk ssenarilərinin reallaşması səviyyəsindən asılı olaraq verəcəkdir.

Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti açıqlaması 2019-ci il mart ayının 15-də ictimaiyyətə təqdim ediləcəkdir.

BAKU.WS