SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda yol polisi sürücünü saxlatdırıb, lakin bunun səbəbini izah edə bilməyib.


BAKU.WS xəbər verir ki, bu barəsə sosial şəbəkələrədə video yayılıb. Görüntülərdə bildirilir ki, 394 saylı YOL polisi əməkdaşı sürücünü saxlatdırıb.

Sürücü saxlanma səbəbini soruşduqda, inspektor bunu izah edə bilməyib. Sadəcə vətəndaşın tanış gəldiyini və bu səbəbdən də, onu saxladığını bildirib.

Daha sonra heç bir açıqlama vermədən gedib.

Məsələ ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsilə əlaqə saxladıq. İdarənin bölmə rəisi Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, istənilən halda yol polisi ilə bağlı görüntülər yayılan zaman araşdırmalar aparılır.

“Mətbuatda yazılıb-yazılmamasından asılı olmayaraq, yol polisi və onun fəaliyyətilə bağlı video yayılırsa, bu mütləq araşdırılır”, - deyə qurum rəsmisi bildirib.

Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsilə əlaqə saxladıq.

İdarənin şöbə rəisi Rüfət Quliyev yol hərəkəti qaydalarını pozan, yol polisi tərəfindən saxlanıldıqda tabesizlik göstərən və onların videosunu çəkərək sosial şəbəkələrdə yayan bəzi sürücülərə xəbərdarlıq edib.

Bu barədə Baş Dövlət Yol Polisi Idarəsindən (BDYPI) BAKU.WS-a məlumat verilib.

R.Quliyev qeyd edib ki, “Son vaxtlar yol polisi əməkdaşları tərəfindən saxlanılan bəzi sürücülər bilərəkdən inspektorlara qarşı qərəzli hərəkətlər göstərərək tabesizlik nümayiş etdirirlər:

"Onlar bu cür vəziyyətləri avtomobildə quraşdırılmış videoqeydiyyat cihazi vasistəsilə qeydə alaraq sosial şəbəkələrdə yayır və özlərini haqlı çıxarmağa çalışırlar.

Bəziləri isə həmin videolarda yol polisinə qarşı tabesizlik göstərməsini, cərimə yazılmadan yola davam etməsini "qəhrəmanlıq" kimi qələmə verməyə çalışır.

Lakin unudurlar ki, polis yollarda bu sürücülərin təhlükəsiz, sağ-salamat evlərinə qayıtması üçün xidmət aparır”, - deyə R.Quliyev bildirib.

Qurum rəsmisi deyir ki, bir halı da nəzərə almaq lazımdır ki, hər bir sürücü yol-patrul xidməti əməkdaşının "saxla" işarəsinə tabe olmalı, müvafiq qaydada sənədləri təqdim etməlidir:

“Zərurət yarandıqda isə polisin tələbi ilə avtomobili tərk etməlidir. Unutmamalıyıq ki, YPX əməkdaşları təkçə yollarda yol hərəkəti təhlükəsizliyinin və yol hərəkəti qaydalarının təmin olunmasına nəzərət etmir, eyni zamanda Daxili İşlər Orqanlarının əməkdaşı kimi cinayətkarlığa qarşı mübarizə tədbirlərində də iştirak edir”.

Ziya SƏCCAD
BAKU.WS