SİZİN REKLAM BURADA!
055 213 76 73



"Artıq 15 ilə yaxındır ki, biz birlikdə ötən ili yola salırıq, keçmiş illə vidalaşırıq və yeni ili qarşılayırıq".

Bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 28-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində uşaqlar üçün keçirilən ənənəvi bayram şənliyində çıxışı zamanı deyib.

Birinci vitse-prezident bildirib ki, 2018-ci il ölkəmiz üçün çox əlamətdar il idi: "Yüz il bundan əvvəl Azərbaycan xalqı müsəlman dünyasının ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətini yaratmışdır. Bu il - 2018-ci ildə biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini həm ölkəmizdə, həm bir sıra xarici dövlətlərdə ən yüksək səviyyədə qeyd etmişik. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa oldu. Lakin bu qısa zamanda ölkəmiz, xalqımız üçün çox vacib olan addımlar atıldı, qərarlar qəbul edildi. İlk çoxpartiyalı parlament fəaliyyətə başladı, ölkəmizin bayrağı təsis edildi, qızlar üçün ilk dünyəvi məktəb fəaliyyətə başladı, Azərbaycan Ordusu yaradıldı. Biz bu il, həmçinin Azərbaycan Ordusunun 100 illiyini qeyd etdik. Bu münasibətlə ölkəmizin baş meydanında keçirilən möhtəşəm parad bir daha göstərdi ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır, istənilən vəzifəni icra etməyə qadirdir və hazırdır. Biz bu il, həmçinin Bakının azad olunmasının 100 illiyini birlikdə qeyd etdik".

"Ölkəmizin tarixində şərəfli yer tutan bütün bu hadisələrin yüksək səviyyədə keçirilməsi onu göstərir ki, müstəqil Azərbaycan bu gün böyük uğurla inkişaf edir. Azərbaycan bu gün güclü, qüdrətli ölkədir. Azərbaycan dünya xəritəsində öz layiqli yerini tutub. Azərbaycan öz sözünü söyləyən, öz maraqlarını qoruyan dövlətdir. Biz inanırıq ki, siz – bu günün uşaqları, bu günün gəncləri gələcəkdə Azərbaycanın inkişafına, ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə öz töhfənizi verəcəksiniz", - deyə Mehriban Əliyeva qeyd edib.

BAKU.WS