SİZİN REKLAM BURADA!
055 213 76 73



"Günah televiziyalarda yox, tamaşaçılardadır"


Bu sözləri BAKU.WS-ə açqıqlamasında Xəzər TV-nin Musiqi Departamentinin rəhbəri, tanınmış radio və televiziya aparıcısı Şəhla Vakkas (Çiçək) deyib.

Ş. Vakkas bayağı verilişlərin yüksək reytinq verməsinin səbəbini tamaşaçılarda gördüyünü dilə gətirib:

"Televiziyaları çox nahaq yerə qınayırlar. Bizim yüksək səviyyəli verilişlərimiz də var. Deyirlər ki, televiziyalar elə verilişlər hazırlasa, tamaşaçılar da izləyəcək. O qədər elə verilişlər var ki... Niyə o zaman həmin verilişlərin reytinqi aşağıdır, çox izlənilmir? İnandırım sizi ki, əgər izləyicilər elə səpkidə verilişlərə reytinq qazandırsalar, hər şey qaydasında olar".


"Bir şeyi də bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, bütün kanallarda, xüsusilə də özəl kanallarda "yüksək səviyyəli" adlandırılan bütün verilişlər var. Gəlin, qınalınan, "niyə efirdə var?" və o yüksək intellektual səviyyəsi olan verilişlərə baxaq. Görün aralarında nə qədər reytinq fərqi var. İzləyici gərək baxsın ki, kanal da ona uyğun verilişlər yaratsın. Kanaldan, verilişdən reytinq tələb olunur. Reytinq yüksək olduqca da sponsorlar çox olur. Sponsor reytinqli verilişə gəlir. Bu məqamda kanal nə edə bilər? Ən azından həmin kanalda çalışan əməkdaşların maaşı verilməlidir axı. Televiziyanı boşuna günahlandırırıq. Doğru verilişləri izləmək lazımdır".


Tanınmış aparıcı verilişlərə dəvət olunan bayağı müğənnilər barədə də fikirlərini bölüşüb: 

"Bayağı müğənnilər efirə çıxanda reytinq yüksəlirsə, bu, yenə də izləyicinin günahıdır. Sənətkar adlandırdığımız dəyərli müğənnilər efirə çıxanda onları izləsələr, hamı elə onları çağıracaq. Kanallar say-seçmə sənətkarları verilişlərinə çağırmaqda da çətinlik çəkirlər. Dəyər verdiyimiz həmin sənətkarlar deyirlər ki, kanallara bayağı müğənnilər çıxır. Mən də onlardan soruşmaq istəyirəm ki, sizi çağıranda niyə gəlmirsiniz?".

Hüseyn Məmmədsalahov
BAKU.WS