VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Mübariz İbrahimov haqqında mənfi fikirlər səsləndirən xanım peşəkar psixoloq olsun. Peşəkar psixoloq heç vaxt belə fikir səsləndirməz. Ola bilsin ki, gənc xanımdır və psixoloq olmaq iddiasındadır. Peşəkar psixoloq heç vaxt Azərbaycan Milli Qəhrəmanı haqqında belə aşağılayıcı ifadələrə yol verməz".

BAKU.WS teleqraf.com-a istinadən bildirir ki, bu sözləri millət vəkili Musa Quliyev psixoloq Nərmin Şahmarzadənin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında söylədiyi fikirləri şərh edərkən deyib.

"Şəhid statusu haqqında" qanunun olduğunu xatırladan Musa Quliyev əlavə edib ki, bu qanuna əsasən, hər hansı bir şəkildə şəhid adının aşağılanması, təhqir edilməsi və ya hörmətsiz davranış birbaşa cinayət məsuliyyəti yaradır:

"Eyni zamanda Mübariz İbrahimov müasir dövrümüzdə Azərbaycanın qəhrəmanlıq simvoludur. Belə bir simvolu aşağılamaq, təhqir etmək, qəhrəmanlığını heçə endirmək və bunu cinayət əməlinə oxşatmaq mənəviyyatsızlıq, milli dəyərlərə hörmətsizlik və "Şəhid statusu" haqqında qanunu pozmaqdır".

Deputat əlavə edib ki, özünü psixoloq kimi təqdim edən şəxs ictimaiyyət qarşısında günahını etiraf edərək, geri çəkiləcəksə, Mübariz İbrahimovun ailəsindən üzr istəyəcəksə, bu zaman onun məsuliyyətə cəlb edilməsinə ehtiyac qalmayacaq: "Yox, əgər səhv və xəstə fikirlərini davam etdirəcəksə, bu halda hüquq-mühafizə orqanları bu işlə məşğul olmalıdır. Çünki şəhidin təhqir edilməsi, habelə qəhrəmanın əməlinin cinayət kimi ictimailəşdirilməsi məsuliyyət yaradır".

BAKU.WS